Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1754/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlu, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi Komissiyası cəlb edilməklə) “Azərbaycan Respublikası N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun N saylı hərbi hissələrdə döyüş xidməti –həqiqi hərbi xidmət keçməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçi müharibə veteranı adı statusu və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin sonuncudan imtina cavabı almışdır. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci maddəsində məhkəmə müəyyən edilməsi barədə baxdığı işlərin siyahısı göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmə barədə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Təsvir edilənlərə əsasən hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, habelə onun idarə, şöbə və xidmətlərinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi Komissiyası cəlb edilməklə) “Azərbaycan Respublikası N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçi izah edilsin ki, o, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, habelə onun idarə, şöbə və xidmətlərinin ona veteran adı statusu və vəsiqəsi verilməsi ilə bağlı qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-1754/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1754/2022
07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver