Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1600/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim–Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi İddiaçı–İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 315 nömrəli fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 315 nömrəli fərdi yaşayış evi DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ona məxsusdur. Həmin fərdi yaşayış evini Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 56000 manata almışdır. Cavabdeh fərdi yaşayış evini 18.01.2021-ci il tarixədək ona verməli olsa da, o, buna məhəl qoymamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi 11.01.2021-ci il tarixli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 315 nömrəli fərdi yaşayış evi İddiaçı adınadır; Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan görünür ki, şəhadətnamə verilən miras əmlaka dair X3 adına 26.02.1993-cü il tarixli qeydiyyat vəsiqəsi mövcud molmuşdur; 18 dekabr 2020-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Verdiyev X5 şəhəri, Əziz Əliyev küçəsində yerləşən 315 nömrəli fərdi yaşayış evini İddiaçı 18.12.2020-ci il tarixdə satmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul etməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını işdə olan digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 18 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı alıcıya verməyi öhdəsinə götürməsinə baxmayaraq nə özü, nə də evin satıcısı mübahisəli evdən qeydiyyatdan çıxmamaqla fərdi yaşayış evini boşaltmamışlar. Bu səbbədən də iddiaçı mülkiyyətçi kimi fərdi yaşayış evindən çıxarılma tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan evdən çıxarılmalıdırlar. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 315 nömrəli fərdi yaşayış evindən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən 315 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1600/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1600/2021
24.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver