Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1737/2019 21.11.2019 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili və İddiaçı3 nümayəndəsi X1, Cavabdeh2 vəkili və nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi 86, ev 2, 13 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22.02.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi 86, ev 2, 13 saylı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22.02.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına qeydə alınmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə 1993-cü ildə faktiki, 1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 1995-ci ildə isə boşanmışlar. Lakin onlar boşandıqdan sonra da faktiki olaraq ailə kimi bir yerdə yaşayaraq birgə təsərrüfat idarə etmişlər və uşaqları boşandıqları vaxtdan sonra doğulmuşdur. ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 digər Cavabdeh2 adına almış və buna görə də sonradan 02.07.2014-cü il tarixdə mənzil Şöhrətin adına keçmişdir. Lakin onunla Şöhrətin arasında 20.07.2017-ci il tarixdə dava olduqdan 2 gün sonra, yəni 22.07.2017-ci il tarixdə Şöhrət formal olaraq, hüquqdan sui-istifadə edib mənzili yenidən anası Cavabdeh2 adına sənədləşdirmişdir. Bundan sonra Cavabdeh2 ona və qızlarına qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmış, həmin iş üzrə onlar istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişlər və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli, 2(044)-301/2018 saylı qətnaməsinə əsasən ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Hal-hazırda Cavabdeh2 onlara qarşı kompensasiya verilməklə evdən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdehlərin qarşılıqlı planlaşdırılmış şəkildə qeyriqanuni hərəkətləri nəticəsində onların evsiz-eşiksiz qalma təhlükələri yaranmışdır. Şöhrət evi anası Balaxanımının adına keçirərək onları həmin evdən çıxarmaq istəyir. Sonda İddiaçı1 məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, İddiaçı1 izahatındakı xüsusatları təsdiq edib məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 nümayəndəsi Xatirə Cəbrayılova iddianı müdafiə edərək İddiaçı1 izahatındakı xüsusatları təsdiq edib əlavə olaraq bildirdi ki, Cavabdeh1 məqsədli şəkildə evi anası Cavabdeh2 adına keçirərək qızlarını gələcəkdə miras paydan məhrum etmək istəyir. Ali Məhkəmənin 16.10.2018-ci il tarixli qərarında da cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmasında hüquqdan sui-istifadə hallarının olubolmamasının apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığı qeyd edilmişdir. Hətta Şöhrət, qızı Zülfiyyəyə telefon vasitəsi ilə göndərdiyi səs yazısında da iddiaçıları evdən çıxaracağını qeyd etmişdir. Hal-hazırda iddiaçıların yaşamaq üçün başqa evləri yoxdur. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Zabil Qəhrəmanov iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur, çünki cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanması iddiaçıların hər hansı hüquqlarını pozmur. Belə ki, Şöhrət mülkiyyətçi olaraq öz hüquqlarından istifadə edib özünə məxsus evi anası Cavabdeh2 adına keçirmişdir. Həmçinin qarşı tərəf gələcəkdə iddiaçılar Zülfiyyə və Şəlaləyə miras əmlak qalmaması üçün cavabdehlərin alqı-satqı müqaviləsi bağladığını bildirmişdir, o, bununla razı deyildir. Belə ki, istənilən şəxs öz sağlığında mülkiyyətində olan əmlak barəsində sərəncam verə bilər və bu gələcəkdə vərəsə olacaq şəxslərin hüquqlarını pozmur. Hazırda isə cavabdehlər iddiaçılara kompensasiya ödəmək yolu ilə evdən çıxarmaq barədə iddia qaldırmışlar, buna görə də Şöhrət telefon vasitəsi ilə göndərdiyi səs yazısında iddiaçıları çıxaracağını və onunla qalmaq istəyənin həmin evdə qala biləcəyini bildirmişdir. Həmçinin qarşı tərəfin istinad etdiyi Ali Məhkəmənin qərarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işmateriallarında olan: - 4Ə-1-263 nömrəli, 22.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarında görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilini 15000 manata Cavabdeh2 satmışdır. - Ali Məhkəmənin 16.10.2018-ci il tarixli, 2(102)-6867/2018 saylı qərarının surətindən və Gəncə Apellyasiya Məhkəməsinin 25.02.2019-cu il tarixli, 2(104)-897/2019 saylı qərardadından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı evdən çıxarılma tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi 86, ev 2, mənzil 13 ünvanına istifadə hüquqlarının tanınması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsi ləğv edilib yeni qətnamə qəbul edilərək, ilkin iddia təmin olunub İddiaçı1, İddiaçı3 və İddiaçı2 Gəncə şəhəri, Nizami rayonu, X7 küçəsi 86, ev 2, mənzil 13-dən çıxarılmaları qət edilərək qarşılıqlı iddia rədd edilmişdir. Ali Məhkəmənin 16.10.2018-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 25.02.2019-cu il tarixli qərardadına əsasən Cavabdeh2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə icraata ona münasibətdə xitam verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş diskdə olan Cavabdeh1 tərəfindən İddiaçı3 göndərilən səs yazısında Cavabdeh1 iddiaçıları evdən çıxaracağını, qızlarından onunla qalmaq istəyənin həmin evdə qala biləcəyini, lakin İddiaçı1 həmin evdə qalmağına icazə verməyəcəyini demişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçıların cavabdehlərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqlarının mövcud olmadığı müəyyən edilmişdir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətçi olaraq ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var və bu dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh1 öz hüquqdan istifadə edərək ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Akademik H.Əliyev küçəsi 86, ev 2, 13 saylı mənzili anası Cavabdeh2 satması iddiaçıların hüquqlarını pozmur, ona görə ki, alqı-satqı müqaviləsindən sonra iddiaçıların həmin evə istifadə hüquqları tanınmış və hazırda Cavabdeh2 mülkiyyətçi olaraq kompensasiya ödəmək yolu ilə iddiaçıların istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıların cavabdehlərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Lakin iddiaçılar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsi çıxarılarkən artıq mənzilin Cavabdeh2 mülkiyyətinə keçdiyini bildiklərinə baxmayaraq alqı-satqı müqaviləsinin bağlandığı 22.07.2017-ci il tarixdən 1 il ərzində həmin əqdi mübahisələndirməmişlər. Beləliklə məhkəmə iddiaçıların mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadıqlarını və əqdi mübahisələndirmə müddətini ötürdüklərini nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T Dİ : iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1737/2019
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1737/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver