Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-811/2022 05.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 43 saylı mənzildən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi 11 saylı binanın 43 saylı mənzili 04 aprel 1973-cü il tarixli 199 saylı order əsasında atası X2 adına verilmişdir. Atası 30 noyabr 2008-ci ildə vəfat etmişdir. O, atası ilə daima bir evdə yaşamışdır. Övladları həmin mənzildə dünyaya gəlmişdir. Ona və övladlarına həmin ünvandan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələri verilmişdir. Hazırda mənzildə təkcə o və ailəsi yaşayır. Cavabdeh onun qardaşıdır. Təxminən 20 il bundan əvvəl qardaşı Azərbaycan Respublikasının ərazisini tərk edib getmişdir. O, bu müddət ərzində Azərbaycana qayıtmamışdır. Ona məxsus heç bir əşya onların mənzilində yoxdur. Onunla heç bir əlaqəsi yoxdur. Hətta atası ölən zaman onunla əlaqə saxlayıb atasının ölməsini xəbər verə bilməmişdir. Qardaşı Azərbaycanı tərk etdikdən sonra yalnız atası deyil, həmçinin anası, bacısı və qardaşı ölmüşdür. Lakin heç birinin ölümləri ilə bağlı onunla əlaqə saxlamaq mümkün olmadığından xəbər verə bilməmişdir. Hazırda sağ olubolmaması da bilinmir. Hazırda cavabdehin yaşamadığı mənzildə qeydiyyatda olması səbəbindən o, əlavə kommunal xərclər ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, o, 06.07.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Doğulandan ünvan 2 ünvanda yaşayır. Həmin ev onlara nənəsindən qalmışdır. İddiaçı onun qonşusudur. Cavabdeh İddiaçı qardaşıdır. Qabili yaxşı xatırlamır. O, uşaq olarkən Qabil həmin mənzildən çıxıb getmişdir. Qabili 15 ildən çoxdur ki, görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, o, ünvan 3 ünvanda yaşayır. İddiaçı onun qonşusu, cavabdeh isə iddiaçının qardaşıdır. O, artıq 30 ildir ki, həmin ünvanda yaşayır. Sözügedən mənzildə Arif qızı, oğlu və həyat yoldaşı Təranə ilə bilikdə yaşayırlar. Əvvəllər həmin mənzildə Arifin atası, anası, qardaşları və bacıları yaşamışdır. Sonradan Arifin atası və anası, eləcə də qardaşlarının bəziləri vəfat etmişdir. Qabil 15-20 il olar ki, Rusiyaya getmişdir. Arifin atası, anası və qardaşı vəfat etdikdə də Qabil gəlməmişdir və onu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, 1973-cü ildən ünvan 4 ünvanında yaşayır. İddiaçı onun qonşusu, cavabdeh isə iddiaçının qardaşıdır. Sözügedən mənzildə Arif, həyat yoldaşı, oğlu və bir qızı ilə yaşayırlar. 15 ildən çoxdur ki, Qabili o mənzildə görməmişdir. Daha əvvəllər iddiaçının atası Qasım uşaqları ilə birlikdə həmin mənzildə yaşayırdılar. Hətta onların atası öləndə də Qabil yas mərasiminə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iş üzrə tərəflər onun qardaşlarıdır. Sözügedən mənzil onun atasına piy-yağ kombinatından order əsasında verilmişdir. Həmin mənzildə o da yaşamış, 1988-ci ildə ailə qurduqdan sonra isə köçmüşdür. Onlar ailədə 12 uşaq olmuşlar. Qardaşlarından Elxan, Telman və Qabil işləmək üçün Rusiya Federasiyasına getmişlər. Qabil sonuncu dəfə Azərbaycana 2014-cü ildə pasportunu dəyişdirmək üçün gəlmiş, onun mənzilində və Arifgildə bir neçə gün qalmışdır. Sonra o, Rusiyaya qayıtmış, ondan da xəbərləri olmamış və əlaqələri kəsilmişdir. Qabil valideynlərinin yas mərasimində də iştirak etməmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan SSR Kirovabad zəhmətkeş deputatlar sovetinin 199 nömrəli, 04 aprel 1973-cü il tarixli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi 11 saylı binanın 43 saylı mənzili X6 və onunla birlikdə yaşayan ailə üzvlərinin istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 325689 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 noyabr 2008-ci il tarixdə sol mədəcik çatmamazlığı səbəbindən Gəncə şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 5 nömrəli xidmət sahəsi tərəfində təsdiq edilmiş 07 yanvar 2022-ci il tarixli aktdan görünür ki, ünvan 5-də yaşayan İddiaçı qardaşı olan Cavabdeh təxminən qeyd olunan ünvanda 20 ilə yaxındır ki, yaşamayıb, bir dəfə də olsun həmin mənzilə gəlməmişdir. Aktın doğruluğunun düzgün olmasını X5, X8 və X1 imzaları ilə təsdiq etmişlər. Cavabdehin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının yaşadığı mənzillə bağlı hüquqlarını həyata keçirməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 5 order əsasında tərəflərin atası X2 və ailə üzvlərinin yaşaması üçün verilmişdir. Həmin orderdə iddiaçı və cavabdeh ailə üzvləri sırasında göstərilmişdir. Cavabdeh iddiaçının qardaşıdır. Cavabdeh təxminən 15-20 ilə əvvəl həmin mənzili könüllü tərk edərək Rusiya Federasiyasına getmişdir. İddiaçı valideynlərinin vəfatından sonra da həmin mənzildə yaşamağa davam edir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 5 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-811/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-811/2022
05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver