Məhkəmə qərarları › İş №2(044)-229/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-229/2022

07.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-229/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim – Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi İddiaçı – İddiaçı, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onu mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA ******* nömrəli, 26.01.2012-ci il qeydiyyat tarixli Çıxarışı ilə tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun qardaşının arvadı, digər iki cavabdehlər isə onun övladlarıdır. Qardaşı Rusiya Federasiyasında həbs edildiyindən onun ailəsi 2008-ci ilin təxminən aprel ayında ünvan 2-ə böyük qardaşı Arzu Həsənov tərəfindən gətirilmişldir. 2008-cı il tarixdə onlar mübahisəli mənzilə gələrkən həmin fərdi yaşayış mülkiyyət hüququ əsasında atası X10 məxsus idi və həmin vaxt cavablərlə fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunmasına dair nə bir notarial müqavilə bağlanmış, nə də ki, bu hüquqa dair Daşınmaz Əmlakların Reyestri orqanında qeydiyyat aparılmamışdır. O, şəxsi əmlakı barəsində istədiyi kimi sərəncam verə bilmir, fərdi yaşayış evini boşaltmaları barədə cavabdehlərə bildirilsə də onlar bundan imtina etmişlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan 26.01.2012-ci il tarixli, MA ******* seriyalı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adınadır; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 22.10.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, Kirovabad şəhəri Stalin rayon 1ci sahə xalq məhkəməsinin 22.10.1947-ci il tarixli 204 saylı qərarına əsasən X5 Məmmədov İdrisin qanunu vərəsəsi olması təsdiq edilmişdir. X5 adına Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 35 saylı fərdi yaşayış evinə (tikili “A”-da 48.5 kvm iki yaşayış otaqları, 16.5 kvm köməkçi sahə, 16.0 kv.m) 01.05.2002-ci il tarixli 14945 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun 11.06.2002-ci il tarixli 2V-1-108 saylı qanun 02ə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X6, X3, X4, X1, X2 adlarına keçmişdir. Vərəsələrin adlarına 01.08.2002-ci il tarixli 14945 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 16.09.2002-ci il tarixli 555 saylı sərəncamına əsasən bu əmlakda layihə sənədləri olmadan inşa edilmiş 66.8 kvm yaşayış sahəsinin, 46.0 kvm köməkçi sahəsinin, 20.2 kvm həyət tikililərinin qeydiyyata alınmasına qərar verilmişdir. 1 saylı notariat kontorunun 01.10.2002-ci il tarixli 4Ə-3-290 saylı bağışlama müqaviləsinə əsasən X11, X12, X7, X8 mülkdə olan paylarını X10 bağışlamışdırlar. X10 bu fərdi yaşayış evinə (tikili “A”-da 115.3 kvm beş yaşayış otaqları, 49.6 kvm köməkçi sahə, 12:9 kvm açıq eyvan, 16.0 kvm keçid, tikili “B”-də 20.2 kvm hamam) 07.10.2002-ci il tarixli 14945 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı notariat kontorunun 02.12.2011-ci il tarixli 2V-1- 312 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk İddiaçı adına keçmişdir və ona 26.01.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, seriya МА Ме ******* çıxarış verilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etmədiyini bildirdi. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 izahatında əlavə olaraq göstərdi ki, o əri ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını işdə olan digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cь il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cь il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməs Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə hesab edir ki, cavabdehin ailə qanunvericiliyi əsasında iddiaçı ilə birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından onun mübahisəli evdən istifadə hüququndan da söhbət gedə bilməz. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 belə hüququ İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından iddia təmin edilməli və cavabdehlər iddiaçının mülkiyyətində olan evdən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin cavabdedlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, gələcəkdə əmlakla bağlı tərəflər arasında hər hansı məhkəmə mübahisəsinin olmaması baxımından məhkəmə hesab edir ki, cavabdehlər özünə məxsus əşyaları da həmin evdən çıxarmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdə saxlanılması Mülki Məcəll ənin yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi baxımından mülkiyyətə qəsd hesab edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli mənzilindən özünə məxsus əşyaları ilə birlikdə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli mənzilindən özünə məxsus əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar