Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-733/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi və onun vəkili X6 iştirakı ilə, Ərizəçi “huquqi əhəmiyyəti faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi cəlb edilməklə “huquqi əhəmiyyəti faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda 0.4 ha torpaq sahəsində yerləşən sahələri 22.0 kv.m, 20.0 kv.m yaşayış otaqları, 10.6 kv.m mətbəx, 27.2 kv.m xidmət otağı olan “A” literli yaşayış binası, 17.6 kv.m yaşayış otaqları, 4 kv.m mətbəxi, 25.2 kv.m açıq eyvanı olan “B” literli yaşayış binası, 158.8 kv.m “V” literli tövlə, 7.4 kv.m “Q” literli hamamdan ibarət olan fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 265 saylı sərəncamı əsasında “Leyla” şəxsi ticarət və sənaye müəssisəsinə kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün Gəncə şəhəri "Quru Qobu" adlanan ərazidə 5 nomrəli Qocalar evinin yardımçı təsərrüfat sahəsinin şimal hissəsində 0.7 ha torpaq sahəsi ayrılmışdır. Bu müəssisəyə həmin ərazidə fəaliyyətini genişləndirmək üçün və işçilərin yaşayış tərzini yaxşılaşdırmaq məqsədi ilə Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 4267 saylı sərəncamı əsasında daha 0.5 torpaq sahəsi ayrılmışdır. “Leyla” şəxsi ticarət və sənaye müəssisəsinin işçisi olmuş X7 həmin sərəncamlar və layihə əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsinin, 200 kv.m sahəsini X9ma satmış və 400 kv. m sahəsində, sahələri 22.0 kv.m, 20.0 kv.m yaşayış otaqları, 10.6 kv.m mətbəx, 27.2 kv.m xidmət otağı olan “A” literli yaşayış binası, 17.6 kv.m yaşayış otaqları, 8.4 kv.m mətbəxi, 25.2 kv.m açıq eyvanı olan “B” literli yaşayış binası, 158.8 kv.m “V” literli tövlə, 7.4 kv.m “Q” literli hamam tikərək 2003-cü ilin dekabr ayında ona satmışdır. O, 2003-cü ildə X4 mülkün alqı-satqısı üçün 12.000 ABŞ dolları məbləğində nağd pul ödəmiş və bu haqda Təranədən qəbz alaraq, o dövrdən həmin ünvanda olan evə köçmüşdür. Alqı-satqı zamanı onlar Təranə ilə belə razılaşmışdır ki, o mülkün sənədlərini hazırlayıb ona verəcək və onlar alqı-satqını notariat kontorunda rəsmiləşdirəcəklər. Lakin həmin vaxtdan bir neçə il ötsə də X7 evin sənədlərini düzəltməmişdir. Yalnız 2008-ci ildə bir dəfə Təranə ilə görüşüb onun əri X1 mülkün alqı-satqısına dair razılıq ərizəsi və Təranədən etibarnamə almışdır. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Gəncə şəhəri, Elxan Məmmədli küçəsi, 29 saylı ünvanda 0.4 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin 3 saylı Gəncə Ərazi İdarəsi onun ərizəsini təmin etməyərək göstərmişdir ki, “fərdi yaşayış evinin qanuni əsaslarla əldə edilməsinə dair sənədlərin tərəfinizdən təqdim edilmədiyi üçün müraciətiniz təmin edilməmişdir”. Hətta 2014-cü ildə həmin fərdi yaşayış evinə Daşınmaz əmlakın texniki pasportu tərtib edilmiş, lakin o sənəd təqdim edə bilmədiyi üçün texniki pasport təsdiq edilməmişdir. “Leyla” şəxsi ticarət və sənaye müəssisəsi” idarəsi hazırda fəaliyyət göstərmir, həmin idarə tamamilə ləğv olunduğundan X4 ayrılmış torpaq sahəsinə dair həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmirlər. Buna görə də o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, bildirdi ki, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRX-in 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin hüququnun qeydə alınmasından imtina olunduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmin torpaq sahəsini X2 almışdır. Lakin, torpaq sahəsinin üzərində əvvəllər nə onun, nə də X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili X10 ərizəni müdafiə edərək bildirdi ki, ərizəçinin mülkiyyət hüququnun qeydə alınması başqa cür olmadığından məhkəmə qaydasında daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Maraqlı şəxs DƏDRX-in 3 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********69 saylı məktubundan görünür ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilən və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında göstərilən əsaslardan biri əsasında aparılır. Yuxarıda qeyd edilənlər nəzərə alaraq, fərdi yaşayış evinin qanuni əsaslarla əldə edilməsinə dair sənədlərin tərəfinizdən təqdim ediləcəyi təqdirdə müraciətlərinə qanunamüvafiq olaraq baxılacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Gəncə filialının xx xxxxxx 2008-ci il tarixli 255-a/3 saylı arxiv arayışından görünür ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992-ci il tarixli 4267 saylı sərəncamına əsasən, “Leyla” kiçik müəssisəsinin xx.xx.1992-ci il tarixli 06 nömrəli məktubunu nəzərə alaraq, müəssisənin fəaliyyətini genişləndirmək, kənd təsərrüfatı işləri ilə məşğul olması və işçilərin yaşayış tərzini yaxşılaşdırmaq məqsədi ilə mövcud ərazinin yanında 0,5 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yer üzərində ölçülüb ayrılması və “Leyla” kiçik müəssisəsinin lazımi sənədlərlə təmin edilməsi şəhərin baş memarı Ə.Z.Məmmədova tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Gəncə filialının xx xxxxxx 2008-ci il tarixli 255/3 saylı arxiv arayışından görünür ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992-ci il tarixli 265 saylı sərəncamına əsasən, “Leyla” şəxsi ticarət və sənaye kiçik müəssisəsinin xx.xx.1991-ci il tarixli 02 nömrəli məktubunu nəzərə alaraq, müəssisənin fəaliyyətini genişləndirilməsi və Kənd təsərrüfatı işləri ilə məşğul olması üçün həmin müəssisəyə “Quru-Qobu” adlanan ərazidə, 5 nömrəli Qocalar evinin yardımçı təsərrüfatı sahəsinin şimal hissəsində 0,7 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yer üzərində ölçülüb ayrılması və layihə tərtibi üçün ilkin sənədlərin verilməsi şəhərin baş memarı Ə.Məmmədova tapşırılmışdır. Ayrılan torpaq sahəsinin istifadəsi üçün torpaq rentası və kommunal xidmətlərə görə müqavilə bağlanılması “Leyla” şəxsi ticarət və sənaye kiçik müəssisəsinə və kommunal təsərrüfatı istehsalat bitliyinə tapşırılmışdır. Ayrılan torpaq sahəsinin mənimsəmə müddəti altı ay müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 2 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, X8 arvadı X5 ayrılmış Gəncə şəhəri, Elxan Məmmədli küçəsi, 29 saylı ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin və üzərində inşa edilmiş daşınmaz əmlakın satılmasına razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin tələbi ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə məhkəmənin işə baxa bilməsi üçün ilk növbədə faktın mövcud olması, daha sonra bu faktın hüquqi əhəmiyyətli olması və son olaraq ərizəçinin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməsinin mümkünsüzlüyü şərtləri tələb olunur. Mövcud olmayan faktın müəyyən edilməsinə dair ərizə ilə müraciət edildikdə isə ərizəçi adətən başqa qaydada baxılması nəzərdə tutulan tələbi xüsusi icraat qaydasında verilməli tələb kimi təqdim edir. Hazırkı halda da ərizəçinin əsl məqsədi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması olduğu halda daşınmaz əmlak üzərində mülkiyyət hüququ üzrə sahiblik, sərəncam və istifadə vermək faktının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Halbuki, ərizəçinin ərizəsindən və özünün izahatından da görünür ki, ərizəçinin ərizənin predmeti olan daşınmaz əmlak üzərində heç vaxt mülkiyyət hüququ mövcud olmamışdır. Belə olan halda mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsindən söhbət gedə bilməz. Ərizəçinin məqsədi daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması olduğundan ərizəçiyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək, müraciəti təmin olunmadıqda isə yuxarı inzibati orqana və ya inzibati məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “huquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata ərizəyə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-733/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-733/2021
16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver