Məhkəmə qərarları › İş №2(044)-1298/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1298/2021

09.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1298/2021 09.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab etmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun varisi olmaması üçün ləyaqətsiz vərəsə hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh onun oğludur. Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X1 və ona qarşı daima hörmətsizlik, tərbiyəsizlik, kobudluq və əxlaqsız hərəkətlər etmişdir. Onların cavabdehə borca verdikləri pulları qaytarmamış, pulları istədikdə, onu və arvadını nalayiq sözlərlə söyüb təhqir etmişdir. Onlar valideyn olaraq Şirinin düzələcəyini və haqsızlıqlara son qoyacağını hesab etmişlər. Ancaq belə olmadı, anasının vəfatından sonra cavabdeh ona təzyiqlərini davam etdirərək təhqir etmiş, Daşkəsən rayonu, Bayan kəndində və Gəncə şəhərində onu döymüşdür. xx.xx.2019-cu il tarixdə cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsində onun boğazından tutub boğduğu və vurduğu üçün həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Hazırda da cavabdeh onu təhqir edir, ölümlə hədələyir və anasından miras qalmış əmlakın bölünməsinə maneəçilik törədir. Cavabdehin hərəkətləri nəticəsində anasının şəkəri və təzyiqi yüksələrək vəfat etmiş, indi isə onu əsəbləşdirərək öldürmək istəyir. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, atasının onun barəsində dedikləri həqiqət deyil, bu barədə onun qohumları da təsdiq edə bilər. Hətta o, atasının ona qarşı olan münasibəti barədə böyük əmisinə də demiş, sonuncu ona atasının yaşlı olduğunu və yola verməsini bildirmişdir. O, məhkəmədə atasını döyməmiş, əksinə atası onun üstünə gələrək vurmaq istədiyi üçün o, boynundan qucaqlayaraq sakitləşdirməyə çalışmışdır. O, heç vaxt valideynlərinə qarşı hörmətsizlik etməmiş, təhqir etməmişdir. Atası ona valideyn olaraq dəstək olmuş, lakin sonradan yaşlandığı üçün ona qarşı münasibəti dəyişmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-684/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə məhkəmənin inzibati binasında İddiaçı söyərək təhqir etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. - ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə ürək çatışmazlığından ölmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Çünki məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmadığı kimi, oğlunun ona qarşı yol verdiyini iddia etdiyi əməllər məhkəmə tərəfindən təsdiq olunmamışdır - bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Beləliklə məhkəmə iddiaçının mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab etmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) aykeçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar