Məhkəmə qərarları › İş №2(044)-1235/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1235/2021

08.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1235/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsinə və onun həmin yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə faktiki olaraq 1991-ci ildə ailə qurmuş, nikahları xx.xx.1992-ci ildə rəsmi qeyd edilmiş, birgə nikahdan onların iki uşaqları olmuş, onların arasında olan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-44/11 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin onlar rəsmi qaydada boşansalar da, birgə yaşamağa davam etmişlər, ünvan 2 ünvandakı evi 2016-cı ildə birlikdə tikmişlər. Cavabdeh onu 2020-ci ilin dekabr ayında evdən qovana kimi o, uşaqları ilə birgə həmin evdə yaşamışdır. Həmin ev rəsmi olaraq qeydiyyata alınmamışdır. Sonda iddiaçı iddiann təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçı ilə ailə qurduqdan sonra Gəncə şəhəri, Bağmanlar qəsəbəsində yerləşən bacısına məxsus mənzildə yaşamışlar, sonradan atasından miras qalmış Gəncə şəhəri Eminbəyli küçəsində yerləşən mənzilə köçmüşlər. 2016-cı ildə o, Rusiya Federasiyasında olan zaman iddiaçı həmin evdən çıxmışdır. Onlar rəsmi olaraq 2011-ci ildə boşansalar də, uşaqlarına görə qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. Hazırki mübahisə predmeti olan mənzili o, öz şəxsi vəsaiti hesabına tikdirmiş, uşaqlarının xatirinə iddiaçının orada uşaqaları ilə birlikdə yaşamasına icazə vermişdir. İddiaçının həmin mənzilə köçürülməsinə razı deyil, çünki iddiaçının Daşkəsən rayonunda mülkiyyətində ev vardır. Həmçinin iddiaçı mübahisəli evin tikilməsinə heç maddi vəsait sərf etməmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Elmira Həsənovanın Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsinə ünvanlandırdığı məktubuna cavab olaraq bildirilmişdir ki, Kirovabad şəhəri oktyabr qəsəbəsi zəhmətkeş deputatları sovetinin İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli 13/17 saylı arayışında Kirovabad şəhəri, oktyabr qəsəbəsi, Eminbəyli küçəsi, 32 saylı fərdi yaşayış evinin X2 məxsus olduğu göstərilmişdir. Kirovabad şəhər xalq məhkəməsinin xx.xx.1975-ci il tarixli 2-80 1975 saylı qətnaməsinə əsasən bu mülkün X3 məxsus olması faktı müəyyən edilmişdir. X1 adna bu əmlaka dair 06.1.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə ASAN Xidmət mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli 2V-1147 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 32 olan bu fərdi yaşayış evi X6 və Cavabdeh adlarına keçmişdir, 3M-764 saylı miras payın bağışlanma müqaviləsinə əsasən X10 mülkdəki payını Cavabdeh bağışlamışdır. Cavabdeh bu fərdi yaşayış evinə (faktiki ölçüsü 0.0569 ha torpaq sahəsində yerləşən tikili “A” 60.6 kvm iki yaşayış otaqları, 46.8 kvm köməkçi sahəsi) xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. ünvan 5 ünvanda yerləşən mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu ünvanda yerləşən əmlak barədə 3 saylı Gəncə ərazi İdarəsində məlumat yoxdur. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin x xxxx 2011-ci il tarixli 2(044)-44/11 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ilə cavabdeh Pirverdiyeva (Hüseynova) Vəsilə Vaqif qızı arasında xx xxx 1992-ci il tarixdə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsində 280 saylı akt qeyd ilə qeydiyyata alınmış nikah pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən cavabdeh Pirverdiyeva (Hüseynova) Vəsilə Vaqif qızına nikahdan əvvəlki soyadını (Hüseynova) bərpa etmək hüququna malikdir. Boşanmadan sonar tərəflərin yetkinlik yaşına çatmamış uşaqları, xx xxx 2000-ci il təvəllüdlü X7 anası Pirverdiyeva (Hüseynova) Vəsilə Vaqif qızının yanında qalması, xx xxx 2000-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanamsı üçün, xx xxxx 2011-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində 70 manat miqdarda aliment tutularaq Pirverdieyva (Hüseynova) Vəsilə Vaqif qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Sadalanan qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyi evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2005ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Bundan başqa iddiaçı mübahisəli evi cavabdehlə birlikdə yaşadığı müddətdə birlikdə tikdiklərini bildirsə də, bu barədə hər hansı sübutlar təqdim edə bilməmişdir. Həmçinin tərəflər arasında rəsmi nikah 2011-ci ildə pozulduğundan və mübahisəli ev 2016-cı ildə tikildiyindən həmin evə tərəflərin birgə vəsaiti hesabına tikilmiş, nikah dövründə qazandıqları əmlak kimi qiymət verilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar