Məhkəmə qərarları › İş №2(043)-970/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-970/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-970/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 10, 69 nömrəli mənzildə olan istifadə hüquqlarının itirilməsini müəyyən edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 10, 69 nömrəli mənzil alqı-satqı və ipoteka müqaviləsi əsasında X1 əldə etmişdir. Ev Azərbaycan Respublikası DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. Cavabdehlər həmin evin köhnə mülkiyyətçisi və onun qohumlarıdır. O, «Asan xidmət» mərkəzindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan evdə qeydiyyatda olmaları məlum olmuşdur. Hazırda cavabdehlərin harada yaşamalarından ümumiyyətlə xəbəri yoxdur. Onların ona məxsus evdə pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onun şəxsi büdcəsinə təsir edir. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər həmin evin köhnə mülkiyyətçisi və onun qohumlarıdır. İddiaçı qeyd edilən mənzili alarkən cavabdehlər mənzildən pasport qeydiyyatında çıxacaqları barədə notarial qaydada ərizə vermiş və mənzilin satılmasına razılıqlarını bildirmişlər, mənzil satın alındıqdan sonra həmin mənzildə iddiaçı və onun ailə üzvləri yaşayır, cavabdehlər özlərinə məxsus əşyaları götürüb həmin mənzildən çıxmışlar. Cavabdehlər mənzildə qeydiyyatda durduğuna görə iddiaçı məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Odur ki, o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halı bundan ibarətdir ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 10, mənzil 69 Cavabdeh2 satın almış, alqı-satqı müqaviləsi bağlanan zaman qeyd edilən mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 notarial qaydada ərizə verərək, mənzilin satılmasına etirazlarının olmadığını, mənzili boşaltmağı və qeydiyyatdan çıxacaqlarını bildirmişlər. Hazırda Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 10, mənzil 69 İddiaçı mülkiyyətindədir və o, mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdehlər həmin mənzildə yaşamır, daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmişlər. Bundan başqa, cavabdehlərin mənzilə qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzildə qeydiyyatda olanlar buna etiraz etməyərək birlikdə mənzili tərk etmişlər. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildir” müddəası həm də şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin pozuntusu ilə müşayiət olunan mübahisənin yoxluğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçının tələbindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatdadır, lakin cavabdehlər qeyd edilən mənzildə yaşamırlar. Cavabdehlər iddiaçı ilə qohumluq münasibətlərində (ailə üzvü) deyildir. İddiaçı cavabdehlərin istifadə hüquqlarının olmamasına istinad edərək onların istifadə hüquqlarının itirilməsi tələbini irəli sürmüş, lakin əsas niyyəti cavabdehləri mənzildən pasport qeydiyyatından çıxarmaq olmuşdur. Mövcud olmayan hüququn itirilməsi isə məhkəmə baxışının predmeti ola bilməz. İddiaçının cavabdehlərin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya cavabdehlərin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar