Məhkəmə qərarları › İş №2(043)-70/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-70/2022

15.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-70/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və giriş-çıxış qapısının bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən 100 m2 torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə qoyduğu giriş-çıxış qapısının bağlanması və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 məhkəmədə ona məxsus Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100 kv.m torpaq sahəsindən sərbəst istifadə edilməsi, Gəncə şəhəri DOS-102 ünvanında yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə ona giriş-çıxış yolunun verilməsi barədə iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3576/2019 saylı iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı X4 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1631/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1631/2020 nömrəli, 14 sentiyabr 2020-ci il tarixli qətnaməsindən narazı qalaraq həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin l4.04.2021-ci il tarixli 2(102)-2691/21 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin 17.03.2017-ci il tarixli, 529 nömrəli sərəncamına əsasən cavabdeh X3 Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100 kv.m torpaq sahəsi ayrıldığını iddia etsə də onun həmin torpağa subyetiv hüququnun mövcud olması barədə istinad etdiyi Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin 17.03.2017-ci il tarixli, 529 nömrəli sərəncamında həmin 100 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə və ya istifadəsinə verilməmişdir və həmin Sərəncam Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən 27.09.2019-cu il tarixdə ləğv edilmişdir. Hal-hazırda ona məxsus Gəncə şəhəri, Xəqani küçəsində yerləşən 100 kv.m torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə qoyduğu girişçıxış qapısının bağlanması zərurəti yaranmışdır. Cavabdehə dəfələrlə müraciətlərinə baxmayaraq onun tərəfindən qoyulmuş giriş-çıxış qapısını ləğv etmir. Əlavə olaraq bildirir ki, 05.01.2004-cü il tarixli, 11694 saylı Qeydiyyat Vəsiqəsi ilə ünvan 3 ünvanda yerləşən yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 bildirdi ki, o, özünə məxsus olan torpaq sahəsindən qanuni əsaslarla istifadə edir. Bununla belə, iddiaçının göstərdiyi hissədə torpaq sahəsini boşaldıb ona təhvil verməyə hazırdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 26 aprel 2017-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, 111 saylı evdə yerləşən mənzil Gəncə rayon Mənzil İstismar Hissəsinin 28.04.1994-cü il tarixli 400 saylı arayışı və 02.0.1994-cü il tarixli 196 saylı qərarı, 4 saylı notariat kontorunun 03.05.1994-cü il tarixli özəlləşdirmə müqaviləsinə əsasən Tux Yekaterina İvanovnanın adına özəlləşdirilmiş, 1 saylı Notariat Kontorunun 10.05.1994-cü il tarixli 3M-3-466 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil İddiaçı satılmış və bu barədə Kəpəz rayonu üzrə 29 nömrəli reyestr kitabında 16.05.1994-cü il tarixdə 11694 nömrə ilə qeydiyyat aparılmışdır. 1994-cü ilin arxiv məlumatlarına əsasən mənzil 24.1 m2 iki yaşayış otağı, 12,7 m2 köməkçi sahədən ibarətdir. İş materiallarında olan 05.01.2004-cü il tarixli 11694 saylı qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, ünvan 4 ünvanda yerləşən yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri, Kəpəz rayonu DOS-102, 111 nömrəli yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, yaşayış evinin 567 m2 (27x21 m) ölçüdə həyətyanı torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(102)-2691/2021 nömrəli qərarından görünür ki, X2 İddiaçı qarşı 100 m2 torpaq sahəsindən sərbəst istifadə edilməsinə maneənin aradan qaldırılması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməklə ona giriş-çıxış yolunun verilməsi tələblərinə dair iddiasının rədd edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddianın rədd edilməsinin əsası kimi göstərilmişdir ki, Cavabdeh özünə məxsus olduğu torpaq sahəsinin onun qanuni istifadəsində olmasını sübuta yetirə bilməmiş, həmin torpaq sahəsinin coğrafi mövqeyi, koordinatları, ölçüsü və s. barədə sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 10/5657 nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, İddiaçı məxsus olan, ünvan 5 ünvanında yerləşən evin qarşısında cavabdehin istifadə etdiyi torpaq sahəsi və onun giriş-çıxış qapısının iddiaçının mənzilindən sərbəst istifadə etməsinə hər-hansı maneə yaratmadığı müəyyən edilir. Lakin cavabdeh tərəfindən iddiaçının həyətyanı torpaq sahəsinə tərəf əlavə girişçıxış qapısı quraşdırılaraq iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin bir hissəsinin dəmir torla hasarlanıb istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Gəncə şəhəri, DOS-102, 111 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin fərdi yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin sahəsinin ölçüsü 567 m2 (27x21) göstərilmişdir. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi olmasa da torpaq sahəsi onun yaşadığı evin həyətyanı sahəsi olmaqla iddiaçı həmin torpaq sahəsinə faktik sahiblik və istifadə edir. Cavabdehin həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur. Mülki iş üzrə təyin edilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasından cavabdehin iddiaçının həyətyanı torpaq sahəsinə tərəf əlavə giriş-çıxış qapısı quraşdıraraq iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin bir hissəsinin dəmir torla hasarlayıb istifadə etdiyi müəyyən edilmişdir. İddiaçı torpaq sahəsinin zəbt edilmiş hissəsinin 100 m2 olduğunu iddia etsə də həmin fakt məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, məhkəmə ünvan 5 ünvaında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının faktik sahibliyində və istifadəsində olmasını, cavabdehin heç bir hüququ olmadan həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək giriş-çıxış qapısı qoymasını, nəticədə iddiaçının torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının sahibliyində və istifadəsində olan 567 m2 torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh çıxarılmalı, torpaq sahəsi boşaldılaraq iddiaçıya qaytarılmalı və həmin torpaq sahəsində quraşdırılmış əlavə giriş-çıxış qapısı cavabdehin hesabına sökülməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. Məhkəmə, iddianın təmin edilmiş hissəsini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri cavabdeh X1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 05 yanvar 2004-cü tarixli 11684 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının sahibliyində və istifadəsində olan 567 m2 həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdeh X5 çıxarılsın, torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın və həmin torpaq sahəsində quraşdırılmış əlavə giriş-çıxış qapısı cavabdehin hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar