Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-799/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Cavabdeh4 və Gəncə şəhəri 3 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" KB ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Cavabdeh4 və Gəncə şəhəri 3 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" KB ASC ilə aralarında 3 və 4 saylı Gəncə şəhəri Notariat Kontorunda bağlanmış 22 noyabr 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üzrə cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsində aparılmış dövlət qeydiyyatına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. Belə ki, ərizədə cavabdehlərdən ünvan ünvanı düzgün qeyd olunmamış (“Gəncə şəhəri, Ruhi-Əsəb Xəstəxanasının yanı” kimi yazılmışdır) və belə olan halda cavabdehə poçt göndərişlərinin çatdırılması mümkün deyildir. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmiş və irəli sürülmüş tələbin əsaslandığı hallar iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçının iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatına xitam verilməsidir. Həmin tələblərdən ipoteka müqaviləsinin etibarsızlığı tələbi ipoteka müqaviləsinin tərəfləri olan Unibank KB ASC-yə və Cavabdeh4 yönəlmişdir. İpotekanın qeydiyyatının ləğvi tələbi isə xeyrinə hüquq qeydə alınmış şəxsə, yəni Unibank KB ASC-yə yönəlmişdir. Lakin iddia ərizəsində cavabdeh kimi göstərilmiş digər iki orqana, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Gəncə şəhəri 3 saylı Notariat Ofisinə qarşı yönəlmiş iddia tələbləri göstərilməmiş, eləcə də iddiada göstərilmiş tələblərin hansı əsasla bu iki orqana qarşı da yönəlmiş olması əsaslandırılmamışdır. Belə ki, iddiaçı Gəncə şəhəri 3 saylı Notariat Kontorunun bağlanmış ipoteka müqaviləsinin təsdiqi zamanı qanun pozuntusuna yol verdiyini göstərsə də həmin qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi ipoteka müqaviləsinin aldatma yolu ilə bağlandığını bildirsə də həmin aldatmanın nədə ifadə edildiyini göstərməmiş və əsaslandırmamışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin ipotekanın dövlət qeydiyyatını ləğv etməli olmasına istinad etsə də ipotekanın dövlət qeydiyyatına alınması zamanı cavabdehin hərəkətlərinin qanunsuz olmasının nədə ifadə edildiyini göstərməmişdir. Yuxarıda da qeyd edildiyi kimi müqavilənin etibarsızlığından dolayı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbi qeydiyyat orqanına yox, ipoteka saxlayana yönələn tələbdir. Əgər iddiaçı ipotekanın dövlət qeydiyyatına alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ləğv edilməli olduğunu düşünürsə belə olan halda mübahisə mülki deyil, inzibati mübahisə olacaqdır. İddia ərizəsinin məzmunu ilə bağlı Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsi ilə müəyyən edilən tələblər başlıca olaraq iki məqsədə xidmət edir: Birincisi, məhkəmə baxılacaq mübahisənin mahiyyətini, hansı sübutların tədqiq edilməli olduğunu və iddianın qanuni əsasını məhz iddia ərizəsinin məzmununa əsasən müəyyən edir; ikincisi, işdə iştirak edən şəxslər iddia ərizəsində irəli sürülmüş dəlillərlə bağlı öz etirazlarını, sübutlarını və hüquqi əsaslandırmanı təqdim etmək imkanına malik olurlar. İddia ərizəsində tələbin bütün cavabdehlərə yönəldiyinin göstərilməsi həmin tələbin cavabdehlərə yönəlmiş kimi qəbul edilməsi üçün əsas deyildir, həm də tələbin hansı əsaslarla yönəlməsi də iddia ərizəsində əsaslandırılmalıdır. Əks yanaşma baxılan mübahisəyə aid olmayan şəxslərin işdə iştirak etməyə cəlb edilməklə ərazi və məhkəmə aidiyyəti qaydalarının pozulmasına, lüzumsuz vaxt itkisinə və məhkəmə xərclərinin ortaya çıxmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 268ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər "xxxx" KB ASC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Cavabdeh4 və Gəncə şəhəri 3 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-799/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-799/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver