Məhkəmə qərarları › İş №2(043)-752/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-752/2022

16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-752/2022 16.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Ərizəçi torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi Şəmkir rayonu, Q.İsmayılov kəndində yerləşən 1996-2000-ci illərə dair təsərrüfat başına kitabın 902-ci şəxsi hesabında qeyd edilmiş 0,25 ha torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçi ərizəsində torpaq sahəsinin qeydiyyata alınması üçün maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət etdiyini, lakin burada ona sənəddə soyadının “Muxasili” əvəzinə “Mühasimli” yazıldığı bildirildiyini və buna görə də mülkiyyət hüququnun qeydə alınmasından imtina edildiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Göründüyü kimi ərizəçinin ərizəsində göstərdiyi, torpaq sahəsinin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən müəyyən edilən hüquqi əhəmiyyətli fakt deyildir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması məhkəmələrin yox, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinin səlahiyyətlərinə aiddir. Bununla yanaşı ərizəçinin ərizəsinin məzmununa uyğun olaraq müəyyən olunur ki, ərizəçinin hüquq müəyyənedici sənəddə göstərilən soyadı ilə şəxsiyyətini təsdiq edən sənəddəki soyadı arasında uyğunsuzluq vardır. Belə olan halda ərizəçi ilk növbədə hüquq müəyyənedici sənədi vermiş orqana (indiki halda Şəmkir rayon İcra Hakimiyyəti başçısının Ağlavaşlı kənd İƏD üzrə nümayəndəliyinə) sənəddə düzəliş edilməsi barədə müraciət etməlidir. Beləliklə, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməli, ərizəçiyə hüquq müəyyənedici sənəddəki yanlışlığa düzəliş edilməsi üçün həmin orqana müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi torpaq sahəsinin şəxsə məxsus olması barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə hüquq müəyyənedici sənəddəki yanlışlığa düzəliş edilməsi üçün həmin orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar