Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-923/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, bina 8, 10 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, Cavabdeh tanımır. Mənzili xx xxxx 2019-cu il tarixdə X1 almışdır. Həmin vaxt mənzildə Cavabdeh qeydiyyatda olmamışdır. Sonradan “Asan” Xidmət Mərkəzindən yaşayış yeri üzrə qeydiyyat barədə arayış alarkən cavabdehin onun mənzilində qeydiyyatda olduğunu müəyyən etmişdir. Mənzilin keçmiş mülkiyyətçisindən həmin şəxsin kimliyini soruşmuş, o isə belə adda şəxsi tanımadığını və onun mənzilində heç vaxt yaşamadığın bildirmişdir. Eləcə də qonşular da bu şəxsi tanımır və onun nə vaxtsa həmin mənzildə yaşamasının şahidi olan şəxs yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildir” müddəası həm də şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin pozuntusu ilə müşayət olunan mübahisənin yoxluğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir;
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçının tələbindən görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatdadır, lakin qeyd edilən ünvanda yaşamır və heç vaxt yaşamamışdır. Cavabdeh iddiaçı ilə qohumluq münasibətlərində (ailə üzvü) deyildir. İddiaçı cavabdehin istifadə hüququnun olmamasına istinad edərək onun istifadə hüququnun itirilməsi tələbini irəli sürmüşdür. Mövcud olmayan hüququn itirilməsi isə məhkəmə baxışın predmeti ola bilməz. İddiaçının cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Əliyeva Könül Arif qızına qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Tural Qocayev