Məhkəmə qərarları › İş №2(043)-603/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-603/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-603/2020 04.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) x1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 03 fevral 2015-ci ildə anadan olmuş uşağı Leyla ilə birlikdə Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 7-ci döngədə yerləşən 30A nömrəli evə köçürülməsi və istifadə hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnəmə üzrə nümayəndəsi və vəkili H.Salahov iddianı müdafiə edib, izahatında göstərdiki, cavabdeh iddiaçının qaynatasıdır. İddiaçı 26 aprel 2014-cü ildə cavabdehin oğlu Alıyev Röyal Əbülfət oğlu ailə quraraq hazırki mübahisəli evə gəlin köçmüşdür. Nikahlarını 28 sentyabr 2015-ci ildə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə aldırmışlar. İddiaçının cavabehin oğlu ilə birgə nikahlarından 03 fevral 2015-ci ildə Leyla adlı uşaqları anadan olmuşdur. İddiaçının cavabdehin oğlu ilə ailə münasibətləri baş tutmadığından Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 03 fevral 2015-ci ildə anadan olmuş Leyla iddiaçının yanında qalmışdır. İddiaçı cavabdehlə birgə təsərrüfatı aparmış, gəlin köçən zaman iddiaçıya məxsus bütün cehiz əşyaları ailə üzvlərinin razılığı ilə cavabdehə məxsus Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 7-ci döngədə yerləşən 30A nömrəli evə yığılmış və hazırda da həmin evdədir. Hazırda iddiaçı qızı ilə birlikdə gəlin köçdüyü evdə yaşamaq istəyir, lakin cavabdeh iddiaçını və uşağını həmin evə buraxmadığı üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri, M.Y. Axundzadə küçəsi, 7-ci döngədə yerləşən 30A nömrəli ev onun mülkiyyətindədir. İddiaçı onun keçmiş gəlnidir. İddiaçı onun oğlu Röyal ilə 2015-ci ildə ailə quraraq ona məxsus hazırki evə gəlin köçmüş və bir müddət yaşadıqdan sonra oğlu ilə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahları pozulmuşdur. Hazırda iddiaçı uşağı ilə atası evində yaşayır. İddianın təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -DƏDRX-i tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, M.Y. Axundzadə küçəsi, 7-ci döngədə yerləşən 30A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli, 2(043)- 4094/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Alıyev Röyal Əbülfət oğlu arasında 28 sentyabr 2015-ci ildə bağlanmış nikah pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncəşəhəri, Kəpəz rayonu, M.Y. Axundzadə küçəsi, 7-ci döngədə yerləşən 30A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehin oğlu ilə 2015-ci ildə ailə quraraq cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüş və 02 avqust 2017-ci il tarixdə cavabdehin oğlu ilə aralarında olan nikahları pozulmuşdur. İddiaçı iddia edir ki, cavabdehin oğlu ilə ailə qurub mübahisəli evə gəlin köçərkən cavabdehlə birgə təsərrüfat aparmış, gəlin köçərkən özünə məxsus bütün cehiz əşyaları cavabdehin və ailə üzvlərinin razılığı ilə cavabdehə məxsus evə yığılmış və hazırda da həmin evdədir. Hazırda azyaşlı uşağı ilə birlikdə gəlin köçdüyü evdə yaşamaq istəmiş, lakin cavabdeh onu və uşağını həmin evə buraxmadığı üçün məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək iddianı mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri həmin yaşayış sahəsindən təyinatıüzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında deyilir: «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailəüzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailəüzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailəüzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).» Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir: «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinəəsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, hazırki işüzrə iddiaçı olan İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququ verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququ verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar