Məhkəmə qərarları › İş №2(044)-1375/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1375/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1375/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs DSMF-nun Kəlbəcər rayon Şöbəsinə qarşı “iş stajı faktının müəyyən edilməsi” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi onun 1980-ci ilin iyun ayından 1986-cı ilin sentyabr ayına kimi Kəlbəcər rayon Kirov adına kolxozunda, 1986-cı ilin oktyabr ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonun 1 May kolxozunda işləsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ O, ərizəsini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ailəsi ilə birgə Gəncə şəhərində yaşayır. Kəlbəcər rayonu işğal olunmamışdan əvvəl 1980-ci ilin iyun ayından 1986-cı ilin sentyabr ayına kimi Kəlbəcər rayon Kirov adına kolxozunda, 1986-cı ilin oktyabr ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonun 1 May kolxozunda kolxozçu işləmişdir. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu işğal olunan zaman əmək kitabçası və digər sənədlər işğal zonasında qalmışdır. O, bununla bağlı Azərbaycan Respublikası Kəlbəcər rayon DSMF şöbəsinə müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: AR Milli Arxiv İdarəsinin Kəlbəcər rayon İcra Hakimiyyəti Kəlbəcər rayon Dövlət Arxivinin 20.11.2020-ci il tarixli, 129 saylı arxiv arayışından görünür ki, 02.04.1993-cü tarixə qədər Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlarında, kolxoz və sovxozlarda işləməyi barədə Kəlbəcər rayon Arxiv idarəsində heç bir əsaslı sənəd olmamışdır; DSMF Publik Hüquqi şəxs Kəlbəcər rayon filialının 24.11.2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, Müəssisənin kolxoz və sovxozlara dair 1993-cü ilin aprel ayınadək olan sənədlər işğal zonasında qaldığı üçün arxivə təhvil verilməmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 ərizəyə qarşı etiraz təqdim edərək məhkəmədən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Ərizəçi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq ərizəçi məhkəmənin sonuncu iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, maraqlı şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12.04.2019-cu i tarixli Qərarı ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. İşin hallarından göründüyü kimi ərizəçinin istinad etdiyi hallarla bağlı münasibətləri tənzimləyən normalar pnesiya ilə bağlı hüquq münasibətlərini tənzimləyən normalardan ibarətdir. 7 fevral 2006-cı il tarixli Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmi Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Qeyd edilən Əsasnamənin İİİ bölməsinin 16-17-ci bəndlərinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o ərizəçi ilə 1980-ci ildən 1986-cı ilədək Kəlbəcər rayonunun Kirov adına kolxozunda işləmişdir. Buna baxmayaraq onun da əmək kitabçası mövcud deyildir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərdi ki, o ərizəçi ilə 1980-ci ildən 1986-cı ilədək Kəlbəcər rayonunun Kirov adına kolxozunda işləmişdir. Buna baxmayaraq onun da əmək kitabçası mövcud deyildir. Göründüyü kimi qeyd edilən şahidlər əizəçi ilə birlikdə işləmələrini qeyd etsələr də, onlar həmin yerdə işləmələrinə dair əmək kitabçasını və yaxud hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxs DSMF-nun Kəlbəcər rayon Şöbəsinə qarşı “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar