Məhkəmə qərarları › İş №2(043)-735/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-735/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-735/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil 14.12.1978-ci il tarixli 968 saylı orderlə anası X2 verilmişdir. Mənzil iki otaqdan ibarət olmaqla sahəsi 30,5 kv/m təşkil edir. Mənzil anasına verilərkən orderdə anası X4, atası X11 və iddiaçının özü göstərilmişdir. İddiaçının anası Qasımova Nazxanım 18.12.1985-ci ildə vəfat edibdir. Anasının vəfatından sonra atası Məmmədov İsax ikinci dəfə Cavabdeh1 ilə nikahsız ailə qurmuşdur. İddiaçının atası İsax Məmmədov ailə qursa da idiaçının yaşadığı hazırki mənzildə yaşamamışdır. Yeni ailəsi ilə kirayədə yaşamışlar. Ancaq bəzən sözügedən mənzildə də qalmışlar. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1991-ci il tarixli, qətnaməsinə əsasən Cavabdeh1 iki uşaqları ilə birlikdə hazırki iddiaçının yaşadığı mənzilə köçürülməsi və mənzildən istifadə hüququ verilməsinə baxmayaraq iddiaçının atasının ikinci arvadı Cavabdeh1 və ondan doğulmuş uşaqları 30 ildən artıqdır ki, köçüb başqa ünvanda yaşayırlar. Baxmayaraq ki, 30 ildən artıqdır cavabdehlər iddiaçının istifadəsində olan mənzildə yaşamırlar, ancaq formal olaraq qeydiyyatda qalmaqdadırlar. ünvan 1 ünvanda iddiaçı və ailəsi yaşayırlar. Mənzilin kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. Cavabdehlər mənzildə yaşamasalar da onların qeydiyyatda olmaları səbəbindən ailə sayına görə əlavə xərclər yaranır. Həmçinin cavabdehlərə aid məktublar, çağırışlar onun ünvanına gəlir.Ona görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qətnamə əsasında sözügedən mənzilə köçürülmüşlər. Bir aydan artıq həmin ünvanda yaşamışlar lakin iddiaçı tərəflə mübahisə olduğundan 30 il olar ki, orada yaşamırlar. Hesab edir ki, onların həmin mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması barədə məhkəmə qətnaməsi olduğundan iddia rədd edilməlidir. Cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Digər Cavabdeh3 qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş lakin həmin ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə Cavabdeh3 sonuncu yaşayış üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla, MPM-in 147 və 185.5-ci maddələrinə əsasən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- 14.12.1976-cı il tarixli 968 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 verilmiş və İddiaçı orderdə ailə üzvü kimi qeyd olunmuşdur. İİİ-JQ 319103 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 18.12.1985-ci il tarixdə ölmüşdür. Yaşayış yeri üzrə qeydiyyat haqqında 05.01.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Kəpəz rayon Xalq Məhkəməsinin 1991-ci il tarixli, 2-153 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 iki uşaqları ilə birlikdə Gəncə şəhəri, İ.Cəfərov küçəsi, 10 nömrəli evin, 44 nömrəli mənzilnə köçürülməsi və ona həmin mənzildə istifadə hüququ verilməsi qət edilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-in 11 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olmalarına baxmayaraq uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. 25.01.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 25 ildən artıq vaxdır ki, ünvan 1 ünvanda yaşamırlar. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 11.01.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehlərin ünvan 1 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Hazırki iş üzrə İddiaçı dövlət mənzil fonduna aid olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 10 nömrəli evin 44 nömrəli mənzilindən istifadə hüququ olan şəxs kimi cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının itirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin mübahisə olunmayan hallarından görünür ki, Kəpəz rayon Xalq Məhkəməsinin 1991-ci il tarixli, 2-153 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 iki uşaqları ilə birlikdə Gəncə şəhəri, İ.Cəfərov küçəsi, 10 nömrəli evin, 44 nömrəli mənzilnə köçürülməsi və ona həmin mənzildə istifadə hüququ verilməsi qət edilmişdir. Göründüyü kimi, Cavabdeh1, X6 və Cavabdeh3 Gəncə şəhəri, İ.Cəfərov küçəsi, 10 nömrəli evin, 44 nömrəli mənzilndən istifadə hüququ yaranmış və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Lakin, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 10 nömrəli binanın sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, İ.Cəfərov küçəsi, 10 nömrəli evin, 44 nömrəli mənzilndə qeydiyyatda olan Cavabdeh1, X8 və Cavabdeh3 (qızı 29.07.2018-ci il tavəlləüdlü Cavabdeh4 ilə) həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq, 25 ildən artıq vaxtdır ki, həmin mənzildə yaşamırlar.Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh2 da 30 ildir ki, həmin mənzildə yaşamadıqlarını bildirmişdir. Beləliklə, cavabdehlərin Gəncə şəhəri,İ.Cəfərov küçəsi,10 nömrəli evin,44 nömrəli mənzilndə uzun müddət yaşamamaları, o cümlədən həmin mənzildən daimi yaşamaq üçün köçmələri işdə iştirak edən şəxslərin izahatları və işin digər halları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamamaları səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişlər. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamamaları və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməmələri, yalnız onların başqa yaşayış sahəsinə köçmələri ilə izah oluna bilər. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bununla belə yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi”ndən bəhs edən 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər 30 il müddətdir ki, mübahisəli mənzildə yaşamırlar, daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmişlər.Bu müddət ərzində onlar mübahisəli mənzildə yaşamağa cəhd göstərməmişlər və ya həmin mənzilə köçməklə bağlı məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərindən və ən azından onların 30 il müddətində mübahisəli mənzildə yaşamamaları müəyyən edildiyindən, onların həmin mənzildən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 azyaşlı uşağı Cavabdeh4 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi 10 nömrəli evin 44 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından idiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 azyaşlı uşağı Cavabdeh4 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi 10 nömrəli evin 44 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar