Məhkəmə qərarları › İş №2(043)-969/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-969/2020

20.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-969/2020 20.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın onun yanında saxlanılması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıCavabdeh qarşı «uşağın onun yanında saxlanılması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2017-ci il tarixdə anadan olmuş x2 onun yanında qalmasına, 18 iyul 2017-ci il tarixdə anadan olmuş azyaşlı x1 üçün 22 yanvar 2020-ci il tarixdən etibarən həddi-buluğa çatana qədər cavabdehdən onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə el adətinə uyğun olaraq nişanlanmışlar və 16 dekabr 2016-cı il tarixdə toyları olmuşdur, rəsmi nikahları yoxdur. Sonra isə şəxsi istifadə əşyalarından ibarət olan cehiz və əmlakını apararaq cavabdehin özünə məxsus olan mənzilə gəlin köçmüşdür. Bu evlilikdən 18-iyul 2017-ci il tarixdə Qurbanova Aylin adlı qız övladları olmuşdur. Bu barədə 16.08.2017-ci il tarixli Gəncə ASAN xidməti tərəfindən Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə xasiyyətləri uyğunlaşmadığı üçün birgə ailə həyatları hesab edir ki, mümkün deyil. Bu haqda çox düşünüb və ayrılmaq haqqında fikri qətidir. Hesab edir ki, azyaşlı uşaqları onun yanında qalmalıdır. Onun cavabdehlə aralarında azyaşlı Aylinin saxlanması üçün aliment ödənilməsi haqqında razılıqları yoxdur. Belə olan halda hesab edir ki, azyaşlı uşağının saxlanması üçün cavabdehdən alimentin tutulmasını məhkəmə qaydasında həyata keçirilməlidir. Hal-hazırda o cavabdehdən ayrılmışdır və müvəqqəti olaraq atasına məxsus olan mənzildə yaşayır və uşaq onun himayəsindədir. Cavabdeh bildiyinə görə biznes fəaliyyəti məşğul olur, onun aylıq gəlir və qazancı barədə onda dəqiq məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təklif olunan alimentin 50 manat məbləğində müəyyən olunmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, hazırda onun aylıq gəliri stabil deyil, o hər ay 50 (əlli) manat aliment ödəyə bilər. Əlavə olaraq məhkəmə ərizə təqdim edərək uşağın anasının yanında saxlanılmasına etirazının olmamasını bildirdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 16.08.2017-ci il tarixli AZ-İ 334633 nömrəli atalığın müəyyən edilməsi haqqında şahadətnamənin surətindən görünür ki, Cavabdeh 18 iyul 2017-ci il tarixdə İddiaçı doğulmuş x2 atasıdır. İşə əlavə edilmiş 16.08.2017-ci il tarixli AZ-İİİ 990528 nömrəli doğum haqında şəhadətnamənin surətindən görünür ki, x4 18 iyul 2017-ci il tarixdə dünyaya gəlmiş, onun atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın anasının yanında qalması barədə tərəflərin qarşılıqlı razılıqların olmasını, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi nəzərə alınaraq iddia qismən təmin olunmalı, 18 iyul 2017-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılmalı və onun saxlanılması üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 22 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin stabil qazancının olmaması onun yetkinlik yaşına çatmamış uşağının minimum tələbatlarını ödəməklə bağlı konstitusiya vəzifəsindən azad edə bilməz. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay bir uşağa görə 50 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 18 iyul 2017-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılsın və onun saxlanılması üçün Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Aliment 22 yanvar 2020-ci il tarixdən tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar