Məhkəmə qərarları › İş №2(044)-1776/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1776/2021

30.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1776/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və onun vəkili X5, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi 9A nömrəli evə olan istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. 16.04.2021-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək qiyabi qətnamə ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün məhkəmə baxış iclasına təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, ünvan 1 nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş, hazırda o, həmin evi qızı Nailəyə bağışlamışdlr. Cavabdeh onun oğludur və 2014-cü ildən həmin evdə yaşamamış, sonuncu dəfə 2 il bundan qabaq evə gəlib müəyyən əşyalarını götürmüşdür. İş üzrə qiyabi qətnamə çıxdıqdan sonra evi qızı Nailə Musayevaya bağışlamışdır. Onun hazırda cavabdehə kompensasiya ödəməyə maddi imkanı çamır, o, kompensasiya ödənilmədən cavabdehin istifadə hüququnun itirilməsini istəyir. Sonda iddiaçı iddiann təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, anadan olduğu gündən 2 il əvvələ kimi, təxminən 2019-cu ilin yay aylarına qədər mübahisə predmeti olan evdə yaşamışdır. Həmçinin 2014-cü ildə o, müalicə üçün Rusiya Federasiyasında müalicəyə getmiş, daha sonra işləmək üçün Bakı şəhərində kirayədə yaşamışdır. O, ailə qurduqdan sonra anası onun arvadını qəbul etmədiyi üçün aralarında münasibətlər pisləşmişdir. Son 2 ili o, Bakı şəhərində kirayədə yaşayır, lakin onun və ailəsinin müəyyən əşyaları həmin evdədir. O, bir neçə dəfə həmin evə qayıtmağa cəhd etsə də, qarşı tərəf müdaxilə etmişdir. Onun qiyabi qətnamədən əvvəlcədən məlumatı olmamış, məlumatı olan kimi ərizə ilə müraciət etmişdir. O, iddiaçı tərəfindən ona kompensasiya ödənildiyi təqdirdə istifadə hüqquna xitam verilməsinə razıdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərdi ki, ünvan 1 nömrəli ev iş üzrə qiyabi qətnamə çıxarıldıqdan sonra anası Minarə tərəfindən ona bağışlanılmış və hal-hazırda onun mülkiyyətindədir. Qardaşı Əli 2 ildir ailəsi ilə birlikdə həmin evdən çıxıb getmiş, həmin evdə yaşamır, ancaq 1 otaqda əşyalarını yığaraq qapını kilidləmişdir. Buna görə də o, hazırda qardaşı Əliyə qarşı ayrıca iddia qaldırmışdır. Sonda iddianın təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarına əlavə edilmiş: - 05.09.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. - Gəncə şəhəri Nizami rayon Polis idarəsinin 25 sentyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxması üçün “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3-da İddiaçı, X8, Cavabdeh, Osman-zadə Hüseyn Samir oğlu qeydiyyatdadılar. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 9 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh qeydiyyatdadır və 2014-cü ildən həmin ünvanda yaşamamışdır. - Evlər üçlüyü tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh 2014-cü ildən bugünə kimi yaşamamışdır. Aktın doğruluğunu öz imazları ilə İddiaçı, X6, X7, X3, X1 təstiq etmişlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehin mənzildə yaşaması ilə bağlı mübahisəli hüquq münasibətləri 2001-ci il sentyabrın 1-dək yarandığına görə məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) 53 və 123-cü maddələrinə əsasən cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququ yaranmışdır. Çünki “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər. Bundan başqa, həmin qərarda qeyd olunmuşdur ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Yuxarıda qeyd olunan qərarın məzmunundan görünür ki, 01 sentyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə istifadə hüququ yaranmış şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq olunmaqla kompensasiyanın verilməsi mümkündür. Yəni, Cavabdeh münasibətdə iddianın təmin olunması üçün hüquqi əsas mövcuddur və bu zaman mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür. Həmçinin, yuxarıda qeyd olunan qərarda göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Lakin məhkəmə iclasında iddiaçıya cavabdehə kompensasiya ödəməklə sonuncunun istifadə hüquqlarına xitam verilməsi təklif olunsa da, iddiaçı kompensasiya ödəməkdən imtina etmişdir. Bundan başqa həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) 53-cü maddəsinin birinci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə baxışında müəyyən olunmşdur ki, cavabdeh doğulduğu xx.xx.1989-cu il tarixdən ünvan 3 ünvanında yaşamışdır. Evlər üçlüyünün təsdiq etdiyi qonşular tərəfindən tərtib edilmiş aktda və 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda cavabdehin 2014-cü ildən həmin evdə yaşamadığı qeyd edilmişdir. Lakin tərəflərin izahatından məlum olmuşdur ki, cavabdeh 2014-cü ildən müalicə üçün Rusiya Federasiyasına, işləmək üçün Bakı şəhərinə getmiş, hazırda ailəsi ilə Bakı şəhərində kirayədə yaşayır və orada cavabdehin heç bir daimi yaşayış yeri yoxdur. İddiaçı cavabdehin özünə başqa daimi yaşayış yeri seçməsini, bununla əlaqədar mübahisəli mənzili tərk edib getməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar