Məhkəmə qərarları › İş №2(043)-823/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-823/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-823/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin naturada bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2- 713/07 saylı, 26.09.2007-ci il tarixli qətnaməsinə əsasən Gəncə şəhəri, Z.Xəlil küçəsi,16 saylı evin mərhum X1 məxsus olan 2/3 hissəsi bərabər bölünməli, onun 1/3 hissəsinə Cavabdeh, qalan 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüqüqu tanınmalı, həmin evin 2/3 hissəsi Cavabdeh mülkiyyətində qalmaqla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən mülkiyyət hüququnu müəyyən edən yeni sənəd verilməlidir. Həmin qətnamə DƏDRX-nin 3 saylı Ərazi idarəsi tərəfindən, 11.02.2010-cu il tarixdə icra edilmişdir. O da, həmin evə 09.06.2020-ci il tarixdə texniki pasport almışdır. Hal-hazırda, o, həmin evin naturada bölünməsini istəyir. Daha sonra iddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvandakı evin paylara uyğun olaraq naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, Gəncə şəhəri, Z.Xəlil küçəsi,16 saylı evin 2/3 hissəsi onun, 1/3 hissəsi isə iddiaçının mülkiyyətindədir. Həmin paylara uyğun olan evin naturada bölünməsinin mümkün olduğu halda buna etiraz etmir. Odur ki, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2-713-2007 saylı, 26 sentyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 1 evin mərhum X1 məxsus olan 2/3 hissəsinin bərabər bölünməsi, onun 1/3 hissəsinə iddiaçı Cavabdeh, qalan 1/3 hissəsinə isə cavabdeh İİddiaçı mülkiyyətinin tanınması, ünvan 1 ümumi evin 2/3 hissəsi Cavabdeh, qalan 1/3 hissəsi isə İİddiaçı mülkiyyətində qalmaqla tərəflərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu müəyyən edən yeni sənədin verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan 11.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının 21 may 2021-ci il tarixli, 10/1400 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Xəlil küçəsində yerləşən 16 saylı fərdi yaşayış evlərinin naturada paylardan kənara çıxmaqla real bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Lakin İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Z.Xəlil küçəsində yerləşən 16 saylı fərdi yaşayış evində olan 1/3 payının hissəsinə uyğun olaraq yaşayış evlərinin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi altındakı torpaq sahəsi ilə birlikdə tərəflərin paylı mülkiyyətindədir. Həmin əmlakda iddiaçının 1/3 hissədə, cavabdehin isə 2/3 hissədə paylı mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bu halda Mülki Məcəllənin 220.6-cı maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçının hüquqi vardır ki, paylı mülkiyyətlərində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Lakin, hazırki iş üzrə iddiaçı bu barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıdan tutalaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “evin naturada bölünməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar