Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-868/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi 1Q nömrəli evin 20 nömrəli mənzilinə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 1Q nömrəli evin 20 nömrəli mənzili 24.02.1981-ci il tarixli 166 nömrəli orderlə atası X6 verilmiş, 22.12.1997-ci ildə anası X2 adına özəlləşdirilmişdir. O, həmin mənzildə doğulub, böyümüş, başqa yerdə yaşayış yeri olmamışdır. X10 öləndən sonra onun razılığı ilə mənzilə mülkiyyət hüququnu vərəsəlik qaydasında, yəni 08.05.2014-cü il tarixli 2V-330 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən qardaşı Cavabdeh əldə etmişdir. Onun qanun üzrə vərəsəlik şəhadətnaməsi yazılan vaxt mirasdan qardaşının xeyrinə imtina etməsi, mənzil hüququndan imtina etməsi deyildir. Son vaxtlar o, dolanışığını müvəqqəti olaraq Rusiya Federasiyasında təmin etmiş, avtomaşında yanğına düçar olub, 4-cü dərəcə yanıq almışdır. Faktiki olaraq əlildir. Yaxın zamanda ona 3-cü qrup əlillik verilməlidir. Gəncə şəhərinə qayıdarkən qardaşı Cavabdeh onu mənzilə buraxmamışdır. Odur ki, müvəqqəti olaraq iddia ərizəsində qeyd etdiyi ünvanda kirayədə yaşayır. Cavabdeh qardaşının onun mənzil hüququnu könlü istədiyi kimi həll etməsi qanuna zidd hərəkətdir. O, həmin mənzildə doğulduğundan həmin mənzildə onun hüquqları vardır. İddiasının əsaslı olmasını onun ömrü boyu (doğulan gündən) mübahisəli mənzildə yaşamağı faktı, Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 3 saylı Ərazi İdarəsinin 15.12.2022-ci il tarixli məktubunda göstərilən məlumatlar və mübahisəli mənzilə qeydiyyatı təsdiq edir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən xüsusatlara uyğun ifadə verərək, bildirdi ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır, bir müddət Rusiya Federasiyasında yaşayıb işləsə də Azərbaycana gəldikdə daimi yaşayış yeri hazırda qardaşının mülkiyyətində olan, valideynlərindən qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi 1Q nömrəli evin 20 nömrəli mənzil olmuşdur. O, yanğın nəticəsində xəsarət alıb əmək qabiliyyətini itirdikdən sonra qardaşı onu mənzilə buraxmamışdır. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi 1Q nömrəli evin 20 nömrəli mənzil orderlə onun valideynlərinə verilmişdir. O və qardaşı Andrey, həmçinin digər qardaş və bacıları da uşaqlıqdan həmin mənzildə yaşamışlar. Valideynlərinin sağlığında həmin mənzil anasının adına özəlləşdirilmişdir. Anası vəfat etdikdən sonra Andreyin də razılığı ilə həmin mənzil vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Andrey bir müddət Rusiya Federasiyasında işləmiş, sonradan yanğın nəticəsində xəsarətlər alaraq geriyə Azərbaycana qayıtmışdır. Andrey Azərbaycana qayıtdıqdan sonra Bakı şəhərində, onun yanında yaşamışdır. Sonradan isə ona heç bir məlumat vermədən evi tərk edib Gəncə şəhərinə gəlmişdir. O, Andreyin Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi 1Q nömrəli evin 20 nömrəli mənzildən istifadə hüququnun olmasını qəbul edir və Andreyin oraya köçməsinə etiraz etmir. Hətta Andrey bir müddət o mənzildə tək də yaşamışdır. Amma o, uzun müddət müalicə aldığına görə bəzən Andrey adekvat olmayan hərəkətlər edir. Belə ki suyu açıq qoyur, işıqları söndürmür, qazı və giriş qapısını açıq qoyur. O da evdə hər hansı təhlükənin yaranmasından ehtiyat edir. Ümumilikdə isə Andreyin həmin mənzilə köçüb orada yaşamasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 1Q, mənzil 20 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 29.05.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 124 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli mənzilə dair arayışından görünür ki, Cavabdeh adına qeydiyyata alınmış mənzilin ünvanı Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1Q, mənzil 20dir. Kirovabad şəhər X8 İcraiyyə Komitəsinin 24.02.1981-ci il tarixli, 5 nömrəli protokolu ilə verilmiş 166 nömrəli order, Gəncə şəhəri Mənzil Təmir İstismarı Trestinin 7 nömrəli mənzil istismar kontorunun 10.11.1997-ci il tarixli 2242 saylı arayışı, 3 saylı notariat kontorunda 01.11.1997-ci il tarixdə 4E-5-1774 nömrəli reyestrdə təsdiq edilmiş X5 razılıq ərizəsi, Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 22.12.1997-ci il tarixli 51 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 1Q, 20saylı mənzil (31.4 kvm iki yaşayış otağı, 14.9 kvm köməkçi sahə) X3 adına özəlləşmişdir və ona 24.12.1997-ci il tarixli 16826 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 08.05.2014-cü il tarixli 2V-330 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil Cavabdeh adına keçmişdir. Cavabdeh 29.05.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş İddiaçı yaşayış yeri üzrə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1Q, mənzil 20 ünvanda qeydiyyatdadır. Mənzillə bağlı mübahisəli hüquq münasibətləri 1986-cı ildə yaranmışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş arayışdan göründüyü kimi mübahisəli mənzil tərəflərin valideynlərinə 1981-ci ildə verilmişdir. Tərəflər mübahisəsiz olaraq doğulduqları vaxtdan həmin mənzildə yaşadıqlarını bildirmişlər. Beləliklə iddiaçının mübahisəli mənzildən istifadə hüququ ilə bağlı münasibətlər onun doğulduğu vaxtdan, yəni 1986-cı ildən yaranmışdır. İddiaçının mənzildən istifadə hüququ dövlət mülkiyyətində olmuş mənzilin kirayəçisi olan atasının ailə üzvü kimi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə qeyd edir ki, İddiaçı doğulduğu vaxtdan atası X5 istifadəsinə verilmiş mənzildə yaşamaqla həmin mənzildən istifadə hüququ əldə etmişdir. Sonradan, yəni 1997ci ildə həmin mənzilin onun anasının mülkiyyətinə verilməsi də onun istifadə hüququnun itirilməsinə səbəb ola bilməzdi. Belə ki, iddiaçı yeni mülkiyyətçinin də ailə üzvü olduğundan mənzildən istifadə hüququ qalmaqda davam etmişdir. Mənzilin onun razılığına əsasən vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçməsi də iddiaçının istifadə hüququnun itirilməsinə səbəb olmur. Belə ki, mirası qəbul etməkdən imtina etmə mənzildən istifadə hüququndan imtinanı ehtiva etmir. Digər tərəfdən iddiaçının müvəqqəti olaraq Rusiya Federasiyasına işləmək üçün getməsi daimi yaşayış yerinin dəyişdirilməsi hesab olunmadığından də onun istifadə hüququnun itirilməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi 1Q nömrəli evin 20 nömrəli mənzilinə istifadə hüququ tanınsın və İddiaçı həmin mənzilə köçürülsün. İş üzrə məhkəmə xərci - ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-868/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-868/2022
06.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver