Məhkəmə qərarları › İş №2(043)-776/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-776/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-776/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsiz hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3saylı Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsiz hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 9, 33 saylı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********54-05101-093002 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 bildirdi ki, mübahisəli mənzil onun və mərhum həyat yoldaşı Bağırov Cəlalın işlədiyi zavoddan onlara verilmişdir. Cavabdeh2 qanunsuz yolla həmin mənzili özünün və oğlunun adına özəlləşdirmişdir. Bundan isə əri vəfat etdikdən sonra mirası qəbul etmək istədikdə xəbər tutmuşdur. Mənzilə dair orderdə həyat yoldaşı ilə yanaşı özünün və uşaqlarının da adı olsa da mənzil onların razılığı və məlumatı olmadan özəlləşdirilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək digər iddiaçı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 mənzilin atası Bağırova Cəlala məxsus olduğunu, lakin keçmiş gəlinləri Cavabdeh2 qanunsuz olaraq həmin mənzili özəlləşdirdiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsində göstərilmişdir ki, hazırki işdə iddiaçı olan İddiaçı1 ilə X1 xx xxxx 1964-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar və onların birgə evliliyindən 4 uşaqları İddiaçı2, İddiaçı3 və Cavabdeh1 anadan olmuşdur. Digər oğlan övladları Valeh isə təxminən 3-4 aylığında rəhmətə getmişdir. X2 Bağırovun evli olduğu dövrdə Cəlal Bağırov uzun müddət Gəncə Alüminium zavadonda işlədiyinə görə ona altı nəfərdən ibarət ailə üzvləri ilə birlikdə hazırda yaşadığımız Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 saylı evin dörd otaqlı yaşayış sahəsi 47,29 kv.m olan 33-cü mənzil verilmişdir. Lakin sonradan yəni, Gülkəz Bağırovun müraciətinə cavab olaraq Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktub və ona əlavə olunmuş sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, həmin mənzil hazırki iş üzrə cavabdehlərin adma özəlləşdirilmiş və həmin mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Lakin Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9, 33 saylı mənzilə dair verilmiş orderdə iddiaçıların adları olduğu halda mənzilin özəlləşdirilməsi və özgəninkiləşdirilməsi barədə məlumatsız olmuşlar. Ona görə də özəlləşdərirmənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhəri Ərazi İdarəsinin xx.xx.2006-cı il tarixli 40 saylı qərarından çıxarışdan görünür ki, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi, 9/33 ünvanda yerləşən, dövlət mənzilinin Cavabdeh2 adına özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 31.1.4.-cü bəndində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanların sırasına aid edilmişdir. Qeyd olunan normalardan göründüyü kimi özəlləşdirmə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən qərar həmin inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan fəaliyyətindən irəli gəlir və inzibati akt hesab olunur. Belə ki, mülki mübahisələrlə inzibati mübahisələri fərqləndirən əsas əlamətlərdən biri tərəflərin subyekt tərkibi, eləcə də mübahisənin mahiyyətidir. Hazırkı tələbdə cavabdeh qismində xüsusi subyekt, yəni inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi iştirak edir. Mübahisədən göründüyü kimi inzibati orqan burada mülki hüququn bərabərhüquqlu subyekti kimi yox, dövlət mənzil fondunun özəlləşdirilməsi sahəsində qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasını həyata keçirən dövlət orqanı kimi çıxış edir. İddiaçının iddia tələbindən aydın görünür ki, o, mübahisəli əmlakın inzibati orqan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi) tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına özəlləşdirilməsini və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən bu əmlaka mülkiyyət hüququnun qeydə alınmasını qanunsuz hesab edir. Bu mübahisə mülki-hüquqi əqdlərdən yaranan mübahisə olmadığından mülki mühakimə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1 və 2.2.5-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən “inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibati-iqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçılara izah olunur ki, özəlləşdirmənin ləğv olunması və ya etibarsız hesab edilməsi, eləcə də həmin özəlləşdirmə nəticəsində yaranmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi barədə tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsiz hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar