Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1525/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsə hesab edilməməyə dair» iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsə hesab edilməməyə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 ölümündən sonra Cavabdeh onun qanun üzrə vərəsəsi hesab edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X2 2020-ci ilin sentyabr ayından ikinci Qarabağ müharibəsində iştirak etmək üçün yollanmış və 08 noyabr 2020-ci il tarixdə hərbi əməliyyat nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədə, baş beyinin diffuz travması nəticəsində Xankəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Cavabdeh ilə iddiaçının nikahları artıq 10 ildir ki, pozulmuşdur. Cavabdehlə aralarında olan nikahları pozulduqdan sonra hər üç uşaqları üçün aliment kəsilmiş, cavabdeh alimentin ödənilməsindən boyun qaçırmış, uşaqlarına baxmamış, öz valideynlik hüquq və vəzifələrini icra etməmişdir. Cavabdeh ikinci ailə qurmuş və ikinci ailə qurduqdan sonra qətnamə üzrə müəyyən edilmiş alimenti tamamilə ödəməmiş, ümumiyyətlə uşaqlarının nə təhsili, nə tərbiyəsi ilə maraqlanmamış, ünsiyyətdə olmamışdır. Cavabdeh 10 il müddətində ümumiyyətlə uşaqları ilə maraqlanmadığı halda indi övladının şəhid olmasından istifadə edərək övladını sağlığında saymayan, maraqlanmayan onun qayğısını, heç bir əziyyətini və problemini çəkməyən ata olduğu halda onun şəhid pulunu ləyaqətsizcəsinə yiyələnmək istəyir. Cavabdeh evlilik müddətində dəfələrlə onu döymüş, xəsarətlər yetirmişdir. Hazırda isə cavabdeh indiyədək valideyn olaraq üzərinə düşən öhdəliyi icra etmədiyi halda valideyn olaraq vərəsə ola bilməz. Övladının çətin dövrlərində onun valideyn hüquq və vəzifələrinin icrasında iştirak etməyən atanın vərəsə hesab edilməsi qəbul edilməzdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatnı dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 02.12.2020-ci il tarixdə İmişli regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 08 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədə, baş beyinin diffuz travması nəticəsində vəfat etmişdir. 17.01.2011-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 17 yanvar 2011-ci il tarixdə pozulmuşdur. Məhkəmə mülki işin materiallarına və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə iddia üzrə cavabdehin qanun üzrə vərəsə hesab edilməməsi üçün qanunvericiliklə müəyyən edilmiş halların mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə araşdırması zamanı şəxsin qanun üzrə vərəsə hesab edilməməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı halların mövcud olması müəyyən edilməmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar onları təsdiq etməli olan fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsə hesab edilməməyə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1525/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1525/2021
11.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver