Məhkəmə qərarları › İş №2(044)-1292/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1292/2021

01.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1292/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Alışanov Kərim Ədalət oğluna qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X1 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşağı X2 ilə birlikdə onlara məxsus Gəncə şəhəri, Avtomobil zavodunun yaxınlığında yerləşən 2 otaqlı yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, cavabdeh Alışanov Kərim Ədalət oğlu ilə faktiki olaraq ailə qurmuş və onların birgə nikahlarından 14.01.2013-cü il tarixdə X2 anadan olmuşdur. Onlar ailə qurduqdan sonra qanunsuz tikilməklə cavabdehin istifadəsində olan 1 otaqlı evə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin evə yığılmış, birgə nikahlarından olan 14.01.2013-cü il tarixdə anadan olmuş X2 həmin ünvanda doğulmuşdur. Birgə yaşadıqları dövrdə gəlin köçdüyü 1 otaqlı evdə əlavə tikililər apararaq damını dəyişmiş və bir neçə əlavə otaq tikdirmişlər. O, ailəsi ilə birlikdə 10 ilə yaxın həmin evdə yaşamış, birgə təsərrüfat yaratmışlar və birgə qazancları hesabına evi böyütmüşlər. Hazırda da ona məxsus cehiz əşyaları, geyim əşyaları həmin evdədir. Buna baxmayaraq cavabdeh onu və azyaşlı qızını öz evlərinə buraxmamışdır. Mübahisəli evin heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Alışanov Kərim Ədalət oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 27.01.2021-ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Alışanov Kərim Ədalət oğlu ilə İddiaçı birgə nikahlarından 14.01.2013-cü il tarixdə X2 anadan olmuşdur. 03.02.2002-ci il tarixli AA 056469 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. 12.02.2021-ci il tarixli 211 saylı arayışdan görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı Kəlbəcər rayon sakini olmaqla, məcburi köçkündür, hazırda məcburi köçkün kimi Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanasında müvəqqəti məskunlaşmışdır. 19.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 sqaylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Alışanov Kərim Ədalət oğlunun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əsasən müəyyən edilmişdir ki, Gəncə şəhəri, Avtomobil zavodunun yaxınlığında yerləşən 2 otaqlı mübahisəli tikili qanunsuz tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yaşayış binasından isifadə hüququ həm qüvvədə olan Mülki Məcəllə, Mənzil Məcəlləsi, həm də qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin hazırkı iddiada mübahisələndirilən yaşayaş evi özbaşına tikili olduğu üçün, həmin evdən yaşayış hüququ həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya və iddiadan imtina edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisəni Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və ümumi prinsipləri əsas götürməklə həll edilməlidir. Bu zaman məhkəmə MM-in 11.2-ci maddəsində qeyd edilənləri əsas götürür. Həmin maddəyə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir. (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Gəncə şəhəri, Avtomobil zavodunun yaxınlığında yerləşən özbaşına inşa edilmiş 2 otaqlı evə köçürülməsini xahiş etmişdir. Məhkəmə iclasında həmçinin, tərəflər arasında aqressiyanın mövcudluğu müəyyən edilmişdir. Buna görə də məhkəmə mübahisəli evin faktiki sahibi kimi cavabdehin iradəsindən kənar iddiaçının həmin mənzilə köçürülməsi ədalətli hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının özbaşına tikiliyə dair hər hansı tələb etmək hüququ mövcud deyildir. Halbuki, yalnız iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı cavabdeh Alışanov Kərim Ədalət oğluna qarşı «evə köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Alışanov Kərim Ədalət oğluna qarşı «evə köçürülmə» tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar