Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-73/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh ilə aralarında 22 dekabr 2020-ci il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4250 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 2450 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin dekabr ayında yeni aldığı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.0 kvm olan 221 saylı mənzilini təmir etdirmək üçün internet vasitəsi ilə tapdığı “Təmir və tikinti” işləri üzrə özünü usta kimi təqdim edən Cavabdeh ilə əlaqə saxlamış, sonuncu Yeni Günəşli qəsəbəsi V-yaşayış sahəsi ev 13M ünvanında yerləşən ümumi sahəsi 58.0 kv.m olan 221 saylı mənzilə gəlib baxış keçirib, təmir xərclərini qiymətləndirmiş və müəyyən etmişdir ki, ümumilikdə təmirə 6970 manat xərci çıxacaqdır. 22 dekabr 2020-ci ildə Cavabdeh ilə o, Bakı şəhəri 32 saylı notariat ofisində görüşərək, 22.12.2020-ci il tarixli podrat müqaviləsi bağlamışlar. Müqavilənin şərtinə əsasən o, mənzilin əsaslı təmirinin hər kv.m sahəsi üçün 120 manat olmaqla, ümumilikdə 6960 manat ödəniş etməyi, cavabdeh isə mənzili 28.02.2021-ci il tarixə kimi təmir edib, ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə qeyd olunduğu kimi ilkin olaraq o, 2000 manat ödəniş etmiş, yerdə qalan məbləği 28.02.2021-ci il tarixə kimi hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra, yanvar ayının əvvəlləri 2250 manat və yanvar ayının 22-si isə 1000 manat məbləğində pulu Cavabdeh təqdim etmişdir. Müqavilənin şərtinə əsasən, podratçı 28.02.2021-ci il tarixə kimi ona məxsus mənzili təmir etməli idi. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, hələ də mənzili təmir olunmamışdır. O, baş verənlərə aydınlıq gətirmək üçün Cavabdeh müraciət etmiş, X2 hər dəfə ona yalan vədlər verərək, təmirin tamamlanacağı barədə söz versə də lakin təmir işləri tamamlanmamışdır. Ona aydın olmuşdur ki, cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Təmir işləri üçün ümumilikdə 5250 manat ödəniş etməsinə baxmayaraq, mənzilində cəmi 1000 manat dəyərində təmir işləri görülmüş, evinin təmiri yarıda qalmışdır. Belə olan halda o, pretenziya məktubu ilə Cavabdeh müraciət edərək, müqavilə üzrə öhdəsinə götürdüyü təmir işlərini tamamlamadığına görə, ödədiyi 5250 manat pulumun 4250 manat hissəsinin ona qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh onun pretenziya məktubuna heç bir cavab verməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirdi ki, onunla cavabdeh arasında müqavilə bağlanmışdır. O, müqavilə üzrə götürdüyü öhdəliyi müqavilələrdə nəzərdə tutulan qaydada icra etmiş, lakin cavabdeh tərəf müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. O, mübahisənin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsi istiqamətinə zəruri tədbirlə aparmışdır, lakin danışıqlar pretenziya qaydasında həll olunma heç bir nəticə verməmişdir və o, öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2020-ci il tarixli podrat müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sifarişçi İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi V-yaşayış sahəsi ev 13M ünvanında yerləşən ümumi sahəsi 58.0 kvm olan 221 saylı mənzilin əsaslı təmirini Cavabdeh sifariş edir. İcraçı mənzilin əsaslı təmirinin hər kv. m üçün 120 manat məbləğində təklif edir və hazırkı müqavilə üzrə sifariş edilmiş mənzilin təmir sahəsi tərəflər arasında razılaşdırılaraq 6960 manat müəyyən edilmişdir. Sifarişçi müqavilə üzrə müəyyən edilmiş 2000 manat vəsaiti notariusun depozit hesabı vasitəsilə avans formasında ödəyir və pulun qalıq hissəsini müqavilə bağlandığı tarixdən 28.02.2021-ci il müddətinə kimi hissə-hissə ödənilməsini təmin edir. İcraçı təmir edilmiş mənzili 28.02.2021-ci il tarixə qədər sifarişçiyə təhvil verir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzinə dair foto-şəkildən görünür ki, Cavabdeh hesabına 11 yanvar 2021-ci il tarixdə 2250 manat məbləğində pul köçürülmüşdür. İddiaçı Nəbiyev Ruslan İkram oğluna ünvanlandığı pretenziya məktubundan görünür ki, Cavabdeh 22 dekabr 2020-ci il tarixli podrat müqaviləsinin şərtlərini yerinə yetirmədiyi üçün müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması və əks təqdirdə yaranan mübahisənin həlli üçün barəsində məhkəmədə iddia qaldırılması barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021ci il tarixli, 10/4347 nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56 kv. m olan 221 saylı mənzilin təmirinin dəyəri (materiallara sərf olunmuş vəsait və zəhmət haqqı daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1800 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya məxsus evdə təmir işləri aparmaq üçün iddiaçı cavabdehə 2000 manat məbləğində avans qismində pul vermişdir. Bu hal podrat müqaviləsində öz əksini tapmışdır. Daha sonra iddiaçı cavabdehə müqavilə üzrə 2250 manat məbləğində pul ödəmişdir ki, bu hal da iş materiallarına əlavə olunmuş ödəniş qəbzi ilə təsdiq olunur. Cavabdeh 28.02.2021-ci il tarixədək mənzili təmir edib təhvil verməyi öhdəsinə götürsə də mənzildə ümumilikdə 1800 manat dəyərində təmir işləri görmüş və təmiri başa çatdırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi ilə nəzərdə tutulan vaxt və qaydada mənzilin təmir işlərini yekunlaşdırmağı öhdəsinə götürsə də öhdəliyi tam yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Belə ki, iddiaçı ümumilikdə cavabdehə təmir xərcləri üçün ümumilikdə 4250 manat məbləğində pul ödəmişdir. Ekspert rəyinə əsasən görülmüş işlərin dəyəri 1800 manat təşkil edir. Yəni, sifarişçi tərəfindən ödənilən 4250 manat pulun müqabilində podratçı cəmi 1800 manat dəyərində sifariş yerinə yetirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, yerinə yetirilməyən sifarişə görə ödənilmiş 2450 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 100 manat puldan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumu cavabehdən tutulub iddiaçıya veriməli, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2450 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul alınaraq iddiaçı X1 verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-73/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-73/2022
27.01.2022 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver