Məhkəmə qərarları › İş №2(044)-2325/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2325/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2325/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim-Hünmətov Zaur Adil oğlunun sədrliyi, X2katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra mətn üzrə iddiaçı) İddiaçı, Qarşıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehlər X3 və Möhsümov Xaliq Ağəli oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 (bundan sonra mətn üzrə cavabdeh) iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh3 Xaliq oğluna və Möhsümov Xaliq Ağəli oğluna qarşı «evə köçürülmə» tələbinə dair ilkin, cavabdehlər X3, Cavabdeh3 Xaliq oğlunun və Möhsümov Xaliq Ağəli oğlunun İddiaçı qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6, Cavabdeh3 Xaliq oğluna və Möhsümov Xaliq Ağəli oğluna qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək onun və azyaşlı uşağı Əbdülxaliq Möhsümovla birlikdə Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülməklərinə və Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə dair sənədin alınması imkanı xaricində olduğu üçün həmin sənədin alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X8, Cavabdeh3 Xaliq oğlu və Möhsümov Xaliq Ağəli oğlnun İddiaçı qarşı «evdən əşyaların ə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 saylı ünvana köçürülməsinə dair iddia tələbinin təmin edilməməsi və onun cehiz əşyalarının çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Möhsümov Xaliq Ağali oğlu keçmiş qaynatası, Möhsümov Rahile Əmir qızı keçmiş qaynanası və Cavabdeh3 Xaliq oğlu keçmiş həyat yoldaşı olduğunu bildirdi. Cavabdeh3la aralarında olan xx xxx 2015-ci il tarixli nikah Yevlaxrayon məhkəməsinin 2(039)-459/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləpozulmuş, birgə nikahlarından olan Əbdülxaliq Möhsümovun onun yanındaqalması qət edilmişdir. O, Cavabdeh3la 2014-cü ilin iyun ayının 22-də faktiki ailə quraraq cavabdehlərin razılığı ilə onlara məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə gəlin köçmüş, 2018-ci ilin sentyabr ayınakimi həmin evdə yaşamış, hal-hazırda cehiz əşyaları da o evdə olduğunu bildirdi. O, məcburiyyət qarşısında qalıb azyaşlı uşağı ilə birlikdə anasına məxsus evdə yaşadığını bildirdi. Ona görədə evə köçürülmə tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyəmüraciət etməli olmuşdur. X8, Cavabdeh3 Xaliq oğlu və Möhsümov Xaliq Ağəli oğlu isə tələbini onunla əsaslandırmışdır ki, İddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, Yevlaxrayon məhkəməsinin 2(039)-459/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Kəmalə ilə Xalid arasında bağlanılmış nikah pozulmuşdur. Buna baxmayaraq cehiz əşyaları hələ də onların evində saxlanılırı. Kəmalənin keçmiş həyat yoldaşı onun oğludur. Kəmalə halhazırda onlarla birgə yaşamır və deyilə görə Samux rayonunda hansısa fermada fəhlə işləyir. Kəmalə əri ilə yola getmədiyi üçün könüllü olaraq Yevlax rayonu Aran qəsəbəsində yaşayan anasının evinə getmiş və uşaqları ilə birlikdə orada yaşayır. Yaşadıqları ev Kirovabad (indiki Gəncə) şəhər İnqilab kolxozunun 8 nömrəli iclas protokoluna əsasən xx.xx.1956-cı il tarixli qərarı ilə 0.06 ha həyatyanı torpaq sahəsi və fərdi ev tikintisi üçün kolxozun üzvü mərhum atası X7 verilmişdir. Həmin torpaq sahəsində atası tərəfindən iki ev inşa edilib. Birində o, ailəsi ilə birlikdə, digərində isə qardaşı ailəsi ilə birlikdə yaşayır. Mərhum atası xx.xx.1996-cı ildə vəfat etmişdir. Mərhumun oğlu Möhsümov X10 şəhəri, Asif Yusifov küçəsi, 4 saylı evə dair onun vərəsə kimi tanınması ilə bağlı notariat kontoruna müraciət etmişdir. Bununla əlaqədar Gəncə şəhəri, Asif Yusifov küçəsi, 4 saylı evin məhrum X4 adına dövlət reyestrində qeydə alınıb ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün çıxarış verilməsini xahiş etmişdir. Hal-hazırda bununla bağlı DƏDRX-i evin eskiz layihəsinin çəkilməsini tələ ediblər və bununla əlaqədar tədbir görüldüyünü bildirmişlər. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: AR DƏDRX-nin 3 saylı X11 xx.xx.2020-ci il tarixli, **********06 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1980-ci il tarixli texnii pasport X1 adına işlənilmişdir. Qeyd edilən fərdi yaşayış evi Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddianı qəbul etmədiyini və cehiz əşyalarının çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Möhsümov Xaliq Ağəli oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X9 bildirdi ki, iddiaçı 6 aydan çoxdur ki, gəlin köçdüyü evi tərk etmişdir. Əgər onun həmin evdən istifadə hüququ yaranmışdırsa da belə o həmin evdən istifadə hüququnu artıq itirmişdir. Odur ki, ilkin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia və qarşılıqlı iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarı ilə məhkəmələrə izah edilmişdir ki,işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Məhkəmə öncə ilkin iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı onu qeyd edir ki, göründüyü kimi ilkin iddia tələbində göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında olan xx xxx 2015-ci il tarixli nikah Yevlaxrayon məhkəməsinin 2(039)-459/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləpozulmuş, birgə nikahlarından olan Əbdülxaliq Möhsümovun anasının yanındaqalması qət edilmişdir. O, Cavabdeh3la 2014-cü ilin iyun ayının 22-də faktiki ailə quraraq cavabdehlərin razılığı ilə onlara məxsus Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə gəlin köçmüş, 2018-ci ilin sentyabr ayınakimi həmin evdə yaşamış, hal-hazırda cehiz əşyaları da o evdə olduğunu bildirmişdir. İddiaçının gəlin kimi köçüb yaşadığı ev cavabdehlərin hər hansı birinin adına deyildir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Belə ki, cavabdehlər evin mərhum X1 adına qeydə alınmasını bildirmişlər. Cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Cavabdehlərin nümayəndəsinin məhkəmə iclasında iddiaçının 6 aydan artıq müddətdir ki, cavabdehlərə məxsus evi tərk edərək daimi yaşamaq üçün başqa yerə getməsi və bununla da istifadə hüququnun itirilməsinə dair dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Hazırki iş üzrə o halda nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs-akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və ilkin iddia üzrə cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq ilkin iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, ilkin iddia üzrə cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” tələbini əsaslı hesab edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən iddiaçının cavabdehlərin yaşadığı evə köçürülməsi nəticəsinə gəlindiyindən iddiaçının əşyalarının evdən çıxarılmasına dair qərar qəbul edilməsi mümkün deyildir. Çünki şəxsin özünə məxsus əmlaklardan istifadə etmədən köçürüldüyü evdə yaşaması mümkün deyildir. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin, etirazın əsaslarını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir . Həmin Məcəllənin 103.1.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir . Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiası təmin edilərək onun və azyaşlı uşağı Əbdülxaliq Möhsümovla birlikdə Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən və qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşağı Möhsümov Əbdülxaliq Samir oğlu ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Ə.Qarayev küçəsi 4 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülsün. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar