Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-971/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkə qoyulmuş köhnə sayğaca xx.xx.2019-cu il tarixdə borc yazılması nəticəsində ödədiyi 601 manat 20 qəpik pulun cavabdeh tərəfindən ona geri qaytarılmasına və yazılmış qeyri-qanuni aktın ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə yaşadığı Gəncə şəhəri, M.Hüseynzadə küçəsi ev 48-ə qaz sayğacı quraşdırılmışdır. Ondan əvvəlki qaz sayğacı mənfiyə doğru getdiyi üçün müraciəti əsasında, gedib sayğacı sökmüş və yerinə təzə sayğac olmadığına görə başqa köhnə sayğac qoymuşlar. Bildiriblər ki, təzə sayğac gətirilən kimi sayğacı gəlib dəyişəcəklər. Bir müddət sayğacı işlətmiş, bu müddət ərzində bir dəfə olsun gəlib deməmişlər ki, təzə sayğac gətiriblər. xx.xx.2019-cu ildə gəlib sayğacı sökmüş və yerinə elektron sayğac quraşdırmışlar. Köhnə sayğacı sökdükdən sonra bildirmişlər ki, sayğaca müdaxilə ediblər. Halbuki onun sayğacdan başı çıxmır. Onlar köhnə sayğacı özləri qoymuşlar və müdaxilə adından ona 601 manat 20 qəpik cərimə yazdılar. O, məcbur olub yazılmış cəriməni qazının gəlməsi üçün ödəmişdir. Odur ki, ona qaz idarəsinin əməkdaşları tərəfindən yazılmış 601 manat 20 qəpik cəriməni ödədiyindən, həmin pulun ona geri qaytarılması və aktın ləğv olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən əvvəlki sayğaca müdaxilə edildiyi üçün sayğacda sərfiyyat az göstərilmişdir. Bu səbəbdən itirilmiş qazın dəyəri müəyyən edilmiş və abonentin saldosuna işlənmiş və abonent həmin məbləği hissə-hissə ödəmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, həmin aktda ünvan 2 ünvanında quraşdırılmış 1402A**********80 nömrəli G4 markalı sayğacın çıxış membran hissəsində dəlik aşkar edildiyi qeyd olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında xx.xx.2019-cu il tarixdə saat 10:45-də təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda G4 mexaniki tipli sayğacın çıxış plasmas borusu deşilməsi qeyd edilmiş və 6012 m3 qaz itkisinə yol verildiyi müəyyən edilmişdir. İş materiallarında olan ünvan 3 ünvanında yaşayan abonentin saldosundan görünür ki, abonent hesabına 601,20 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, ünvan 3 ünvanda olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Cavabdeh” İB ilə X2 (iddiaçının anası) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bənövşə Əmirova xx.xx.2020-ci il tarixdə ölmüşdür. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi isə iddiaçının mülkiyyətindədir və iddiaçı həmin evə quraşdırılmış sayğaca görə hesablanmış borcu hissə-hissə cavabdehə ödəmişdir. Belə olan halda, iddiaçı ödənilmiş borcun geri qaytarılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün onun anası Bənövşə Əmirova ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş, iddiaçıya məxsus yaşayış evini qazla təmin etmişdir. xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz olunarkən, çıxarılan sayğaca müdaxilə edildiyi, sayğacın çıxış membran hissəsində dəlik olduğu aşkar edilmişdir. Bundan sonra cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilmiş, itirilmiş qazın həcmi müəyyənləşdirilmiş və hesablanmış 601,2 manat borc abonentin saldosuna hesablanmışdır. Həmin borc məbləği iddiaçı tərəfindən hissə-hissə cavabdehə ödənilmiş və iddiaçı hazırda ödəmiş olduğu borc məbləğinin cavabdehdən geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Cavabdeh" Səhmdar Cəmiyyəti (bundan sonra “Cavabdeh” İstehsalat Birliyi) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, abonentin saldosuna 601,20 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə iddiaçıya məxsus evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunarkən, çıxarılan sayğaca müdaxilə edildiyi, sayğacın çıxış membran hissəsində dəlik olduğu aşkar edilmişdir. Bu fakt sayğacın çıxarılması zamanı tərtib edilən aktda da öz əksini tapmışdır. Bundan başqa, abonentin saldolsuna nəzər yetirdikdə, məsələn - 2018-ci ilin yanvar ayında 370 m3 , mart ayında 240 m3 , aprel ayında 160 m3 qaz sərfiyyatı olduğu müəyyən edilir. xx xxxxxx 2018-ci il tarixdə sayğac dəyişdirildikdən sonra isə 2019-ci ilin müvafiq olaraq yanvar ayında 600 m3 , mart ayında 495 m3 və aprel ayında 270 m3 qaz sərfiyyatı olduğu müəyyən edilmişdir. Göründüyü kimi, əvvəlki sayğacın quraşdırıldığı dövrdə daha az qaz sərfiyyatı olduğu halda, qaz sayğacı yenisi ilə əvəz edildikdən sonrakı ilin müvafiq aylarında qaz sərfiyyatı kəskin artmışdır. Bu hallar isə onu deməyə əsas verir ki, abonent (və ya onun ailə üzvləri) tərəfindən qaz sayğacına müdaxilə edilmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının itirilmiş təbii qaza görə ödədiyi pulu tələb etməsi ilə bağlı iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməliməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-971/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-971/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver