Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1036/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, iddiaçı X8 cavabdehlər X2, X5, X6, Cavabdeh Rüfət oğluna qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsinə tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: iddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rüfət oğlunun ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin üzərində istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər X1, X3, X4, Cavabdeh Rüfət oğlunun ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin üzərində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzil iddiaçıya bağışlama qaydasında keçmiş və mənzilə dair hüquqları dövlət qeydiyyatından keçirmişdir və həmin mənzil hazırda iddiaçı X8 mülkiyyətindədir. Mənzildə əvvəllər iddiaçının keçmiş ərinin birinci arvadı, uşaqları ilə yaşamış, sonradan ərinin vəfatından sonra cavabdehlərdən İsmayılova Rüqəyya, X9, X10 evdə yaşasalarda 2017-ci ildə özlərinə daimi olaraq başqa yaşayış yeri seçərək köçmüşlər. Digər Cavabdeh Rüfət oğlu isə iddiaçının baldızının oğludur, o, isə həmin mənzildə yaşasa da 2005-ci il tarixdə ailə quraraq Rusiya Federasiyasına köçmüş və hazırda orada yaşayır. Göründüyü kimi cavabdehlərin həmin mənzildən istifadə hüquqları qalmadığından onların mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlərin həmin mənzildə formal olaraq qeydiyyatda olmaları, iddiaçının əlavə komunal xərclər ödəməsinə, əmlakın üzərində sərəncamverici hüququnu pozulmasına və eyni zamanda iddiaçının əmlak üzərində sahiblik, istifadə və sərəncamverici hüquqlarını həyata keçirməyini məhdudlaşdırmağa gətirib çıxarır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaqlarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Çünki cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları yoxdur, onlar sadəcə formal olaraq həmin mənzildə qeydiyyatdadılar və iddiaçı cavabdehlərin istifadə hüquqlarına həmin mənzildən xitam verilməsini tələb etməklə, əslində cavabdehləri həmin mənzildən qeydiyyatdan çıxarmaq istəyir. Belə ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının hüquqi marağı istifadə hüquqları olmayan cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarından ibarət olduğundan bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosussual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə isə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə isə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X8 cavabdehlər X2, X5, X6, Cavabdeh Rüfət oğluna qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsinə tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X13 tərəfindən “Asan Pay” vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya cavabdehlərin mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmaları tələbi ilə Gəncə şəhəri Nizami rayon Polis idarəsinə müraciət etmək, həmin inzibati orqan tərəfindən hüquqi marağı təmin edilmədiyi təqdirdə inzibati məhkəmə icraatı qaydasında şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoyulmasına dair ərizə ilə inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Həmçinin iddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1036/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1036/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver