Məhkəmə qərarları › İş №2(043)-775/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-775/2021

27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-775/2021 27.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi) hüquqi əhəmiyyəti olan faktının müəyyən olunmasına dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X1, anası Novruzova Bənövşə Xanoğlan qızı olmaqla xx.xx.1988-ci ildə Ermənistanın Vardenis rayonunun Bala Mərzə kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, Ərizəçi ərizəni imzalamadan ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə göndərmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələbinə əməl olunmadığı üçün Ərizəçi (maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi) hüquqi əhəmiyyəti olan faktının müəyyən olunmasına dair ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan Ərizəçi təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Digər tərəfdən, ərizənin məzmunundan görünür ki, Ərizəçi doğumu Ermənistan Respublikasında qeydə alınmış, bu barədə ona doğum haqqında şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamə naməlum şəraitdə itmişdir. Bu səbəbdən məhkəmə prosessual qənaət prinsipi baxımından Ərizəçi izah edir ki, o, “doğum faktının müəyyən edilməsi” barədə deyil, “doğumunun qeydə alınması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etməsi daha doğru olar. Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar