Məhkəmə qərarları › İş №2(043)-969/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-969/2021

10.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-969/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin bağlanılmış hesab edilməsi, ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanmış hesab edilməsi, işlədiyi xx.xx.2020-xx.xx.2020-ci ilə qədər ödənilməmiş maaşı 316*5=1580 manatın ödənilməsi və cavabdehin vurduğu mənəvi və maddi zərərə görə 5000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən 2010-cu ilə qədər Gəncə şəhər Su Səhmdar Cəmiyyətində Maşinist vəzifəsində işləmişdir. Onun iş fəaliyyəti artezian su təchizatı ilə əhalini su ilə təmin etməkdən ibarət olmuşdur. Bunun müqabilində 316 manat maaş almışdır. 2010-cu ildən 2020-ci ilin may ayına qədər həmin vəzifəni həyat yoldaşı X1 icra etmişdir, 2020-ci ilin may ayında müdiriyyətin təklifi ilə yoldaşının könüllü olaraq ərizə əsasında əmək müqaviləsinə xitam verilmişdir. Bu şərtlə ki, həmin vəzifəyə onunla əmək müqaviləsi bağlanacaq. Həmin vaxtdan o, vəzifəsini layiqli yerinə yetirmişdir. Buna baxmayaraq müdir Cavabdeh onu aldadaraq onunla müqavilə bağlamayaraq qul kimi işlətmiş, maaşını verməmişdir. Cavabdehin hərəkəti (hərəkətsizliyi) Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan hüquqlarını və azadlıqlarını pozmaqla bərabər Azərbaycan Respublikası Əmək Münasibətlərinin işə götürən və işçi arasında olan müddəalara zidd hərəkət etmişdir. Belə ki, ən azı dövlət müəssisəsi vətəndaşı işlədərkən onunla əmək müqaviləsi bağlamağa borcludur. Cavabdehin hərəkəti onun iztirablar və sarsıntılar yaşamasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, “Gəncə Sukanal” TSC-də hüquq məsləhətçisi işləyir, Cavabdeh həmin müəssisənin direktorudur. İddiaçı “Gəncə Sukanal” TSC-də 2010-cu ildən 2016-cı ilədək işləyib. Daha sonra iddiaçı müəssisəyə işlə bağlı müraciət edərkən, ona bildirilmişdir ki, işçiyə ehtiyac olan halda çağırılacaqdır. İddiaçının qeyd etdiyi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə o, həmin müəssisədə işləməmiş və onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı 2006-2010-cu illərdə vətəndaşları su artezianı ilə təmin etmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətində maşinist (artezian su təchizatçısı) vəzifəsində çalışdığını, lakin işlədiyi müddətdə müəssisə ilə arasında əmək müqaviləsi bağlanmadığını və əmək haqqının da verilmədiyini bildirərək, müəssisənin direktoru Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti hüququ şəxsdir və o məhkəmədə cavabdeh olmaq hüququna malikdir. İddiaçının cavadeh kimi göstərdiyi Cavabdeh isə müəssisənin adından çıxış edə biləcək vəzifəli şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə baxışı zamanı İddiaçı tələbini Cavabdeh qarşı irəli sürdüyünü israr etməklə, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmişdir. Odur ki, iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğundan, ona qarşı verilmiş iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, iddiaçı ümumiyyətlə xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə “Gəncə Sukanal” TSC-də işləməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin müəssisədə işləməsini təsdiq etmək üçün yalnız sakinlər tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir ki, həmin aktda da iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə deyil, 2006- 2010-cu illərdə onları su artezianı ilə təmin etməsi göstərilmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı «müqavilənin bağlanılmış hesab edilməsi, ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi» barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı «müqavilənin bağlanılmış hesab edilməsi, ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar