Məhkəmə qərarları › İş №2(043)-603/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-603/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-603/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ərizəçi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyası maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək X7 06 yanvar 1987-ci il tarixdə Göygöl rayonu Quşqara kəndində X6 tərəfindən doğulması, X9 isə onun atası olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X10 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində qeydiyyatsız yaşayan X11 06 yanvar 1987-ci il tarixdə atası X16 ilə X2nın birgə yaşayışları dövrdə doğulmuşdur. X2 Azərbaycan Respublikasının vətəndaşı, atası X16 isə Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Anasının dediyinə görə onunla atasının rəsmi nikahları olmamışdır, faktiki nikah münasibətində olmuşlar.Atası və anası Azərbaycanda bir yerdə az müddət yaşadıqdan sonra T.Məmmədovun atası anasından ayrılmış və Gürcüstan Respublikasına getmişdir.T.Məmmədovun anası isə Göygöl rayonu Quşqara kəndində yaşamağa başlamışdır. Həmin vaxt Teymur anadan olmuşdur. O, atasını görməmişdir və tanımır. Hazırda da onunla heç bir əlaqəsi yoxdur. Atasına məxsus hər bir hansı sənəd də onda mövcud deyildir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğundan ona aid hər hansı sənədi də əldə edilməsi mümkün olmamışdır. Anasının T.Məmmədova dediyinə görə o, 06 yanvar 1987-ci il tarixdə anadan olmuşdur. Savadsızlıq və maddi imkansızlıq ucbatından anası onun doğumunu qeydə aldırmamışdır. Bu vaxta kimi onun kimliyini təsdiq edən heç bir sənəd almamışdır. Anası 18 avqust 2012-ci ildə Göygöl rayonunda vəfat etmişdir. Bildiyinə görə anasını Şamaxı rayonunda dəfn ediblər.T.Məmmədov hazırda tək yaşayır. O, özü doğum haqqında şəhadətnamə əldə etmək üçün aidiyyəti orqanlara müraciət etsə də həmin sənədi əldə edə bilməmişdir. Ona görə də doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(043)-319/2021 nömrəli qətnaməsi ilə T.Məmmədovun ərizəsi təmin edilməmişdir. Daha sonra həmin qətnamədən şikayət vermişdir.Gəncə Apellyasiya Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2(104)-3193/2021 nömrəli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardad da ona izah edilmişdir ki, qanunvericiliyin tələbinə əsasən onun şəxsiyyəti müəyyən olunmadığından özü məhkəməyə müraciət etmək hüququna malik deyildir. Ona görə də T.Məmmədovun ərizəsi baxılmamış saxlanılmışdır. Sözügedən qərardaT.Məmmədova izah edilmişdir ki, onun atalığının, ana mənşəyinin və doğum faktının müəyyən edilməsi üçün yaxın qohumları, qonşuları və marağı olan digər şəxslər, eləcə də yerli icra hakimiyyəti orqanının qəyyumluq və himayəçilik komissiyası məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də Teymur Məmmədov atalığının, ana mənşəyinin və doğum faktının müəyyən edilməsi üçün Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən məhkəməyə müraciət edilməsi üçün Kəpəz Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmişdir. Qeyd olunan müraciətə Komissiyanın iclasında baxılmış və Teymur Məmmədovun atalığının, ana mənşəyinin və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Teymur Məmmədov hazırda acınacaqlı vəziyyətdə yaşayır. Sənədi olmadığından heç bir yerdə işləyə bilmir, hər hansı yerdən gəliri yoxdur. Həmçinin yaşayış yeri yoxdur.Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Məhsəti qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli 63 nömrəli arayışdan görünür ki, X4 şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində qohumu X8 məxsus evdə qeydiyyatsız olaraq yaşayır. 27.02.2020-ci il tarixli aktda göstərilmişdir ki, həqiqətən X1 olmadığı üçün Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamasını qohumu X13 təsdiq etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 25.03.2021-ci il tarixli məktubundan görünür ki, X7 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən şübhəli və ya təqsirləndirilən şəxs qismində axtarış qərarı çıxmamış, həmçinin barəsində hər hansı bir cinayət işi yoxdur. 25.01.2022-ci il tarixli protokoldan çıxarışdan görünür ki, X7 doğum faktının müəyyən edilməsi üçün aidiyyati üzrə komissiya tərəfindən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə əsassız oluğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- AM) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. AM-in 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi ərizəsində X7 06 yanvar 1987-ci ildə anadan olmasını lakin anadan olarkən doğumunun qeydə alınmamasını göstərsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı 33 il ərzində X7 öz doğumunun qeydə alınması və müvafiq sənədlərin əldə olunması ilə bağlı hər hansı orqana müraciət etməməsini məhkəmə işin halarına uyğun hesab etmir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar