Məhkəmə qərarları › İş №2(044)-2433/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2433/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2433/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə və 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “pozulmuş hüququn bərpası” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun pozulmuş hüquqlarının bərpa olunaraq, təhsilinin əvvəllər təhsil aldığı “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının əyani təhsilalma formasında və ya Filologiya (“Azərbaycan dili və Ədəbiyyatı”) ixtisasının qiyabi təhsilalma formasında davam etdirməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə Cavabdeh “Təsviri İncəsənət müəllimliyi” ixtisasının əyani təhsilalma formasına dövlət sifarişi əsasında daxil olmuşdur. 2012-ci ildə “Təsviri İncəsənət müəllimliyi” ixtisasının 2-ci kursunu bitirib, Təhsil Nazirliyinin 402 saylı 07.08.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və Orta İxtisas Təhsili Məktəblərin Tələbələrinin Köçürülməsi, X22 Edilməsi və Bərpa Olunması, X23 və X30 Haqqında Əsasnamə”-sinin 1.1.4-cü bəndini rəhbər tutaraq 2012-ci ilin sentyabr ayında Cavabdeh “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisasının qiyabi təhsilalma forması üzrə ödənişli əsaslarla 2-ci kursuna “Tələbənin səhhətini, Universitetin ikinci ali təhsil almaq, bərpa olunmaq, bir ixtisasdan digər ixtisasa və digər ali məktəblərdən köçürülmək istəyənlərin” sənədlərini araşdırmaq məqsədilə yaradılmış “Müsabiqə komissiyası”nın müsbət rəyi (14 sentyabr 2012-ci il tarixli iclası, pr.No 2) və rektorun əmri ilə universitet daxili köçürmə əsasında köçürülmüşdür. 3200 manat universitetin hesabına ödəniş edib 2015-ci ildə həmin “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisasının İV kursunu bitirmişdir. 2015-ci ildən 2020-ci ilin sentyabr ayına qədər, prorektor Faxrəddin Məmmədovun razılığı və rektor Yusif Yusubov tərəfindən onun “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisasının qiyabi təhsil alma forması üzrə sonuncu V kurs tələbəsi olduğu rəsmi qaydada təsdiqlənərək 2015-2016, 2016- 2017, 2017-2018, 2018-2019, 2019-2020-ci ilin sentyabr ayına kimi (ardıcıl olaraq 3/08, 3/411, 3/273, 3/322, 3/399 saylı əmrlərlə) ona 2015-ci ildə “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisasının qiyabi təhsilalma formasının ləğv olunması haqqında və akademik məzuniyyətdən qayıtdıqda həmin ixtisasın qiyabi təhsilalma formasında təhsilini davam etdirməyinin mümkünsüz olacağı haqqında heç bir xəbərdarlıq edilmədən ayrı-ayrılıqda hər il üçün 1 il, ardıcıl olaraq 5 il akademik məzuniyyət verilmişdir. 2020-ci ilin avqust ayında o, akademik məzuniyyətdən qayıdaraq təhsilini öz ixtisası üzrə davam etdirmək üçün yazılı şəkildə müraciətini atası Nümayəndə (Təhsil Haqqında Azərbaycan Respublikası Qanununun 34.1.3-cü bəndini “Təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək”) universitetə təqdim edərkən, universitet rəhbərliyi “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisasının qiyabi təhsilalma formasının 2015-ci ildə ləğv olunduğu üçün onun ancaq “Təsviri İncəsənət müəllimliyi” ixtisasında ödənişli əsaslarla İİ və ya İİİ kursdan təhsilini davam etdirə biləcəyinin mümkün olduğunu bildirmişdirlər. O, 2020-ci ilin dekabr ayında 2-ci dəfə Cavabdeh rəhbərliyinə yazılı şəkildə etdiyi müraciəti universitet tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə yönləndirilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyindən, “2012-ci ildə nazirliyin razılığı olmadan bir ixtisasdan digərinə köçürüldüyünə görə İddiaçı təhsilini “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisası üzrə deyil, “Təsviri İncəsənət müəllimliyi” ixtisası üzrə əyani təhsilalma forması üzrə ödənişli əsaslarla davam etdirməsini məqsədə uyğun hesab edirik” məzmunlu Azərbaycan Respublikası Konstitusiyasına və Təhsil Nazirliyinin özünün qəbul etdiyi normativ hüquqi aktlara zidd olan, qərəzli cavab verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar”-ının 1.8-ci bəndini rəhbər tutaraq, Təhsil Nazirliyinin 402 saylı 07.08.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş( 07.08.1996-cı ildə qüvvəyə minən, Təhsil Nazirliyinin 27.01.2017-ci il tarixli 49 N əmri ilə qüvvədən düşən) “Ali və Orta İxtisas Təhsili Məktəbləri Tələbələrinin Köçürülməsi, X22 Edilməsi və Bərpa Olunması, X23 və X30 Haqqında Əsasnamə”-sinin qüvvədə olma müddətinə təsadüf edən 2012-ci ildə baş verən universitet daxili köçürməni necə olurki qanunsuz hesab edir? O, əvvəllər təhsil aldığı “Azərbaycan dili və Ədəbiyatı müəllimliyi” ixtisası deyil yalnız həmin ixtisasın qiyabi təhsilalma forması ləğv olunub (ləğv olunma tarixi-2015-ci 11) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 qərarı qəbul edildiyi gündən bu günədək qüvvədədir və AR Təhsil Nazirliyinin cavab məktubun da həmin qərarın 1.8-ci bəndini rəhbər tutaraq (qanunun geriyə qüvvəsi olmadığı üçün əsassız olaraq yazılan) “İddiaçı Təhsil Nazirliyinin razılığı olmadan köçürülüb” ifadəsi həmin qərarın eyni (1.8-ci) bəndində istisna hal olaraq qiymətləndirilərək əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı olmadan da həyata keçirilir sözləri ilə öz əksini tapmışdır ki, bu da Cavabdeh və Təhsil Nazirliyinin səhlənkarlığı, məsuliyyətsizliyi və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrini yerinə yetirmədikləri üçün onun hüquqlarının açıq aşkar pozulmasına gətirib çıxardır. Tələbədən asılı olmayan səbəblərdən dolayı onun tam hüquqi V kurs tələbəsi olduğu Cavabdeh “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisasının qiyabi təhsilalma forması ləğv olunduğu üçün təhsilini davam etdirə və sonlandıra bilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Cavabdeh tərəfindən verilmiş əmrdən çıxarışdan görünür ki, X4(musiqi müəllimliyi), X19(bədən tərbiyəsi və idman), X12(Azərbaycan dili və ədəbiyyəatı müəllimliyi), X9(fizika müəllimliyi), X1(tarix müəllimliyi), X20(musiqi müəllimliyi), X21 (musiqi müəllimliyi),, X25(musiqi müəllimliyi), X13(bədən tərbiyəsi və idman), X14 (riyaziyyat müəlllimliyi), X10(riyaziyyat müəlllimliyi), X15(riyaziyyat müəlllimliyi), X6(biologiya müəllimliyi), X5(musiqi müəllimliyi), X16(biologiya müəllimliyi), X26(Azərbaycan dili və ədəbiyyatı müəllimliyi), X11(Azərbaycan dili və ədəbiyyatı müəllimliyi), X29(bədən tərbiyəsi və idman), X17 (bədən tərbiyəsi və idman), X2(bədən tərbiyyəsi və idman), X7(riyaziyyat müəllimliyi) və X8(riyaziyyat müəllimliyi) Cavabdeh tərəfinə Diplom verilmişdir. AR Təhsil Nazirliyi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli, 04-11-05/15 saylı məktubun surətindən görünür ki, 2012-ci ildə Nazirliyin razılığı olmadan bir ixtisasdan digərinə köçürüldüyünə görə İddiaçı “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” ixtisası üzrə deyil, qəbul olunduğu “Təsviri İncəsənət müəllimliyi” ixtisası üzrə əyani təhsilalma formasında davam etdirməsini məqsədəuyğun hesab etmişlər; Cavabdeh tərəfindən verilmiş 13.09.2010-cu il tarixli, 3/138 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı əyani, dövlət sifarişi əsasında Təsviri İncəsənət müəllimliyinə qəbul olmuşdur; Cavabdeh tərəfindən verilmiş 17.09.2012-ci il tarixli, 3/169 saylı əmrdən çıxarışın surətindən görünür ki, Fizika və Texniki fənlər fakültəsinin Təsviri İncəsənət müəllimliyi ixtisasının İİİ-cü kurs tələbəsi (əyani, dövlət hesablı) İddiaçı səhhətini, Universitetin ikinci ali təhsil almaq, bərpa olunmaq, bir ixtisasdan digər ixtisasa və digər ali məktəblərdən köçürülmək istəyənlərin sənədlərini araşdırmaq məqsədilə yaradılmış “Müsabiqə komissiyası”nın müsbət rəyi (14 sentyabr 2012-ci il tarixli iclası, pr.No 2), həmçinin qiyabi şöbədə təhsil aldığı ixtisasın olmadığını nəzərə alaraq müstəsna hal kimi qiyabi şöbənin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisasının (ödənişli) İİ kursuna köçürülməsi tapşırılmışdır; Cavabdeh tərəfindən verilmiş 05.02.2021-ci il tarixli, 50-02-31/01-26 saylı məktubun surətindən görünür ki, İddiaçı 2010/2011-ci tədris ilində Cavabdeh Təsviri incəsənət müəllimliyi ixtisasına dövlət sifarişi ilə qəbul olunub. 2012/2013-cü tədris ilində tələbələrin köçürülməsi təhsil nazirliyi tərəfindən müvəqqəti dayandırıldığına və Təsviri incəsənət müəllimliyi ixtisası İl ixtisas qrupuna daxil olduğuna görə rektoryanı şuranın qərarı və rektorluğun 17 sentyabr 2012-ci il tarixli 3/169 saylı əmri ilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının qiyabi təhsil formasına ödənişli əsaslarla köçürülüb. Övladının körpə olması və ailə vəziyyəti ilə əlaqədar təhsil haqqını ödəyə bilmədiyinə görə 2015/2016, 2016/2017, 2017/20168, 2018/2019 və 2019/2020-ci tədris lərində akademik məzuniyyət götürüb. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının qiyabi təhsil formasına 2013/2014 cü tədris ilindən tələbə qəbulu aparılmadığına görə hal-hazırda ixtisas üzrə qiyabı təhsil forması fəaliyyət göstərmir. İddiaçı Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının əyani təhsil formasına və ya Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının qiyabi təhsil formasına bərpa edilməsi üçün təhsil nazirliyinə məktub göndərilib. Təhsil Nazirliyinin 08 yanvar 2021-ci il tarixli 04-1105/15 saylı cavab məktubunda tələbə 2012-ci ildə nazirliyin razılığı olmadan bir ixtisasdan digərinə köçürüldüyünə görə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə deyil, qəbul olunduğu Təsviri incəsənət müəllimliyi ixtisası üzrə əyani formada təhsilini davam etdirməyini məqsədəuyğun hesab etdikləri qeyd edilib. İddiaçı hal-hazırda Universitetə 1600 (bir min altı yüz) manat təhsil haqqı borcu vardır. İxtisasın qiyabi forması fəaliyyət göstərmədiyi halda İddiaçı həmin ixtisas üzrə qiyabi formada təhsilini davam etdirməsi mümkün deyil. İddiaçı 2012/2013 və 2013/2014-cü tədris illərində təhsil aldığı üçün Universitetə ödədiyi 3200 (üç min iki yüz) manat vəsait geri qaytarıla bilməz. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X18 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə eyni ixtisas üzrə, yəni Cavabdeh Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan digər tələbələr buraxılış işini müvəffəqiyyətlə müdafiə edərək və dövlət imtahanından müvəffəq qiymət aldıqlarına görə aıi peşə istiqaməti verilməklə diplomlar verilmişdir. İdidaçı isə Təhsil Nazirliyinin razılığı olmadan bir ixtisasdan digərinə köçürüldüyündən onu universitetin Azərbaycan dili və ədəbiyyatı ixtisasının əyani şöbəsinə bərpa etmək mümkün olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə həmin orqanın nümayəndəsinin iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İşin hallarından göründüyü kimi iddiaçı 2010/2011-ci il tədris ili üçün Cavabdeh təsviri incəsənət fakultəsinə ödənişsiz əsaslarla qəbul edilmiş, 2012-ci ildə Cavabdeh Rektoryanı şurasının 14 sentyabr 2012-ci il tarixli qərarı ilə müstəsna hal kimi, yəni qiyabi şöbədə təhsil aldığı ixtisasın olmaması nəzərə alınaraq qiyabi şöbənin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının ikinci kursuna köçürülmüşdür. Övladının körpə olması və ailə vəziyyəti ilə əlaqədar təhsil haqqını ödəyə bilmədiyinə görə 2015-ci ilin dörduncü kursunda 2015/2016, 2016/2017,2017/2018,2018/2019 və 2019/2020-ci tədris illərində akademik məzuniyyət götürmüşdür. 2015-ci ildə həmin fakultənin İV kursunu bitirərək akademik məzuniyyətə çıxmışdır. 2020-ci ildə iddiaçı universitetin Azərbaycan dili və Ədəbiyyatı fakultəsinə bərpa edilmək üçün müraciət etsə də, müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir.Həmin dövrdə iddiaçı ilə birlikdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrə diplomlar verilmişdir. Məhkəmə hesab edir ki, tələbənin köçürülmə əmri verildikdən sonra köçürülmədən imtina edilə və yaxud onun təhsilinin bərpasından imtina edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar 2017-ci ildə qəbul edilmiş, həmin qaydalar qəbul edilməzdən öncə tələbə artıq GDU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının qiyabi təhsil formasında ödənişli əsaslarla təhsil almışdır. Belə bir dəyişikliiyin qəbul edilməsi iddiaçı üçün gözlənilən olsa idi onun təhsilini davam etdirərək digər tələblərlə bərabər buraxlış işlərini müdafiə edərək ali təhsil haqqında dövlət sənədi almaq imkanı da qaçılmaz olacaqdı. Qaydaların qəbul edilməsi iddiaçının tələbə olaraq hüquqlarını məhdudlaşdırmaqla onun digər tələbələrlə bərabər təhsilini başa vurmaq imkanlarından məhrum edilmişdir. İddiaçı 2012-2015-ci illərdə köçürüldüyü Azərbaycan dili və Ədəbiyyatı fakultəsində təhsilini davam etdirmiş, tələbədən asılı olmayan səbəblərdən tələbinin dövlət sifarişi əsasında qəbul olduğu təsviri-incəsənət müəllimliyi ixtisası İİİ ixtisas qrupuna daxil olduğuna görə rektoryanı şuaranın qərarı və rektorluğun 17 sentyabr 2012-ci il tarixli, 3/169 nömrəli əmri ilə Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisasında təhsilini davam etdirmiş və akademik götürərək hüquqlarından istifadə etmişdir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 2017-ci ildə qəbul edilmiş Qaydalarda həmin qaydaların əvvəllər köçürülmüş şəxslərə də şamil olunub-olunmayacağına dair hər hansı qeyd göstərilməmiş, tələbənin təhsil aldığı illərdə həmin qaydalar mövcud olmamışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. X37rşı iş üzrə Avropa Məhkəməsinin qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hətta ali təhsil müəssisəsinə qəbul məsələsinin mülki (xüsusi) hüququn qaydaları ilə deyil, ümumi hüququn (dövlət hüququnun) qaydaları ilə tənzimləndiyini fərz etsək belə, bu hal sözügedən subyektiv hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məqsədləri üçün mülki hüquqlar kateqoriyasından xaric etmir. Ərizəçinin iddia etdiyinə görə bu işdə söhbət onun diskresion səlahiyyətlərə malik dövlət orqanları ilə hüquqi münasibətlərindən getmirdi, o, sadəcə dövlət xidmətindən istifadə edən fiziki şəxs qismində çıxış edirdi. Müvafiq olaraq, o, qüvvədə olan və onun ali təhsil almaq hüququna ziyan vuran qaydalara etiraz edirdi. Avropa Məhkəməsi özünün son dövrlərə aid olan məhkəmə praktikasında ali təhsil sahəsindəki qaydalarla əlaqədar olan məhkəmə icraatının 6-cı maddənin 1-ci bəndinə uyğunluğunu qiymətləndirib. Beləliklə, ərizəçinin təhsil almaq hüququnun mühümlüyünü nəzərə alaraq, məhkəmə şübhə etmir ki, qaydaların müəyyən etdiyi məhdudiyyətlər ərizəçinin mülki hüquqlarına təsir göstərib. Buradan belə nəticə çıxır ki, 6-cı maddənin 1-ci bəndi bu işə tətbiq edilə bilər. Hökumətə görə, ali təhsil müəssisələrinə qəbulun tənzimlənməsi ictimai hüquq sahəsinə aid bir məsələ idi. Məhkəmənin fikrincə, lakin bu ictimai hüquq aspekti 6-cı maddənin 1-ci bəndinin mənası daxilində sözügedən hüququ mülki hüquqlar kateqoriyasından çıxarmaq üçün kifayət etmir. Dövlət müdaxiləsi nizamnamə və ya təhvil verilmiş qanunvericilik vasitələri, məhkəməyə, şəxsi və dolayısı ilə mülki xarakter daşımaq hüququnu tapmağa mane olmamışdır. Daxili hüquqi qaydada "ictimai hüquq" sahəsinə aid olan işlər, nəticələrinin mülki hüquq və öhdəliklər üçün həlledici olduğu 6 -cı maddənin 1 -ci bəndinə daxil ola bilər. Məhkəmə Avropa Məhkəməsinin yuxarıda adı çəkilən Qərarına istinadən onu qeyd edir ki, hazırki iş üzrə iddiaçı da ictimai hakimiyyət orqanları ilə münasibətlərində bu cür mülahizəli səlahiyyətləri həyata keçirməklə deyil, sadəcə olaraq, bir ictimai xidmətin istifadəçisi kimi şəxsi qabiliyyətlərindən təsirlənmişdir. Bu səbəbdən o, ali təhsil müəssisəsində təhsilini davam etdirmək hüququna xələl gətirən hazırda qüvvədə olan qaydalara etiraz edir. Avropa Məhkəməsi yuxarıda adı çəkilən qərarında daha sonra vurğulamışdır ki, 6cı maddənin təhsil hüququnun tətbiqinə qapını açıq qoyaraq, ali təhsil ilə bağlı qaydaların 6-cı maddənin 1-ci bəndinin tələblərinə uyğun olub-olmadığını ardıcıl olaraq araşdırmışdır. Müvafiq olaraq, ərizəçinin ali təhsilini davam etdirmək hüququnun əhəmiyyəti nəzərə alınmaqla məhkəmə, sözügedən qaydalarla qoyulan məhdudiyyətin, ərizəçinin şəxsi hüquqlarının hüdudlarına daxil olduğuna və buna görə də mülki xarakter daşıdığına şübhə etməmişdir. 20 mart 1952-ci il tarixli İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokolun 2-ci maddəsində qeyd edilmişdir ki, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Göründüyü kimi X28 əmrlə iddiaçını başqa ixtisasa köçürərərək bu funksiyanın daşıyıcısı olsa da, sonradan iddiaçının tədrsinin təmin etmək hüququna hörmət etməmişdir. Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuz hüquq və azadlıqlara qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.Ə.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı). Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 7.4-cü bəndinə əsasən vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq Nazirliyin əsas vəzifələrindəndir. Təhsil Nazirliyinin həmin Nazirliyin razılığı olmadan tələbinin ixtisasının dəyişilməsi ilə bağlı münasibəti və sonra qəbul edilmiş Qaydalara istinad edilərək tələbənin istədiyi təhsili davam etdirməsinə univeristet tərəfindən şəraitin yaradılmaması həmin universitetdə eyni ixtisas üzrə təhsilini bitirən tələbələrə yaradılmış bərabər imkanlarla uzlaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikasının Təhsil Qanunu təhsillə bağlı yaranan bütün münasibətləri tənzimləyir. Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Təhsil sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. Təhsil Qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Həmin Qanunun 3.0-cı maddəsində humanistlik, demokratiklik, bərabərlik təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi təsbit edilmişdir. Bərabərlik-bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması deməkdir.İşin hallarından da göründüyü kimi iddiaçıya eyni kursda oxuduğu tələblərlə bərabər şərait yaradılmamışdır ki, bu hal həm Azərbaycan Respublikası Konstitusiyası, həm də Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun məqsəd və prinsipləri ilə ziddiyyət təşkil edir. Belə ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq Azərbaycan Respublikasında təhsilin əsas məqsədləridir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, ididaçı 2012-ci ildə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının qiyabi təhsil formasına ödənişli əsaslarla köçürüldüyündən və həmin ixtisas üzrə 2012-ci ildən 2015-ci ilədək təhsil aldığından onun həmin ixtisas üzrə təhsilini davam etdirməsi(əyani və yaxud qiyabi) şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına daha uyğun olduğundan iddiaçı həmin ixtisas üzrə təhsilinə bərpa edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh “Azərbaycan dili və Ədəbiyyatı” ixtisasının əyani təhsilalma formasının 4-cü kursuna bərpa edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar