Məhkəmə qərarları › İş №2(044)-1414/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1414/2021

25.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1414/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanında yerləşən evə olan istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanında yerləşən ev ona məxsusdur. Evin ona məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışı ilə təsdiq olunur. Həmin ev yəni ünvan 1 ünvanda yerləşən ev ona atası X2 tərəfindən baxşeyiş müqaviləsinə əsasən verilmişdir. Cavabdeh ilə 1991-ci ilin iyun ayının 06-da ailə qurmuşdur, nikahları isə 05 mart 1993-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonu qeydiyyat şöbəsində 178 № ilə qeyd etdirmişdilər. Cavabdeh ilə münasibətləri uyğun gəlmədiyi üçün onlar 2011-ci ildən ayrılmışlar. Cavabdeh Rusiya Federasiyasında yaşayır, iddianı qəbul etməsi barədə ərizə göndərmişdir. Cavabdeh ilə aralarında olan nikahın pozulması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanında 2011-ci ildən yaşamır, lakin hələ də onun mənzilində qeydiyyatdadır. Hazırda cavabdehin həmin evdə passport qeydiyyatının qalması onun əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraf ərizəsi göndərərək, iddiaçı arvadı İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanından kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmişdir. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında 05 mart 1993-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanı İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında 04.03.2021-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 saylı ünvanda İddiaçı, Cavabdeh, X3, X4 və X5 qeydiyyatdadırlar. - 10.01.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X2 20000 manat dəyərində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanını İddiaçı bağışlamışdır. - Gəncə Şəhər Baş Polis İdarəsinin 10.03.2021-ci il tarixli 120-7346M3221 saylı məktubunda qeyd edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehin mübahisəli evdən istifadə hüquqları 2000-ci ildən əvvəl yarandığı üçün məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdeh mübahisəli evdən 2011-ci ildən çıxıb gedərək mübahisəli evi tərk etmişdir. Bu isə onun həmin evdən istifadə etməyə ehtiyacı olmadığını, özünə başqa yaşayış yeri seçdiyini göstərir. Həmçinin cavabdeh ərizəsində iddianı etiraf edərək mübahisəli mənzildən istifadə hüququnun olmadığını təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki, cavabdehin 10 ildir çıxıb gedərək yaşamadığı mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanından istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 16, mənzil 38 ünvanında yerləşən evdən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar