Məhkəmə qərarları › İş №2(044)-1197/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1197/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1197/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzil onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ona məxsus ünvanda qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar və formal olaraq qeydiyyatda dururlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyətçi olaraq mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır, həmçinin kommunal və sair xərclərin artıq ödənilməsinə səbəb olur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixli Seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzil İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli 891 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzildə qeydiyyatdadır, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeyd edilən ünvanda qeydiyyatdadırlar, lakin yaşamırlar. xx.xx.2019-cu il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzil X1 tərəfindən İddiaçı 17500 manata satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllədinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzildə pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzilə olan istifadə hüquqları itirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 2-də yerləşən 33 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar