Məhkəmə qərarları › İş №2(044)-1635/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1635/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1635/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Gəncə şəhəri Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus 03 yanvar 1968-ci il tarixdə Bərdə rayonu Kələntərli kəndində 01 № li akt qeydi ilə qeydiyyata alınmış nikah şəhadətnaməsində ata adının Xəbi əvəzinə Həbib yazılması akt qeydiyyat kitabında qeydiyyatının düzgün olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona məxsus olan 3 yanvar 1968-ci il tarixdə Bərdə rayon, Kələntərli kənd nümayəndəliyində 01 akt № ilə qeydə alınmış nikah şəhadətnaməsində ata adının Xəbi əvəzinə Həbib yazılması və nikah bağlandıqdan sonra soyadının Həsənova əvəzinə Şahmarova yazılması barədə akt qeydiyyat kitabında qeydiyyatın düzgün olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edrək bildirmişdir ki, onun ailəsi represiya qurbanı olmuş, 1930-cu il tarixdə Qazaxstan Respublikasına sürgün edilmiş, o, da 1949-cu ildə Qazaxstan Respublikasında anadan olmuşdur. Bugün represiya qurbanları dövlət tərəfindən müəyyən güzəştlər edirlər. O, da represiya qurbanları olan ailənin üzvü kimi bu güzəştlərdən istifadə etmək istəyir. Ancaq onun 03 yanvar 1968-ci il tarixdə Şahid ilə bağladığı nikahda ata adı Xəbi əvəzinə Həbib, nikah bağlandıqdan sonra soyadı Həsənova əvəzinə Şaxmarova yazılmışdır. Halbuki o, nikaha daxil olduqdan sonra uşaqlarının doğum şəhadətnamələrində və digər sənədlərində onun soyadı Həsənova kimi qeyd edilmişdir. Həmin nikah 27 yanvar 1981-ci il tarixdə ləğv edilmiş, ləğv edilərkən isə onun ata adı və soyadı düzgün göstərilmiş, belə ki, ata adı Xəbi, soyadı Həsənova qeyd edilmişdir. Buna baxmayaraq ona güzəştlərin tətbiq edilməsi üçün Baş prokurorluqdan 1968-ci ilin nikah şahadətnaməsi ondan tələb edilir. O, Bərdə rayon qeydiyyat şöbəsinə müraciət etdikdən sonra nikah şəhadətnaməsində bu nöqsanları görmüşdür. O, həmin nöqsanların aradan qaldırılması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona mitina məktubu verilmişdir. Ona görə də o, məhkəmə müraciət etmişdir. Sonda ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, ərizəçi onun arvadıdır. O, 03.01.1968-ci il tarixdə Ərizəçi ilə rəsmi nikaha daxil olmuş, bundan sonra arvadı Həsənova soyadını qəbul etmiş, həmçinin arvadının ata adı Xəbi olmuş və bütün sənədlərdə bu cür qeyd edilmişdir. Sonradan onlar 27.01.1981-ci il tarixdə ləğv edilmiş, həmin vaxt arvadının ata adı və soyadı düzgün göstərilmişdir. Lakin sonradan onlar represiya qurbanlarına tətbiq edilən güzəştlə bağlı Baş prokurorluğa müraciət etdik də, məlum olmuşdur ki, nikah şəhadətnaməsində arvadının ata adı və nikah bağlanıqdan sonra soyadı düzgün qeyd edilməmişdir. Buna görə də arvadı məcbur olub məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1949-cu ildə Qazaxstan Respublikasında anadan olmuşdur. - Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şahid ilə X5 03 yanvar 1968-ci il tarixdə Bərdə rayon Kələntərli kəndində rəsmi nikaha daxil olmuşlar. Onların nikah 27 yanvar 1981-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində pozulmuşdur. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 04 yanvar 1970-ci il tarixdə Gəncə şəhərində doğulmuş X2, 19 noyabr 1968-ci il tarixdə Gəncə şəhərində doğulmuş X3 və 20 avqust 1971-ci il tarixdə Gəncə şəhərində doğulmuş X4 ata qrafasında Şahid, ana qrafasında Ərizəçi Həbi qızı qeyd olunmuşdur. - nikah haqqında şəhadətnamədən görünür ki, Şahid ilə Ərizəçi 20 may 2014-cü il tarixdə Gəncə şəhər Asan xidmət qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 30.03.2021-ci il tarixli məktubdan görünür ki, Bərdə rayon Kələntərli kənd icra nümayəndəliyində 03.01.1968-ci il tarixli 01 saylı akt qeydi ilə nikah qeydiyyatı aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Şaxmarova” soyadı verilmişdir. Həmin nikah Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində 27.01.1981-ci il tarixdə 17 saylı akt qeydi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. Qadinin nikah və nikahın pozulması haqqında akt qeydində ata adı “Həbib” kimi yazılmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyata şöbələri tərəfindən həyata keçirilir. Qanunveriliyin tələblərinə uyöun olaraq ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. X1 məxsus doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsindən həqiqətən onun ata adının Xəbi olduğu görünür. Həmçinin Ərizəçi nikah bağlandıqdan sonra doğulmuş uşaqlarının doğum şəhadətnamələrində ana qrafasında, özünə məxsus əmək kitabçasında və pensiya vəsiqəsində onun adı Ərizəçi kimi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 03.01.1968-ci il tarixdə, Bərdə rayonu Kələntərli kənd icra nümayəndəliyində qeyd olunmuş 01 nömrəli nikah akt qeydində Ərizəçi ata adı “Xəbi” əvəzinə “Həbib”, nikah bağlandıqdan sonra soyadı “Həsənova” əvəzinə “Şaxmarova” qeyd edilməsi düzgün olmamışdır. Həmin nikah akt qeydinə düzəliş edilməsi kifayət qədər əsas olmadığı üçün Maraqlı şəxs tərəfindən mümkün olmamış və imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 və 161.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, hüquq haqqında mübahisə olmadan Maraqlı şəxs tərəfindən edilmiş qeydə düzəliş etməkdən imtina etdiyini nəzərə alaraq hesab edir ki, Ərizəçi 03.01.1968-ci il tarixdə, Bərdə rayonu Kələntərli kənd icra nümayəndəliyində qeydə alınmış 01 nömrəli nikah akt qeydində ata adının “Xəbi” əvəzinə “Həbib”, nikah bağlandıqdan sonra soyadının “Həsənova” əvəzinə “Şaxmarova” kimi qeyd edilməsinin düzgün olmaması müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. Ərizəçi 03.01.1968-ci il tarixdə, Bərdə rayonu Kələntərli kənd icra nümayəndəliyində qeydə alınmış 01 nömrəli nikah akt qeydində ata adının “Xəbi” əvəzinə “Həbib”, nikah bağlandıqdan sonra soyadının “Həsənova” əvəzinə “Şaxmarova” kimi qeyd edilməsinin düzgün olmaması müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar