Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-667/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X14 və vəkili X9 iştirakları ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə vəfat etmiş atası X2 miras qalmış, Gəncə şəhəri, Atatürk küçəsi, 32 nömrəli evin sahəsi 19.3 kv/m olan bir otaqlı 1 nömrəli mənzili, xx.xx.2018-ci ildə vəfat etmiş anası X10 miras qalmış Gəncə şəhəri Z.Hacıyev küçəsi, 33 nömrəli evin sahəsi 19.8 kv/m olan bir otaqlı 3 nömrəli mənzili və xx.xx.2020-ci ildə vəfat etmiş qardaşı X3 miras qalmış Atatürk küçəsi, 32 nömrəli evin, yaşayış sahəsi 20 kv/m olan bir otaqlı 6 nömrəli mənzili vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X20 ərizəni müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi ilə Atatürk küçəsinin kəsişməsində yerləşən 32 nömrəli binanın, üç nömrəli mənzili ərizəçinin ailəsinə məxsusdur. Mənzillər bir-birinə bitişik, hər biri bir otaqlı olmaqla, ayrı-ayrı vaxtlarda onun ailəsi tərəfindən alınmışdır. Mənzillərdən biri mərhum atasının, biri mərhum anasının, biri də, mərhum qardaşının adınadır. Mənzillərdən sahəsi 19.3 kvm 1 yaşayış otağından ibarət,ünvan 1 ünvanda olan 1 otaqlı mənzil atası X4, digər 19.8 kvm 1 yaşayış otağından ibarət, Z.Hacıyev küçəsində yerləşən 33 nömrəli binanın 3 nömrəli mənzili anası X13 və sahəsi 20 kvm 1 yaşayış otağından ibarət, Z.Hacıyev küçəsində yerləşən 32 nömrəli binanın 6 nömrəli mənzili mənzili qardaşı X6 mülkiyyətində olmuşdur. Hər üç mənzil ərizəçinin ailəsinin ümumi birgə istifadəsində olmuşdur və faktiki olaraq ümumi birgə mülkdür. Ərizəçinin atası X7 xx.xx.2016-cı ildə ölmüşdür. Onun anası Tünzalə ilə nikahı formal olaraq xeyli əvvəl pozulduğuna baxmayaraq, faktiki bir yerdə yaşamışlar. Ərizəçinin atası Oleq 2016-cı ildə öldüyü üçün ondan miras qalan 1 nömrəli 1 otaqlı mənzilə aid vərəsəlik işi açılmışdır. Atasının 1-ci dərəcəli vərəsələri ərizəçi və onun qardaşı İftixar olmuşlar. Hər ikisi faktiki olaraq həmin evdə yaşamaqla mirası qəbul etmişlər. Ərizəçinin anası X17 xx.xx.2018-ci ildə ölmüşdür.Ərizəçinin anasından miras qalmış Z.Hacıyev küçəsi, 33 nömrəli evin 3 nömrəli mənzili də ərizəçi və qardaşı İftixar vərəsəlik qaydasında edərək idarə etmişlər.Ərizəçinin qardaşı X11 xx.xx.2020-ci ildə Gəncə şəhərində ölmüşdür. Ərizəçinin qardaşı İftixarın ailəsi olmadığından və yeganə vərəsəsi ərizəçi olduğu üçün qərdaşından miras qalmış əmlakı da ərizəçi qəbul edərək idarə etmişdir. Hazırda ərizəçinin valideynlərindən və qardaşından miras qalmış bütün əmlakları onların yeganə vərəsəsi olan ərizəçinin istifadəsində və sahibliyindədir. Mülki qanunvericiliyin tələbinə görə, vərəsə qanunla müəyyən olunmuş müddətdə notariusa ərizə vermək yolu ilə ya da, mülkə faktiki sahiblik və idarəçiliyi həyata keçirmək yolu ilə mirası qəbul edə bilər. Ərizəçi atası Oleq və anası Tünzalənin vəfatından sonra qardaşı İftixarla birgə notariat orqanına ərizə verməsə də, faktiki olaraq evin idarəçiliyini həyata keçirmişlər. Valideyinlərinin 1-ci dərəcəli vərəsəsi olduğuna görə və mirası faktiki qəbul etdiyinə görə, onların adlarına olan mənzillərin qanuni mülkiyyətçisi sayılırlar. Bundan sonra qardaşı İftixarın vəfatı ilə əlaqədar evin ona aid hissəsinə açılmış mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə verməmişdir. İftixarın birinci dərəcəli vərəsələri olmadığına görə, onun qardaşı olaraq ikinci dərəcəli vərəsəsi kimi, eyni zamanda ümumi evin faktik mülkiyyətçisi kimi, mirası ərizəçi qəbul etmişdir. Hesab edir ki, ərizəçinin bütöv mirasa sahiblik və idarəçiliyi həyata keçirən şəxs kimi, həmin mirasa bütövlükdə onun mülkiyyət hüququ vardır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili X15 ərizənin nümayəndəsinin izahatına uyğun çıxış edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. Mərhum qardaşı X7 xx.xx.2016-cı ildə vəfat etmişdir. Qardaşı Oleqin iki uşağı İlham və İftixar olmuşdur. İftixar ailəli olmamışdır. İftixar xx xxxxx 2020-ci il tarixdə vəfat etmişdir. İlham atası, anası və qardaşının yeganə vərəsəsidir və həmin miras əmlakları o idarə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisi oğludur. X1 iki oğlu, İftixar və İlham olmuşdur. İftixar ailə qurmamışdır. İftixar 2020-ci ildə vəfat etmişdir. Mərhumların hal-hazırda sağ olan yeganə vərəsələri Ərizəçidur və həmin əmlakları da o idarə edir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 23095 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Z.Hacıyev küçəsi 33 nömrəli binada yerləşən ümumi sahəsi 19.8 kv/m olan 1 yaşayış otağından ibarət 3 nömrəli mənzil X13 mülkiyyətindədir. Gəncə Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 23121 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 nömrəli binada yerləşən ümumi sahəsi 19.3 kv/m olan 1 yaşayış otağından ibarət 1 nömrəli mənzil X4 mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Z.Hacıyev küçəsi 32 nömrəli binada yerləşən ümumi sahəsi 38,5 kv/m olan 1 yaşayış otağından ibarət 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına qeydə alınmışdır. xx.xx.1977-ci il tarixli, İV-JQ 464870 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X17 qeyd edilmişdir. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X19 xx.xx.1979-cu ildə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X17 qeyd edilmişdir. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 130748 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə ölmüşdür; 871616 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2018-ci ildə ölmüşdür; Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 056027 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə ölmüşdür; Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 419 nömrəli arayışdan görünür ki, X6 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin, vəkilinin izahatlarını və şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 nömrəli binada yerləşən ümumi sahəsi 19.3 kv/m olan 1 yaşayış otağından ibarət 1 nömrəli mənzil ərizəçinin mərhum atası X2 miras qalmışdır. Ərizəçinin atası X7 xx.xx.2016-cı ildə vəfat etmişdir. Gəncə şəhəri, Z.Hacıyev küçəsi 33 nömrəli binada yerləşən ümumi sahəsi 19.8 kv/m olan 1 yaşayış otağından ibarət 3 nömrəli mənzil isə mərhum anası X10 miras qalmışdır. X17 xx.xx.2018-ci ildə vəfat etmişdir. Onların yeganə vərəsələri Ərizəçi və X11 olmuşdur. X11 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra adına olan Gəncə şəhəri, Z.Hacıyev küçəsi 32 nömrəli binada yerləşən ümumi sahəsi 38,5 kv/m olan 1 yaşayış otağından ibarət 6 nömrəli mənzil miras qalmışdır. Ərizəçi faktiki olaraq qed olunan miras əmlaklara sahiblik etmiş və bütövlükdə həmin mirasları idarə etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə ərizəyə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mərhum atasından, anasından və qardaşından miras qalmış əmlakları faktiki olataq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum atası X2 miras qalmış ünvan 1 nömrəli binada yerləşən 1 nömrəli mənzili, mərhum anası X10 miras qalmış Gəncə şəhəri, Z.Hacıyev küçəsi 33 nömrəli binada yerləşən 3 nömrəli mənzili və mərhum qardaşı X3 miras qalmış Gəncə şəhəri, Z.Hacıyev küçəsi 32 nömrəli binada yerləşən 6 nömrəli mənzili vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi mərhum atası X2 miras qalmış ünvan 1 nömrəli binada yerləşən 1 nömrəli mənzili, mərhum anası X10 miras qalmış Gəncə şəhəri, Z.Hacıyev küçəsi 33 nömrəli binada yerləşən 3 nömrəli mənzili və mərhum qardaşı X3 miras qalmış Gəncə şəhəri, Z.Hacıyev küçəsi 32 nömrəli binada yerləşən 6 nömrəli mənzili vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-667/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-667/2021
24.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver