Məhkəmə qərarları › İş №2(044)-121/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-121/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-121/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, digər Cavabdeh2 vəkili X11 ştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneənin aradan qaldırılması və daş hasarın sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evdən istifadə qaydalarının müəyyən edilməsi, evin sanitar qovşağından, hamamından, mətbəxindən və bağından istifadənin təmin edilməsi və qanunsuz tikilən tualetin sökülməsi» tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək məhkəmədən «evdən istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneənin aradan qaldırılması və daş hasarın sökülməsi»nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı evdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X5 ilə xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsində qeydə aldırmaqla evlənib ailə qurmuş, həmin nikahdan xx xxxxxx 1998-ci il tarixdə X4 və xx xxxxx 2000-ci il tarixdə X6 adlı iki uşaqları doğulmuşdur. 2011-ci ilin avqust ayında Rusiya Federsiyasında yaşayarkən əri X5 ilə ər-arvad münasibətləri pozulmuş, cavabdehlər Cavabdeh1, X3 və X1 qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına, uşaqları ilə birlikdə mənzilə köçürülməyinə və pasport qeydiyyatına alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, onun ünvan 1 fərdi yaşayış evinə istifadə hüququ tanınaraq yetkinlik yaşına çatmamış uşaqları xx xxxxxx 1998-ci il təvəllüdlü X4 və xx xxxxx 2000-cı il təvəllüdlü X6 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir.Həmin qətnamədən apellyasiya və kassasiya şikayəti verilmiş, lakin şikayətlər təmin edilməmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə icraya yönəlmiş və o evə köçürülmüşdür. Lakin bu günlərdə uşağın səhhəti ilə bağlı o müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş, qayıdanda görmüşdür ki, cavabdehlər məhlənin icərisində divar çəkiblər, bu səbəbdən də o evin tualetindən, hamamından, mətbəxindən və bağından istifadə edə bilmir. Bu da onun həmin evdə yaşamağını qeyri-mümkün edir. Bundan başqa ona ayrılan otağın düz pəncərəsində sanitar qovşaq tikilib ki, o da heç bir tikinti normalarına uyğun gəlmir. Hesab edir ki, həmin tualet texniki normalara uyğun gəlmədiyindən, ona və uşaqlarına təhlükə törətdiyindən uçurulmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsində yazılanların hamısı yalandır. O, onunla təmasda olmamaq, eyni zamanda onu sıxmamaq üçün yaşayış yerini və yolunu, hətta çöl qapısını da əvvəlcədən ayırmışdı. Lakin özünün rahat yaşayış yeri olduğundan ötən 7 ildə o, evindən istifadə etməmişdir. Məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi yalnız rəsmiyyətdə icra olunmuş, faktiki olaraq isə icra olunmamışdır. Sadəcə olaraq İddiaçı daimi yaşayış yeri olduğundan (Gəncə şəhəri, 20 Yanvar küçəsi, 14-cü dalan, ev 3) özgə mülkiyyətində olan mənzildə yaşamaq istəməmişdir. Aygünün uşağının səhhətinə görə Rusiyaya getməsi barədə sözləri də yalandır. Onun məqsədi qardaşı Teymurazı, keçmiş ərini tapıb, incitmək olmuşdur. Ötən 7 ildə İddiaçı mülkünün kommunal xərclərindən 1 manat da olsa ödəməmiş, ona ayırdığı sahəyə baxmamışdır. Aşağıda sadalanan sənədlər məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(102)-1635/2013 nömrəli Qərarından görünür ki,Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı Gəncə şəhəri,Totanlı küçəsi 35 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması onun yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki,ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində İddiaçı ayrılan otağın pəncərəsinə yaxın tikilən tualet tikinti-texniki normalara uyğun olduğu və həmin tualet tikilisi iddiaçının evdən istifadə hüquqlarına maneə yaratmır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı evinin bir hissəsi, yaşayış evinə bitişik olan ayaqyolu tikilisi təcrid şəkildə bölünmüşdür.Lakin İddiaçı istifadəsində olan yaşayış evinin ayaqyolu tikilisi torpaq sahəsinin küçə ilə əhatə olunan hissəsində, hamam, mətbəx və bağ sahəsinin isə arxa hissədə(torpaq sahəsinin üç tərəfdən qonşular ilə əhatə olunan hissəsində) yerləşdiyini nəzərə alaraq, həmin evin hamamından, mətbəxindən və bağından Aygün təcrid şəkildə istifadə edə bilmir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, ona ayrılmış hissə daş hasarla bölünmüş, evin mətbəxi, hamamı və evə xidmət edən digər yardımçı sahələr cavabdehlərə aid hissədə qalmışdır. Evdən istifadə üçün şərait yaradılmadığından o evdən istifadə hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edlməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qarşılıqılı iddia tələbinin təmin edilməsinə, ilkin iddia tələbinin isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı Gəncə şəhəri,Totanlı küçəsi 35 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması, onun yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İddiaçı iddia edir ki, cavabdehlər tərəfindən onun həmin evdən istifadə hüquqlarına maneələr mövcuddur. Qarşılıqlı iddiaçı Cavabdeh2 iddia edir ki, İddiaçı həmin evdə yaşamadığından evdən istifadə hüququna xitam verilməlidir. Məhkəmə İddiaçı iddiasını əsaslı hesab edir. Belə ki, cavabdehlər tərəfindən İddiaçı istifadə hüququnun həyata keçirilməsinə maneənin mövcudluğu ekspert rəyi ilə və məhkəmənin yerində baxış protokolu ilə də müəyyən edilir. Belə ki, cavabdehə küçədən ayrıca giriş-çıxış qapısı açılsa da, Aygün üçün ayrılmış otaq cavabdehlərin faktiki istifadəsində olan otaqlardan tam təcrid halda ayrılmış, əvvəllər ümumi istfadədə olan hamam, sanitar qovşağı və mətbəx cavabdehlərin faktiki istifadələrində olan hissədə qalmışdır. Aygünün həmin vasitələrdən istifadə etməsinə sonradan çəkilmiş daş hasar maneə yaradır. Aygün həmin vasitələrdən istifadə etmək üçün küçəyə çıxmalı, oradan isə əvvəllər mövcud olmuş həyətin giriş qapısından həyətə daxil olaraq o zəruri olan mətbəx, hamam və s vasitələrdən istifadə etmək məcburiyyəində qalmışdır. Belə şəraitdə Aygünün həmin evdə yaşayaraq istifadə hüquqlarını həyata keçirməsi ümumiyyətlə real deyildir. Belə ki, sonradan Aygünə ayrılmış yaşayış sahəsi ilə cavabdehləin istifadəsində qalan yaşayış sahələri arasında çəkilmiş daş hasar sökülmədən istifadə hüquqlarının həyata keçirilməsi mümkün deyildir. Bir sözlə həmin evdən Aygünə cavabdehlərlə bərabər istifadə etmək üçün şərait yaradılmamışdır. Halbuki, xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi müıkiyyətçisinin öznə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.Göründüyü kimi Aygünün bu kimi hüquqlarının mövcud olması onun həmin evə istifadə hüququnun tanınması zamanı müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı da onu qeyd edir ki, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, Aygünün həmin mənzildə yaşaması üçün şərait yaradılmamışdır.Belə bir şəraitdə həmin evdə yaşamaq mümkün deyildir. Aygünün həmin evdən istifadə hüquqlarını reallaşdırmaq niyyəti olmasaydı o zaman cavabdehlər tərəfindən onun üçün ayrıca yaşayış otağı ayrılmayaraq, küçəyə giriş-çıxış qapısı da açılmazdı. Cavabdehlər Aygünün daimi yaşayış yerinin olmasını, onun daimi olaraq başqa yaşayış yerində yaşamasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü cavabdehlərin üzərinə düşür. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə hüququna xitam verilməsi müvafiq kompensasiya verilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilərək, ünvan 1 fərdi yaşayış evinin İddiaçı faktiki yaşadığı sahəsi ilə cavabdehlərin yaşadığı sahənin arasından hamama bitişik şəkildə çəkilmiş daş hasar sökülməklə İddiaçı evdən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, qarşılqılı iddia tələbi təmin edilməməlidir. “İnsan Hüquqları vəƏsas X2 Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və Əsas X2» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İlkin iddia tələbi təmin edilsin. ünvan 1 fərdi yaşayış evinin İddiaçı faktiki yaşadığı sahəsi ilə cavabdehlərin yaşadığı sahənin arasından hamama bitişik şəkildə çəkilmiş daş hasar sökülməklə İddiaçı evdən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qarşılqılı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar