Məhkəmə qərarları › İş №2(043)-681/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-681/2021

02.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-681/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 49 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, ünvan 1 49 ünvanda yerləşən mənzildə hər birinin 1/8 hissədə payı mövcuddur. Həmin mənzil əvvəllər iddiaçılar İddiaçı1 və İddiaçı3 atalarına məxsus olmuşdur. O, xx xxxx 2010-cu ildə vəfat etmişdir. Hazırda həmin mənzildə mərhum atalarının ikinci həyat yoldaşı Cavabdeh və ondan doğulan uşağı yaşayır. Cavabdeh onları evə buraxmır. Onların yaşamağa başqa evləri yoxdur, kirayədə yaşayırlar. Cavabdeh onların mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 hər biri ayrı-ayrılıqda iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(043)-638/2014 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 miras qalmış Gəncə şəhəri, 4-cü mikrorayon, 1 saylı evin, 49 nömrəli mənzili üzərində hər birinin 1/8 hissədə məcburi payı müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(104)-1083/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(043)-638/2014 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X5 Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak üzərində İddiaçı2, İddiaçı1 və İddiaçı3 hər birinin 1/8 hissədə, X2 isə 5/8 hissədə paylı mülkiyyət hüququ vardır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qeyd olunan müddəaların mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 1 saylı evdə yerləşən, 49 saylı mənzil X3 məxsus olmuşdur. O, xx.xx.2010-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında onun anası İddiaçı2 Cəlal qızı, qızları İddiaçı1 və İddiaçı3 X1 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 1 saylı evdə yerləşən, 49 saylı mənzil üzərində hər birinin 1/8 hissədə məcburi payı müəyyən edilmiş və bundan sonra onların paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda isə həmin mənzildə mərhumun arvadı Cavabdeh yaşayır və o, iddiaçıların paylı mülkiyyətlərində olan mənzilə köçmələrinə və orada yaşamalarına maneçilik törədir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, iddiaçılar onların paylı mülkiyyətində olan əmlaka sahiblik və istifadə etmək hüquqlarına malikdirlər. Lakin, cavabdehin hərəkətləri onlara həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvan 3 49 ünvanda yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı2, İddiaçı1 və İddiaçı3 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 1-də yerləşən 49 nömrəli mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar