Məhkəmə qərarları › İş №2(044)-1183/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1183/2022

08.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1183/2022 08.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evlərdən istifadə hüququnun ləğv edilməsi, evlərin boşaldılması və hərrac pulunun tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Çarıxçılar küçəsi, ev 10a saylı evdən və Təbriz küçəsi, ev1, mənzil 48dən istifadə etmək hüququnun itirilmiş hesab edilməsinə və Çarıxçılar küçəsi 10a saylı evdə qeydiyyatdan çıxarılmasına, cavabdehlər X3, X4, X2 və X1 Təbriz küçəsi ev 1 mənzil 48-də qeydiyyatdan çıxarılmasına, mənzildən istifadə etmək hüququnun itirilmiş hesab edilməsinə və onların mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dair və hərracın aparılması ilə əlaqədar Cavabdeh payına düşən 666 manat pulun onlara verilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişlər. Hesab edirəm ki, iddaçılar tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasının və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Çünki iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinin tələblərinə uyğun verilməmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi birləşdirmişdir. İddiaçıların istifadə hüququnun itirilməsi və mənzildən əşyalarla birlikdə çıxarılma tələbinə bir icraatda baxıla bilsə də, hərracın aparılması ilə əlaqədar pul tələbinə ayrıca icraatda baxılmalıdır. Həmçinin iddia ərizəsində cavabdehlərdən yalnız Cavabdeh adı, yaşayış yeri, iddiaçının tələbini əsaslandırdıqları hallar, ərizəyə əlavə edilən sənədlərin siyahısı qeyd olunsa da, digər cavabdehlərin adları, ünvanları qeyd olunmamış, lakin onlara qarşı tələb qeyd olunmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2, 149.2.3 və 149.2.5-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evlərdən istifadə hüququnun ləğv edilməsi, evlərin boşaldılması və hərrac pulunun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar