Məhkəmə qərarları › İş №2(044)-1796/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1796/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1796/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh (Quliyeva) X3 qarşı mənzilin boşaldırlaraq təhvil verilməsi tələbinə dair ilkin, cavabdeh (Quliyeva) X2 iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı müqavilənin bir tərəfli qaydada ləğvinin etibarsız hesab edilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair bütün sənədlərin verilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması və vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh (Quliyeva) X4 tərəfindən Gəncə şəhəri, H.Əliyev küçəsi 31 ünvanında tikilən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (Quliyeva) X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.11.2006-cı il tarixli 041 saylı müqavilənin "xxxx" MTK tərəfindən birtərəfli qaydada ləğv olunmasının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında tikilmiş çoxmənzilli binanın 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilə dair borcun olmaması barədə maliyyə arayışının və çıxarışın alınması üçün lazım olan bütün sənədlərin verilməsi vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulması və "xxxx" MTK tərəfindən 03.11.2006-cı il tarixli 041 saylı müqavilə şərtlərinə tam əməl edilməməsi nəticəsində vurulmuş 20 000 manat maddi və 10000 manat mənəvi ziyanın iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirdi ki, 03.11.2006-cı il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış 041 saylı müqaviləyə əsasən iddiaçı Gəncə şəhəri, H.Əliyev küçəsi 31 ünvanında tikilən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzili cavabdehə verməyi, sonuncu isə 27,717 ABŞ dollarını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh müqavilə imzalandığı tarixdən 18 ay müddətinə ödənişi həyata keçirib bitirməli idi, lakin cavabdeh mənzilin dəyərini tam ödəməmiş və sonuncunun iddiaçıya 8500 ABŞ dolları əsas, 3000 ABŞ dolları cərimə borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq borc ödənilməmiş, bu səbəbdən də müqavilə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Bundan sonra mənzilin boşaldılaraq təhvil verilməsi barədə cavabdehə məktub göndərilmiş, sonuncudan mənzili 3 gün ərzində boşaldıb təhvil verməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi, həmçinin mənzil təhvil alındıqdan sonra satılaraq ödənilmiş mənzilin dəyərinin geri qaytarılacağı bildirilmişdir. Lakin cavabdeh bu günə qədər mənzili boşaldıb iddiaçıya təhvil verməmişdir. Bundan başqa cavabdehin qarşılıqlı iddia ərizəsindəki tələbləri də əsassızdır. Belə ki, cavabdeh qarşılıqlı iddia barədə ərizəsində bildirir ki, payçı kimi müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Cavabdeh ”Gəncə Qalası” MTK-ya borcunun hamsını ödədiyini bildirsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişdir. Cavabdeh borcunu tam şəkildə ödəmiş olmasını mənzildə təmir işləri aparması ilə əsaslandırmışdır. Belə ki, tərəflər arasında olan müqavilənin hesablaşmalar hissəsinin 6-cı bəndinə əsasən Payçı yalnız mənzilin dəyərini tam ödədikdən sonra təmir işlərinə başlaya bilər. Ancaq cavabdeh özü bu əsasını "xxxx" MTK-nın müdirinə ünvanladığı məktubla təkzib etmişdir. Cavabdeh həmin məktubda bildirmişdir ki, uzun müddət kirayədə yaşadığından tərəfindən mənzildə təmir işlərinin aparılmasına MTK-nın rəhbərliyi icazə və razılıq vermişdir. Eyni zamanda, cavabdeh həmin məktubda ödənişi qəsdən saxladığını da bildirmişdir. Göründüyü kimi, cavabdehə təmir işləri aparması üçün icazə mənzilin dəyərini tam şəkildə ödədiyi üçün verilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə iddiaçı qarşısında öhdəliyini tam şəkildə yerinə yetirməsini sübut edən heç bir dəlil təqdim etməmişdir. Cavabdeh bildirmişdir ki, "xxxx" MTK tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanunsuzdur və etibarsız hesab edilməldir. Cavabdehin bu tələbi də tamamilə əsassızdır. Belə ki, müqavilənin bir tərəfli qaydada ləğv edilməsi Mülki Məcəlləyə və tərəflər arasında bağlanmış 03.1 1.2006-cı il tarixli 041 saylı müqaviləyə uyğundur. Sözügedən müqavilənin hesablaşmalar hissəsinin 4-cü bəndinə əsasən növbəti ödənişlər gecikdirildikdə “Kooperativ” müqaviləni bir tərəfli qaydada pozmaqla “Payçı”-nın ödədiyi pay haqqının onun mənzilini başqa “Payçı”-ya verdikdən sonra qaytarır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, "xxxx" MTK tərəfindən müqavilənin bir tərəfli qaydada ləğv edilməsi qanunsuz olmamışdır. Cavabdehə 05.02.2021-ci il tarixdə göndərilən pretenziya məktubu ilə müqavilənin ləğv edilməsi barədə məlumat verilmişdir. Müqavilənin ləğv edilməsi barədə cavabdehə məktub göndərilmişdir. Cavabdeh, həmçinin ünvan 3 ünvanında tikilmiş çoxmənzilli binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasını, həmin mənzilə dair maliyyə arayışının və çıxarışın alınması üçün lazım olan bütün sənədlərin verilməsinin "xxxx" MTK-nın üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulan ödənişləri tam şəkildə ödəməyərək, öz öhdəliklərini pozduğu üçün bu tələbləri də əsassızdır. Cavabdeh qarşılıqlı iddia ilə "xxxx" MTK-nın 03.11.2006-ci il tarixli 041 saylı müqavilə şərtlərinə tam əməl etməməsi nəticəsində vurulmuş 20 000 manat maddi və 10000 manat mənəvi ziyanın "xxxx" MTK-dan tutularaq, ona ödənilməsi barədə qətnamənin çıxarılmasını da xahiş etmişdir. Cavabdehin bu tələbi də tamamilə əsassızdır. O, tələb etdiyi məbləğlərlə bağlı heç bir sübut təqdim etməmiş, əsassız olaraq maddi və mənəvi ziyana görə kompensasiya tələb etmişdir. Sonda iddiaçının nümayəndəsi ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, iddiaçı ilkin iddiasında cavabdehin mübahisəli mənzilin dəyərini tam ödəmədiyini, hazırda cavabdehin kooperativə 8500 ABŞ dolları əsas və 3000 ABŞ dolları cərimə borcu qaldığını, pretenziya məktubunun göndərilməsinə baxmayaraq guya borcu ödəmədiyini qeyd edtmişdir. Bu şəbəbdən də, 03.11.2006-cı il tarixli 041 saylı müqavilə "xxxx" MTK tərəfindən həmin müqavilənin 3-cü hissəsinin 4-cü bəndinə əsasən birtərəfli qaydada ləğv edilmişdir. Bundan sonra, mənzilin boşaldılması ilə bağlı pretenziya göndərilmiş, lakin cavabdeh indiyədək mənzili boşaldıb təhvil verməmişdir. Qeyd olunanlarla bağlı bildirmək istəyir ki, iddia tələbinin dəlilləri əsassızdır və həmin iddia ərizəsi yalnız iddiaçının təfəkkürünün uydurmasına uyğun olaraq tərtib edilmişdir. Belə ki, "xxxx" MTK ilə cavabdeh arasında 03.11.2006-cı il tarixdə 041 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MTK tərəfindən cavabdehə dəyəri 23717 ABŞ dolları təşkil edən və ünvan 1 ünvanında tikilmiş çoxmənzilli binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzil verməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə görə “Payçı” mənzilin pay haqqını müəyyənləşdirən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. “Payçı” kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmiş, 03.11.2006-cı il tarixdə 041 saylı müqavilənin hesablaşmalar bölməsinin 6-cı bəndinə əsasən cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənildiyi üçün təmir işlərinə başlamağına icazə verilmiş və sonuncu digər qızıl-zinət əşyalarını sataraq ümumilikdə mənzilin təmir işlərinə 43 000 ABŞ dolları məbləğində xərc çəkmişdir. 2020-ci ilin dekabr ayında cavabdeh yenidən "xxxx" MTK-ya müraciət edərək özünə məxsus olan ünvan 1 ünvanında tikilmiş çoxmənzilli binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzilə dair borcun olmaması barədə maliyyə arayışının və mənzilə dair çıxarışın alınması üçün lazım olan bütün sənədlərin verilməsini tələb etdikdə, "xxxx" MTK tərəfindən bildirilmişdir ki, guya cavabdehin 8500 ABŞ dolları məbləğində borcu vardır. Cavadeh etiraz etmiş, heç bir borcu olmadığını, bu borc məbləğinin hardan olduğunu, borcu tam ödədiyi üçün təmir işlərinə icazə verildiyini bildirmişdir. Cavabdehə bildirilmişdir ki, borcu ödəmiyincə heç bir mülkiyyət sənədi verilmiyəcəkdir. Əgər cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində qeyd olunduğu kimi 03.11.2006-cı il tarixli 041 saylı müqavilənin hesablaşmalar bölməsinin 4-cü bəndini pozmuşamsa, onda necə olur ki, həmin müqavilənin hesablaşmalar bölməsinin 6-cı bəndi icra olunmuşdur? Halbuki, müqavilənin hesablaşmalar bölməsinin 6-cı bəndinin icra olunması, 4-cü bəndinin tələbləri ilə birbaşa əlaqəlidir. Əgər cavabdehin mənzilə görə borcu qalmışdırsa, onda nə üçün təmir işləri aparmışdır? Əgər onun MTK-ya borcu qalmışdırsa 03.11.2006-cı il tarixli 041 saylı müqavilə bağlandığı vaxtan 2020-ci ilin sonunadək olan müddət ərzində ümumiyyətlə niyə borc məbləği tələb edilməmiş, cavabdeh "xxxx" MTK tərəfindən bu barədə məhkəmədə niyə iddia qaldırılmamış və məhkəmə aktı qəbul olunmamışdır? Görünən odur ki, "xxxx" MTK-nın yeni rəhbərliyinin (indiyədək 4 dəfə rəhbərlik dəyişikliyi aparılmışdır) və təsisçilərinin arasında olan mübahisələrdən, düşən nifahdan sonra bu iddia tələbinin qaldırılmasına “zərurət yaranmışdır”. Həmçinin, "xxxx" MTK-nın özündən uydurduğu borc məbləğinə görə 03.11.2006-cı il tarixli 041 saylı müqaviləni birtərəfli qaydada ləğv etməsi də qanunsuzdur və aşağıda qeyd olunanlara görə etibarsız sayılmalıdır. Ümumiyyətlə, iddiaçı 03.11.2006-cı il tarixli 041 saylı müqaviləni birtərəfli qaydada ləğv etməsi barədə cavabdehə heç bir bildiriş verməmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə görə ünvan 1 ünvanında tikilmiş çoxmənzilli binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzil üzərində cavabdehin sahiblik və istifadə hüququ tanınmalı, həmin mənzilə dair maliyyə arayışının və çıxarışın alınması üçün lazım olan bütün sənədlərin verilməsi "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Bundan başqa, "xxxx" MTK 03.11.2006-cı il tarixli 041 saylı müqavilə şərtlərinə də tam əməl etməmişdir. Belə ki, müqavilənin 3-cü bəndində mənzilin “Payçı”ya müqavilə bağlanan andan 15 ay müddətində müqavilə də göstərilən vəziyyətdə təhvil verilməsi nəzərdə tutulsa da, mənzil göstərilən müddətdə verilməmiş, müqavilədə və ona əlavə edilmiş bukletdə göstərilən vəziyyətdə olmamışdır. Deməli, müqavilə üzrə götürülən öhdəliklər üzrə yük lifti ümumiyyətlə quraşdırılmamış, kondisionerli sərnişin lifti quraşdırılmamış, avropa istehsalı dəmir (zirehli) seyf qapı qoyulmamış, mənzil fasiləsiz isti su ilə təchiz edilməmiş, şəxsi generatordan elektrik eneriisini təmin olunmamış, binanın fasadı və damı örtüyü lazımı şəkildə izolyasiya edilməmişdir. Bunun nəticəsində də yağış suları cavabdehin təmirli mənzilimə axmış, nəmişlikdən mənzilin divarları kif atmışdır. Bundan əlavə, cavabdehə bildirilmişdir ki, bina mansard tipli olacaqdır. Cavabdeh də "xxxx" MTKnın bu vədlərinə inanıb sonuncu mərtəbədəki mənzili almış, lakin iddiaçı götürdüyü bu ödəlikləri və verdiyi vədlərə əməl etmədiyindən cavabdehə əlavə olaraq 20000 manat məbləğində zərər dəymişdir. Belə ki, cavabdeh tərəfindən kombi və ariston tipli istilik sistemləri quraşdırılmış, dəmir seyf qapı alınmış, yük lifti quraşdırılmadığı üçün 10-cu mərtəbəyə təmir vaxtı bütün inşaat materialları və və təmirdən sonra evin köç əşyaları əlavə işçi qüvvəsi cəlb olunmaqla pilləkənlə 10cu mərtəbəyə daşınmışdır. Eyni zamanda iddiaçı üzərinə götürdüyü öhdəliyi, yəni müqavilə bağlandığı gündən 15 ay ərzində mənzili təhvil verməli olduğu halda bu öhdəliyi qismən 2014-cü il tarixdə etmişdir, yəni öhdəliyi təxminən 6 il gecikdirmişdir. Bu müddət ərzində cavabdeh kirələrdə qalmalı olmuşdur. Eyni zaman, iddiaçının məsuliyyətsizliyi ucbatından, cavabdehə mənəvi ziyan da ödənilməlidir. Sonda cavabdehin nümayəndəsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - 03.11.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı ünvan 4 ünvanında tikilən ümumi sahəsi 64,1 kv.m.-dən ibarət olan 46 nömrəli mənzili müqavilə bağlanan andan 15 ay müddətinə cavabdeh (Quliyeva) X3 verməyi, sonuncu isə 18 ay müddətinə 23,717 ABŞ dollarını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. - Gəncə Qalası MTK-nın (Quliyeva) X3 ünvanladığı 25.02.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə aldığı mənzilə görə 8500 ABŞ dolları borcu olduğunu, 02.12.2020-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq borcun ödənilmədiyini, bu səbəbdən müqavilənin bir tərəfli qaydada ləğv edildiyini, 3 gün ərzində mənzili boşaldaraq təhvil verməsini və mənzil təhvil verildikdən sonra satılaraq ödədiyi dəyərin geri qaytarılacağını bildirmişdir. - 03.11.2006, 07.08.2007, 03.04.2008, 12.09.2012, 05.12.2017 və 06.08.2018-ci il tarixli kassa mədaxil orderlərinin surətlərindən görünür ki, həmin tarixlərdə cavabdeh tərəfindən müvafiq olaraq 4350 manat, 860 manat, 4200 manat, 500 manat, 3000 manat və 2360 manat ödəniş edilmişdir. - (Quliyeva) X1 Qalası MTK-nın müdiri Nazim Quliyevə ünvanladığı məktubda qeyd etmişdir ki, “Gəncə Qalası" MTK ilə onun arasında bağlanmış 03.11.2006-ci il tarixli 041 saylı müqaviləyə əsasən mənzilin qalıq dəyərinin ödənilməsinin təxirə salınmasına MTK tərəfindən müqavilə üzrə götürülən öhdəliklərin tam yerinə yetirilməməsi səbəb olmuşdur (yük liflinin quraşdırılmaması, avruym istehsalı dəmir (zirehli) seyf qapının qoyulmaması, fasiləsiz isi su ila təvçhiz. edilməməsi, şəxsi generatordan: elektrik enerlisinin təmin olunmaması). Bundan başqa, mənzilin müqavilədə göstərilən vəziyyətdə 15 ay müddatində təhvil verilməsi nəzərda tutulsada, mənzil həmin müddətdə təhvil verilməmiş və bu səbəbdən də tərəfindən ödəniş saxlanılmışdır. Uzun müddət kirayədə yaşadığından isə tərəfindən mənzildə təmir işlərinin aparılmasına MTK-nin rəhhərliyi icazə və razilıq vermişdir. Qeyd olunanları və müqaviləyə birtərəfli qaydada xitam verilməsinin qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq, mənzilin qalıq dəyərinin ödənilməsi barədə razılığın əldə olunması üçün onu qəbul etməyini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Çünki iddiaçı ilkin iddiasında cavabdehin, üzvü olduğu mənzil-tikinti kooperativindən çıxarılması haqqında qərar qəbul edilib onun payının dəyəri ödənilmədən onun mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Halbuki qanunvericiliyə əsasən pay haqqını tam ödəmədiyinə görə cavabdehin üzvü olduğu kooperativdən çıxarılması barədə qərar qəbul edilməli, həmin qərar qəbul edildiyi gündən 2 ay müddətinə onun payının satış qiymətindən az olmayaraq dəyəri ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 117-ci maddəsinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənziltikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz (117.1). Bu Məcəllənin 117.1-ci maddəsinə əsasən aparılan ödəmənin məbləği mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının üzvlükdən çıxarılma haqqında qərar qəbul etdiyi günə mənzil-tikinti kooperativindən çıxan (çıxarılan) üzvə bu Məcəllənin 113-cü maddəsinə əsasən ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinin satış qiymətindən az olmamalıdır (117.2). Bu Məcəllənin 117.1-ci maddəsinə əsasən aparılan ödəmənin məbləği ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (117.3). Qeyd olunan normalara əsasən cavabdehin kooperativdən çıxarılıb pay haqqı ödənilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməlidir. Bundan başqa qarşılıqlı iddia ərizəsində cavabdehin müqavilənin birtərəfli qaydada ləğvinin etibarsız hesab olunması tələbi ilə bağlı məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə müqavilə ləğv edilmədiyindən həmin hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Çünki iddiaçı sadəcə cavabdehə məktub göndərərək mənzilin dəyərini tam ödəmədiyi üçün müqavilənin birtərəfli qaydada ləğv edildiyini bildirmişdir. Halbuki mülki qanunvericiliyə əsasən tərəflər arasında bağlanmış müqavilədə müqavilənin ləğvi haqqında razılaşmanın forması qeyd edilməyindən, müqavilənin ləğvi tərəflər arasında həmin müqavilə formasında bağlanmış razılaşma ilə ləğv edilməli və yaxud iddiaçı müqavilənin ləğv edilməsi tələbini, müqaviləni ləğv etmək təklifindən cavabdehin imtinası aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda məhkəmədə irəli sürməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa qarşılıqlı iddia ərizəsində cavabdehin mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilə dair borcun olmaması barədə maliyyə arayışının və çıxarışın alınması üçün lazım olan bütün sənədlərin verilməsi vəzifəsinin iddiaçının üzərinə qoyulması tələbi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilməməlidir. Çünki cavabdeh mənzilin dəyərini tam olaraq iddiaçıya ödədiyini, iddiaçıya heç bir borcu qalmadığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə payçı olaraq cavabdeh pay haqqını, yəni mübahisəli mənzilin dəyərini tam ödəmədən onun həmin mənzil üzərində sahiblik və istifadə hüququ yaranmamış, həmçinin iddiaçı mənzilin dəyəri tam ödənilmədən cavabdehə borcun olmaması barədə maliyyə arayışı və lazımı sənədləri verməyə borclu deyildir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır(113.1). Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (113.2). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (113.3). Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Bundan başqa qarşılıqlı iddia ərizəsində cavabdehin 20000 manat maddi və 10000 manat mənəvi ziyanın iddiaçıdan alınaraq ona verilməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilməməlidir. Çünki cavabdeh iddiaçının müqavilə şərtlərinə əməl etməməsi nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirsə də, mənəvi zərərin məbləğinin hansı səbəbdən 10000 manat təşkil etməsini və maddi ziyanın 20000 manat olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativin tələbi aralarında bağlanan müqavilə tələbindən irəli çıxır, bu tələbi irəli sürmək üçün iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci madddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəisnə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia müddətinin axımı iddiaçı üçün 03 may 2008-cü il tarixdən başlanır. İddiaçı isə 03 noyabr 2006-cı il tarixli müqavilə üzrə tələb etmək üçün iddia müddətini ötürmüşdür. Odur ki, mübahisə ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, cavabdeh ərizəsini Mülki Məcəllənin 373.2-ci maddəsi ilə əsaslandırır, ancaq bu işdə Mülki Məcəllənin göstərilən maddəsinin tətbiq edilmsi mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən altı illik iddia müddəti daşınmaz əşyalarla bağlı müqavilə tələblərinə tətbiq edilir. Göründüyü kimi MM-nin yuxarıda göstərilən maddəsi yalnız müqavilə tələblərinə aiddir. Tərəflər arasında müqavilə bağlanmış olsa da, sonradan öz qüvvəsini itirmişdir. Belə ki, tərəflər arasında bağlanmış 03.11.2006-cı il tarixli 041 saylı müqavilənin İİİ (Hesablaşmalar) hissəsinin 1-ci bəndinin ikinci hissəsinə əsasən göstərilən müddətdə pay haqqı ödənilməzsə, müqavilə öz qüvvəsini itirir. Müqavilənin həmin hissəsinin 4-cü bəndinə əsasən növbəti ödənişlər gecikdirildikdə “Kooperativ” müqaviləni bir tərəfli qaydada pozmaqla “Payçı”-nın ödədiyi pay haqqının onun mənzilini başqa “Payçı”-ya verdikdən sonra qaytarır. Bu səbəbdən də Mülki Məcəllədə müqavilələrə dair nəzərdə tutulmuş iddia müddətlərinin hazırkı işə tətbiq ediləməsindən söhbət belə gedə bilməz. Çünki müqavilənin müvafiq maddələrindən və Qanunvericiliyin müvafiq normalarının təhlilindən göründüyü kimi kooperativin payçısı hesab edilmək üçün pay haqqı tam şəkildə ödənilməlidir. Əgər pay haqqı tam şəkildə ödənilmirsə tərəfin mülkiyyət hüququ yaranmır. İddia müddəti Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən tətbiq edilsə belə, 6 illik iddia müddəti ötürülməmişdir, çünki cavabdeh 6 il tamam olmamış müxtəlif vaxtlarda ödənişlər etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hal-hazırda cavabdeh mənzil-tikinti kooperativində pay haqqını tam ödəmədiyindən, mənzil iddiaçının mülkiyyətindədir və buna görə də ilkin iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. Çünki mülki qanunvericilikdə mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuları müvafiq olaraq iddiaçı və cavabdehə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh (Quliyeva) X3 qarşı mənzilin boşaldırlaraq təhvil verilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin özünə aid edilsin. Cavabdeh (Quliyeva) X2 iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı müqavilənin bir tərəfli qaydada ləğvinin etibarsız hesab edilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair bütün sənədlərin verilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması və vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh (Quliyeva) X2 özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar