Məhkəmə qərarları › İş №2(044)-152/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-152/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-152/2021 23.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faizlərin, cərimənin ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 628 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 49528,44 (qırx doqquz min beş yüz iyirmi səkkiz) manat 44 qəpik məbləğində əsas borc, 10747,66 (on min yeddi yüz qırx yeddi) manat 66 qəpik məbləğində faiz borcu, 2508,64 (iki min beş yüz səkkiz) manat 64 məbləğində cərimə borcu, ümumilikdə isə 62784,74 (altmış iki min yeddi yüz səksən dörd) manat 74 qəpik məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 31 (otuz bir) manat ipotekanın qeydə alınması üçün ödənilmiş pulun, cəmi 61(altmış bir) manat məbləğində məhkəmə xərcinin tutulmasına; ipoteka predmetinin ilkin satış qiymətinin 62000 (altmış iki min) manat məbləğində müəyyən edilməklə, Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına; mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra fərdi yaşayış evində yaşayanlar yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. Cəfərov X1 ASC-yə ərizə ilə müraciət edərək, ona yaşayış sahəsinin alınması üçün kredit verilməsini xahiş etmişdir. Bank ilə borcalan arasında 04 sentyabr 2015-ci il tarixdə 628 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün illik 8 faiz ödənilməsi şərti ilə 300 ay müddətinə 49.600 (qırx doqquz min altı yüz) manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi bağlandıqdan sonra 08 sentyabr 2015-ci il tarixdə Cavabdeh, X3 və İddiaçı ASC-nin adından nümayəndə X5 arasında Gəncə şəhəri 1 saylı Notariat Kontorunda Alqı-Satqı və İpoteka Müqaviləsi bağlanaraq, satıcı X3 tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Alıcı-ipoteka qoyan Cavabdeh mülkiyyətinə verilmişdir. Qeyd edilən fərdi yaşayış evinin satış qiyməti 62000 (altmış iki min) manat təşkil etmiş və həmin vəsaitin 49600 (qırx doqquz min altı yüz) manat hissəsi Alıcı-ipoteka qoyana Cavabdeh ayrılmış 04 sentyabr 2015-ci il tarixli 628 saylı kredit müqaviləsinə əsasən satıcının hesabına köçürülmüşdür. 08 sentyabr 2015-ci il taixli Alqı-Satqı və İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazı İdarəsində ipotekaların dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ********** qeydiyyat nömrəli nömrəli, RX ******* saylı Çıxarış verilmişdir. Lakin borclu şəxs hazırki iş üzrə cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 25 sentyabr 2019-cu il tarixə Banka 49528,44 manat məbləğində əsas borc, 10747,66 manat məbləğində faiz borcu, 2508,64 manat cərimə borcu, ümumilikdə isə 62784,74 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 04 sentyabr 2015-ci il tarixdə 628 №-li Kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 8 faizlə 300 ay müddətinə 49.600 manat məbləğində kredit verilmişdir; 08 sentyabr 2015-ci il tarixli Alqı-Satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün X4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,05 ha torpaq sahəsi ilə birlikdə ipoteka (girov) ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrin RX seriyalı ******* №-li Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.05 ha torpaq sahəsi İddiaçı ASC-nin 04.09.2015-ci il tarixdən 04.09.2040-cı il tarixədək yüklü edilmişdir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1313 nömrəli, 11 iyun 2020-ci il tarixli rəyindən görünür ki, 04 sentyabr 2015-ci il tarixli 628 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh maliyyə arayışının təqdim edilmə tarixinə, yəni 25.09.2019-cu il tarixinə İddiaçı ASC-yə olan borcu 49.528.44 manat əsas, 10.747.66 manat faiz borcu, ümumilikdə 60.276.10 manat müəyyən edilmişdir; “X2”-nin 212 nömrəli 24 may 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə likvid dəyəri 48000 manat təşkil etmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli, 628 №-li Kredit saylı kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün əsas və faiz borcuna münasibətdə təmin edilməlidir. İddiaçının həmin hissədə tələbinin qanuni olması aparılmış ekspertiza tədqiqatı ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi ekspertiza tədqiqatı nəticəsində cərimənin hesablanmasının mümkün olmadığı göstərilsə də, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən tərəflər cərimənin ödənilməsi qaydası barədə şərtləşmişlər. Həmin bənddə göstərilənlərə əsasən borcalan bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizlərin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin iki qat miqdarında dəbbə pulu ödəməlidir. İddiaçı cərimə tələb etmək də haqlı olmuşdur. İş materiallarından göründüyü kimi cavabdehin kredit üzrə sonuncu ödəniş məbləği 13 noyabr 2015-ci ildə 349 manat 69 qəpik olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı hissədə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə cəmi 2508.64 manat cərimə pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhtəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda sadalanan maddi hüquq normalarının təhlilindən aydın olur ki, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin Mülki Məcəllədə imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər və məhkəmə yalnız işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə dəbbə pulunu cəmi 500 manata qədər azaldılmasını işin hallarına uyğun hesab edir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan evdə yaşayanların çıxarılmasına da münasibət bildirərək onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti–qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İş materiallarında olan müstəqil qiymətləndiricinin rəyindən görünür ki, ipoteka predmetinin likvid dəyəri 48000 manat məbləğində müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. X5 ipoteka predmeti olan evin boşaldılması ilə bağlı öhdəlik götürdüyündən məhkəmə iddia tələbinin ipoteka predmeti olan evdə yaşanların çıxarılmasına dair hissəsini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinin tələbinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2.ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, məhkəmə xərci olan 31 manat məbləğində dövlət rüsumu və ipotekaya tutmanın yönədilməsinə dair bildirişin qeydə alınmasına görə yaranmış 31 manat məbləğində pul cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 49528.44 manat məbləğində əsas borc, 10747.66 manat məbləğində faiz borcu, 500 manat cərimə borcu, cəmi 60776.1 manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, 31 (otuz bir) manat ipoteka predmetinə tutmanın yönədilməsinə dair bildirişin qeydə alınmasına görə müəyyən edilmiş xərc alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka predmeti olan ünvan 4 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilərək hərrac yolu ilə satılmalı, ipoteka predmetinin likvid dəyəri 48000 manat qiymətləndirilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 49528.44 manat məbləğində əsas borc, 10747.66 manat məbləğində faiz borcu, 500 manat cərimə borcu, cəmi 60776.1 manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, 31 (otuz bir) manat ipoteka predmetinə tutmanın yönədilməsinə dair bildirişin qeydə alınmasına görə müəyyən edilmiş xərc alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 48000 manat müəyyənləşdirilməklə tutma kredit üzrə öhdəliklərin təminatı kimi ünvan 4 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin və həmin fərdi yaşayış evi açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilsin. Satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait hesabına 49528.44 manat məbləğində əsas borc, 10747.66 manat məbləğində faiz borcu, 500 manat cərimə borcu, cəmi 60776.1 manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, 31 (otuz bir) manat ipoteka predmetinə tutmanın yönədilməsinə dair bildirişin qeydə alınmasına görə müəyyən edilmiş xərc İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar