Məhkəmə qərarları › İş №2(043)-986/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-986/2021

16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-986/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X2, anası X1 olmaqla, xx.xx.1988-ci ildə Ermənistanın Vardenis rayonunun Bala Məzrə kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə Ermənistanın Vardenis rayonunun Bala Məzrə kəndində anadan olmuşdur. 1988-ci ildə məlum hadisələr zamanı deportasiya olmuşlar. Deportasiya zamanı doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. X7 Universitetinin Avtomobil mühəndisliyi fakültəsinə qəbul olmuşdur. Atası müharibə veteranı olduğu üçün həmin universitetdə ödənişsiz əsaslarla təhsil almaq imkanı var. Lakin, onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün o, öz hüquqlarından istifadə edə bilmir. Doğum akt qeydinin bərpası üçün Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, tələb olunan sənədləri təqdim edə bilmədiyinə görə Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsi onun doğum akt qeydini bərpa edə bilməmiş və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi Faxərdin oğlu dəqiqləşmə barədə ərizə təqdim edərək və ərizəsinin məzmununa uyğun izahat verərək, atası X2, anası X1 olmaqla xx.xx.1988-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Bala Məzrə kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 05/15-75 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğumunun bərpası üçün lazım olan sənədləri təqdim edə bilmədiyindən ərizənin təmin edilməsi imkan xaricindədir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi atasıdır. Onun oğlu xx.xx.1988-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Bala Məzrə kəndində doğulmuşdur. Bu barədə Ermənistan Respublikasında doğum haqqında şəhadətnamə almışdır. Lakin, sonradan həmin şəhadətnamə naməlum şəraitdə itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə Ərizəçi xx xxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Bala Məzrə kəndində doğulması, atasının X2, anasının X1 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ödənişsiz təhsil almaq istəməsi ilə bağlı doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx xxxx 1988-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Bala Məzrə kəndində doğulması, atasının X3, anasının X1 olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X2, anası X1 olmaqla, xx xxxx 1988-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Bala Məzrə kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar