Məhkəmə qərarları › İş №2(044)-2452/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2452/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2452/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvandakı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mülkdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarınb Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışa əsasən olan ünvan 1 saylı ünvanda yerləşən ümum i sahəsi 318.7 kv.m olan 0.023 ha torpaq sahəsində yerləşən yaşayış evi onun şəxsi mülkiyyətindədir. Həmin yaşayış evini o, Gəncə şəhəri 2 saylı notariat kontorunda xx.xx.2019-cu il tarixdə 4Ə318 saylı reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdeh X1 almış və müqavilə üzrə cavabdehə yaşayış evinin tam qiymətini ödəmişdir. Cavabdehlər alqı-satqı müqaviləsinin təsdiqindən 1 ay sonra evdən çıxaraq evi ona təhvil verməyi, həmçinin oradan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər, onların bu öhdəliyi alqı-satqı müqaviləsində 11,13-cü bəndlərində öz əksini tapmışdır. Ancaq alqı-satqı müqaviləsinin təsdiqindən artıq 08 ay keçməsinə baxmayaraq cavabdehlər onun şəxsi mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış evində yaşamaqda davam edirlər, onlara dəfələrlə evdən və qeydiyyatdan könüllü olaraq çıxmağı təklif etsə də, heç bir nəticə əldə edə bilməmişdir, cavabdehlər onun aldığı yaşayış evində olan mülkiyyət hüquqlarını pozurlar, mülkiyyət hüquqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə mane olurlar. Məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvandakı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mülkdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən yazılmış xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə, xx.xx.2020-ci il tarixə saat 09:50-yə təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar Bakı şəhərində olduğu üçün iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsus olmuş və 2019-cu il tarixdə maddi çətinlikləri ilə əlaqədar olaraq həmin evi satmaq qərarına gəlmiş və İddiaçıla 170000 manata satmağı razılaşmışlar, lakin alqı-satqı müqaviləsi bağlanan zaman müqavilədə 100000 manat qeyd edilmiş, qalan 70000 manatı isə Elgün 2-3 aya ona verəcəyini bildirmişdir. Bundan sonra Elgün ona olan borcundan 30000 manat ödəmiş, qalan 40000 manatı isə bu günə kimi ödəməmişdir. Aralarında olan razılaşmaya görə Elgün pulun hamısını ödədikdən sonra onlar evi boşaldaraq iddiaçıya təhvil verəcəkdilər. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər Cavabdeh1 və Cavabdeh2 ibarətdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları barədə aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvan Cavabdeh1 tərəfindən İddiaçı 100000 manata satılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, **********22-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında cavabdehlərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 100000 manata satılmış, bundan sonra sonuncunun adına xx.xx.2019-cu il tarixli ********** saylı çıxarış verilmişdir. Hazırda iddiaçı cavabdehlərdən mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, cavabdehlər mənzili könüllü olaraq boşaldaraq iddiaçıya təhvil vermirlər. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqları itirilməli və onlar həmin evdən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvandan istifadə hüquqları itirilmiş hesab olunsun və onlar həmin evdən çıxarılsınlar. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar