Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-884/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzildən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri H.Əliyev prospekti 77 nömrəli binanın 10 nömrəli mənzili, 16,1 m2 yaşayış sahəsindən ibarət olan 1 otaqlı mənzil olmaqla, xx.xx.1991-ci il tarixli, 4027 №-li reyestrlə qeydiyyatdan keçmiş Qeydiyyat vəsiqəsinə əsasən X1 mülkiyyətində olmuşdur. Nənəsi həmin mənzili Gəncə şəhəri 4 nömrəli dövlət notariat kontorunda təsdiqlənən 11 may 1995-ci il tarixli vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmiş, başqa vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. X2 20 iyul 2005-ci ildə vəfat etmişdir. Onun ölümü ilə həmin mənzilə miras açılmışdır. O, həmin mirası vəsiyyətnamə üzrə qəbul etmişdir, çünki nənəsinin sağlığında və onun ölümündən sonra həmin evdə özü yaşayır. Maddi vəziyyəti ilə əlaqədar, eyni zamanda sənədləşmə işini bilmədiyinə görə nənəsinin vəfatından sonra vəsiyyətnaməni qanunla müəyyən edilmiş müddətdə notariusa təqdim edib vərəsəlik şəhadətnaməsi almamışdır. Son vaxtlar notariusa müraciət etmiş, notarius həmin mənzildə qeydiyyatda olmadığına və müddəti buraxdığına görə mirasın qəbul etməsi faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. X1 20 iyul 2005-ci ildə vəfat etməsi ilə əlaqədar, mülkün tam hissəsinə miras açılmış, o, həmin mirası orada yaşayıb, faktiki idarəçiliyi və sahibliyi həyata keçirməklə qəbul etmişdir. Ona görə də, hesab edir ki, onun 2005-ci ildə həmin mirası qəbul etmə faktı müəyyən edilməklə təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (vəkili) X8 ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə X12 maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Maraqlı şəxs X12 izahat verərək bildirmişdir ki, ərizəçi onun oğludur. X7 onun qaynanası olmuşdur. Qaynanasının dörd övladı olmuşdur: X19, X20, Qasımova (Əliyeva) İradə Nəbi qızı və İbrahimova (Əliyeva) Əntiqə Nəbi qızı. Baldızları uzun illər əvvəl ailə qurublar, onlardan Əntiqə 2017-ci ildə vəfat edib, İradə isə Bakı şəhərində yaşayır. Qaynı Yaşar isə Rusiya Federasiyasında yaşayır və işləyir. Onun öz mənzili var və həmişə həmin mənzildə yaşamışdır. Qaynanası öz mənzilini onun oğlu Turala vəsiyyət etmişdir. O, əri Eldar, övladları Tural və Nəbi ilə birlikdə qaynanasının sağlığında ona məxsus mənzilə köçüb orada yaşamışdır. Qaynanası 20 iyul 2005-ci ildə, əri Eldar isə 2007-ci ildə vəfat etmişdir. Qaynanasının vəfatından sonra da oğlu miras əmlakı qəbul və idarə etmişdir. Mənzilin bütün kommunal xərclərini Tural ödəmiş, qəbzlərin hamısını yığıb saxlamışdır. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, ərizəçi onun həm qonşusu, həm də qohumudur. Ərizəçinin dayısı qızı onun gəlinidir. O, ünvan 2 ünvanda yaşayır. Ərizəçi əvvəllər valideynləri və qardaşı ilə birlikdə onlarla qonşuluqda, 28 nömrəli mənzildə yaşamışdır. Onlar öz mənzillərini satıb 90-cı illərdən Əliyeva Şükufəyə məxsus olan mənzilə köçmüşlər. Yaxın vaxtlarda Ü.Hacıbəyli küçəsi 28 saylı mənzilin sahibi Ərizəçi mənzildən qeydiyyatdan çıxardığı üçün və Ərizəçi yaşadığı mənzil də nənəsinin adına olduğundan, nənəsi isə sağ olmadığından Tural öz yaşadığı mənzilə qeydiyyata düşə bilməmişdir. Buna görə də Turalı Ü.Hacıbəyli küçəsi 26 ünvanda yerləşən öz mənzilinə qeydiyyata aldırmışdır. Tural uzun illərdir ki, H.Əliyev prospekti bina 77, mənzil 10 ünvanda anası ilə birlikdə yaşayır. Turalın qardaşı Nəbidən uzun müddətdir ki, xəbəri yoxdur. Turalın atası və nənəsi isə vəfat etmişdir. Məhkəmə iclasında şahid X10 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. O,1995-ci ildən ünvan 3 ünvanda yaşayır. Ərizəçi təxminən həmin vaxtlardan onlarla qonşuluqda yaşayır. Tural həmin mənzildə atası, anası və qardaşı ilə birlikdə yaşamışdır. O, Rusiya Federasiyasında olan zaman Turalın nənəsi Şükufə vəfat etmişdir. Hazırda sözügedən mənzildə Tural anası ilə birlikdə yaşayır. Turalın atası da vəfat etmiş, qardaşının harada olması barədə isə məlumatı yoxdur. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki Tural onun dayısı Eldarın oğludur. Onun anası İbrahimova Əntiqə 2017-ci ildə vəfat etmişdir. Gəncə şəhəri, H.Əliyev prospekti ev 77A, mənzil 10 nənəsi Şükufəyə məxsus olmuşdur. Nənəsi sağlığında həmin mənzili Turala vəsiyyət etmiş, nənəsinin sağlığında da Tural öz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. Nənəsinin ölümündən sonra da mənzildə Tural yaşayır və mənzili idarə edir. Turalın atası Eldar 2007-ci ildə vəfat etmişdir. Xalası İradə Bakı şəhərində, dayısı Yaşar isə Rusiyada yaşayır, dayısının ailəsi isə Gəncə şəhərində öz mənzillərində yaşayırlar. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: 05 fevral 1991-ci il tarixli, 4027 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 1 otaqlı mənzil Kəpəz Rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli 16 nömrəli qərarı əsasında X4 adına qeydə alınmışdır. 11 may 1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 4 ünvanda yerləşən 1 otaqlı mənzildə yaşayan X7 həmin mülkü Ərizəçi vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Dövlət Notariat Arxivinin Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış 20 may 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 7t ofisində 11 may 1995-ci il tarixdə 2 V-694 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməni xx.xx.2021-ci il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxiv məlumatı daxil olmamışdır. AZ-İ seriyalı, 153855 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 iyul 2005-ci il tarixdə şəkərli diabet səbəbindən vəfat etmişdir. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 28 yanvar 2022-ci il tarixli, 204 saylı məktubundan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti ev 77A, mənzil 10-dan ibarət miras payı Ərizəçi tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki nə də ki, ərizə əsasında qəbul edilməmişdir. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 07 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ünvan 8 mənzildə yaşayır. X13 tərəfindən notariat ofisinə ünvanlanmış razılıq ərizəsindən görünür ki, o, anası X4 ölümündən sonra miras almış əmlakı qəbul etməmişdir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Gəncə şəhəri Qeydiyyat Şöbəsinin 27 may 2022-ci il tarixli arayışından görünür ki, X19 16 iyul 2007-ci ildə kəskin qaraciyər çatmamazlığı səbəbindən vəfat etmişdir. X20 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, X20 anasından miras qalmış ünvan 8 ünvanda yerləşən 1 otaqlı mənzilə dair miras mülkü anasının ölümündən sonra qəbul etməmişdir. Həmin miras əmlakın qohumu Ərizəçi adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. m 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, ərizəçi X1 ölümündən sonra vəsiyyət üzrə vərəsə kimi ondan miras qalmış əmlaka, mənzilə sahiblik və idarəçiliyi həyata keçirmişdir. Ərizəçi miras qoyanın vəsiyyət vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin X1 mülkiyyətində olmuş, ünvan 8 ünvanda yerləşən 1 otaqlı mənzildən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X4 mülkiyyətində olmuş, ünvan 8 ünvanda yerləşən 1 otaqlı mənzildən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-884/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-884/2022
28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver