Məhkəmə qərarları › İş №2(044)-248/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-248/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-248/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «uşağın övladlığa götürülməsi» tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı məhkəməyə müraciət edərək 22 iyun 2018-ci il təvəllüdlü X6 adlı oğlan uşağının ona övladlığa verilməsinə, uşağın doğum haqqında Şəhadətnaməsində uşağın soyadı Kamalzadə, adı Yasin, ata adı Qoşqar, doğum haqqında Şəhadətnamənin ata qrafasında ata adı X9, ana qrafasında ana adı Ərizəçi, doğum yeri Gəncə şəhəri, doğum tarixi 20 iyun 2018-ci il kimi göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, o, 28 avqust 1979-cu il tarixdə Kəlbəcər şəhərində anadan olmuşdur. Hal hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, 2-ci sahə ünvanında yaşayır. 06 mart 2016-cı il tarixdə X9 ilə ailə həyatı qurmuşdur. X9 ilə nigahları 01 mart 2019-cu il tarixdə pozulmuşdur. Birgə nigahlarından övladları olmamışdır. Hazırda subaydır. Qubadlı rayonun Qaralar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyir, aylıq əmək haqqı 700-750 manat təşkil edir. Onun uşaq övladlığa götürmək və saxlamaq üçün şəxsi evi, yaxşı maddi imkanı və həyat şəraiti var. Ərizəçi hesab edir ki, 22 iyun 2018-ci il tarixdə anadan olmuş X3 ona övladlığa verilməsi uşağın mənafeyinə uyğundur, gələcəkdə onun normal inkişafını, böyüyüb boya-başa çatmasını, tərbiyə olunmasını, təhsil almasını təmin edəcəyinə əmindir. O,övladlığa götürülmənin uşağın mənafeyinə nə dərəcədə uyğun olub olmamasının yoxlanılıb rəy verilməsi üçün sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilmişdir. Bu məsələyə komissiyada baxılmış və komissiya 22 iyun 2018-ci il tarixdə anadan olmuş Yasin adlı uşağın ona övladlığa verilməsini məqsədə uyğun hesab etməklə bu barədə müsbət rəy vermişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 mart 2016-cı il tarixli AZ-İİ 112766 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Ərizəçi arasında 06 mart 2016-cı il tarixdə nikah bağlanmış və həmin nikah 355 saylı aktla qeyd edilmişdir; 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2019-cu il tarixli AZ-İ 308304 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X4 arasında bağlanmış nikah pozulmuşdur; 20 oktyabr 2021-ci il tarixli, 2021-004613 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 20.10.2021-ci il tarixdə, saat 17:00-17:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir; 17.01.2022-ci il tarixli arayışdan görünür ki, X6 26.11.2021-ci il tarixdən Bakı şəhəri Şuşa qəsəbəsində yerləşən “Fidan” Məktəbəqədər Təhsil Ocağına gəlir və hal-hazırda o,bağçanın orta qrupunda təhsil alır; AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair 02.10.2021-ci il tarixli rəyindən görünür ki, qeyd olunan məlumatlara və övladlığagötürmə ilə bağlı mərhələlərin nəticəsinə əsasən, valideyin namizəd Ərizəçi tərəfindən X3 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilir; Valideyin himayəsindən məhrum olmuş uşağın valideyin-namizədlərin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsinə dair 08.06.2021-ci il tarixli müqavilədən görünür ki, valideyin namizəd Ərizəçi ilə Sosial Xidmətlər agetliyinin İdarə heyyətinin sədri arasında X3 3 ay sınaq müddəti ilə müvəqqəti valideyin-namizədin ailəsində yerləşdirilməyi barədə müqavilə bağlanmışdır; Uşağın valideyin-namizədlərin mənzilində müvəqqəti yerləşdirilməsinin yekun hesabat formasından görünür ki, sınaq müddəti ərzində uşağa əsas qayğını valideyinnamizəd ana göstərmişdir. Bu müddət ərzində uşaq da valideyin namizədlərə emosional olaraq bağlanmışdır. Uşağın yaşaması, inkişaf etməsi, təhlükəsiz şəraitdə böyüməsi və ailə mühitində sevgi, qayğı ilə əhatə olunması üçün onun valideyin-namizəd Ərizəçi ilə birlikdə yaşaması zidd deyildir; Valideyin-namizədin maddi-məişət şəraitinin müayinəsinə dair aktlardan görünür ki, Ərizəçi yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən mənzilin şəraiti qənaətbəxşdir; Azərbaycan Kredit Bürosu MMC-nin verdiyi çıxarışlardan görünür ki, Ərizəçi aktiv kredit borcu yoxdur; "xxxx" ASC-nin Qara Qrayev filialı tərəfindən verilmiş 17.09.2021-ci il tarixli, 114/8202 saylı arayışından görünür ki, Ərizəçi 09.09.2021-ci il tarixdə 1000 manat məbləğində olan kredit borcu 15.09.2021-ci il tarixdə tam ödənilmişdir.Cari tarixə heç bir faiz və əsas borcu yoxdur; Valideyin namizədin qiymətləndirilməsinin hesabatından görünür ki, ana uşaq hüquqları ilə bağlı tam məlumatlıdır. Valideyinlik bacarıqlarının yüksək olmasına inanan biridir; Referent şəxslərlə keçirilən görüşlərin hesabatından görünür ki, referent şəxs valideyin namizəd ananın uzun illər müəllimə işləməsi və onun uşaqlara olan sevgisi və qayğısı dahada gücləndirib. O, uşağın hər tərəfli inkişafı üçün bütün imkanlara malikdir; Valideyin-namizədlə uşağın müəssisədəki görüşlərinə dair sosial işçinin hazırladığı hesabat formasından görünür ki, uşaqla valideyin-namizəd arasında güçlü emosional bağlılıq hissi var. Uşaq valideyin-namizədin yanında rahat dayanır, onu görərkən gülümsəyir və ona ana xitab edərək müraciət edir. Bütün görüşlər ərzində valideyinnamizəd uşağa diqqət, qayğı və sevgi göstərir. Uşağın ehtiyyaclarını anlayır. Uşaqla zaman keçirərkən özünü xoşbəxt hiss edir. Uşaq yaşına uyğun olaraq istəklərini valideyinnamizədə bildirir; Gəncə şəhəri Körpələr evi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, 22.06.2018-ci il təvəllüdlü X3 qəyyumluğa, himayəyə və ya övladlığa verilməsi onun mənafeyinə uyğundur; AR Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının vediyi 09.02.2021-ci il tarixli, 272 saylı məktubunun surətindən görünür ki, 22.06.2018-ci il təvəllüdlü X3 qəyyumluğa, himayəyə və ya övladlığa verilməsi onun mənafeyinə uyğundur; AR Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının vediyi 12.10.2018-ci il tarixli, 102 saylı sərəncamının surətindən görünür ki, Mingəçevir şəhərində doğulmuş 22.06.2018-ci il təvəllüdlü X3 Gəncə şəhəri Körpələr evinə yerləşdirilməsi qərara alınmışdır; Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.06.2018-ci tarixli, AZ-İV 124534 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22.06.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Bu barədə akt qeydlər kitabdında 503 nömrə ilə qeyd olunmuşdur. Ata qrafasında X5, ana qrafasında X16 qeyd edilmişdir; Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 14.04.2004-cu ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində “orta dərəcəli əqli gerilik, davranış pozğunluqları ilə” psixiatrik müşahidəyə götürülmüşdür; Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş arayışın surətindən görünür ki, X16 06.06.2015-ci ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində “yüngül əqli gerilik, davranış pozğunluqları ilə dilənçilik” psixiatrik müşahidəyə götürülmüşdür; Gəncə şəhəri 2 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş 12.03.2021-ci il tarixli HMK-nın protokolunun surətindən görünür ki, uşaq sağlamdır, qidalanma rejiminə, qulluğa riayət olunmasına və profilaktik peyvəndlərinin olunması qeyd olunmuşdur; Uşağın tibbi kitabçasının surətindən görünür ki, X6 oftolmoloq və kordioloq müayinələrindən keçmiş və sağlamdır; Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Akademik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X17 tərəfindən verilmiş 15.09.2021-ci il tarixli, 352 saylı arayışın surətindən görünür ki, övladlığa götürmə qaydalarına görə tibbi müayinələrdən keçən Ərizəçi tənəffüs orqanlarının vərəmi, bədxassəli onkoloji xəstəliklər, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər, ruhi xəstəliklərin nəticələri neqativdir. Ruhi psixi dəyişiklik aşkar edilməmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanları müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X7 qeyd olunanları müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 345-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən işə qapalı məhkəmə iclasında, ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə halları istisna olmaqla, övladlığa götürənlərin (götürənin), müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir (Ailə Məcəlləsinin 49-cu maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 124-cü maddəsinə əsasən sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı rəyi alınır. Məhkəmə uşaqların mənafeyini nəzərə alaraq bu Məcəllənin 124.1—124.3-cü maddələrində göstərilən şəxslərin razılığı olmadan və ya fikri nəzərə alınmadan da müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında uşağın övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamırsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 06.03.2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, 01.03.2019-cu il tarixdə nikahları pozulmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi X15, vərəm xəstəlikləri kabinetində, bədxassəli onkoloji xəstəliklər, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər kabinetində qeydiyyatda deyil. Eyni zamanda AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən valideyin namizədlə təlim keçirilərək bu barədə müsbət rəy verilmişdir. Məhkəmə araşdırılması zamanı həmin rəydə göstərilənləri şübhə altına alan hər hansı hallar aşkar edilməmişdir. Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Ailə Məcəlləsinin 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Ailə Məcəlləsinin 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onları övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Ailə Məcəlləsinin 130.1-ci maddəsinə əsasən övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Ailə Məcəlləsinin 130.3-cü maddəsinə əsasən övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Ailə Məcəlləsinin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Azərbaycan Respublikasının MPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən uşağın yaşamaq və inkişaf etmək hüququ Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 32-ci maddəsinə uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən qorunur. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli 01 nömrəli Qərarının 24 bəndinin 3-cü abzasında qeyd olunur ki, “Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdərən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimləndiyi (məsələn, baba və nənələrin nəvələrə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa ğötürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məs. təqaüd yaşına catmış şəxs öldükdən sonra övladlığa götütülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanunun 31-ci maddəsinin birinci bəndinə əsasən valideyin himayəsindən məhrum olunmuş uşaqların müdafiəsi onların övladlıqa, qəyyumluğa, himayəçiyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir. Həmin qanunun 32-ci maddəsinin birinci bəndinə görə isə Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. “Uşaq Hüquqları Haqqında” BMT-nin 12 noyabr 1989-cu ildə qəbui etdiyi Konvensiyasının 21-ci maddəsinə görə, övladlığa götürmə sistemini qəbul edən və yaxud bu sistemin həyata keçirilməsinə icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı maraqlarının ilk növbədə nəzərə alınmasını təmin edirlər və onlar: a) təmin edirlər ki, uşağın övladlığa ğötürülməsinə ancaq səlahiyyətli orqanlar icazə versinlər. Bu orqanlar qanuna və qaydalara uyğun olaraq və işə aid bütün səhih məlumat əsasında müəyyən edirlər ki, uşağşn valideyinlər, qohumlar və qanuni qəyyumlar barəsində statusuna ğörə övladlığa götürülmə mümkündür və əgər tələb olunarsa, əlaqədar şəxslər lazım ola biləcək belə məsləhətləşmə əsasında övladlığa götürməyə öz dərk edilmiş razılığını versinlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısının təsdiq edilməsi barədə 15 avqust 2000-ci il tarixli 141 saylı Qərarı ilə təsdiq olunan siyahıya əsasən vərəm (aktiv və xroniki)— lokalizasiyasından asılı olmayaraq, İ, İİ və V qrup dispanser qeydiyyatında olan xəstələrə, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləridekompensasiya mərhələsində olan xəstələrə, bədxassəli onkoloji xəstəliklərlokalizasiyadan asılı olmayaraq, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion xəstəliklər-dispanser qeydiyyatından cıxarılana qədər olan xəstələrə, ruhi xəstəliklərmuəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələrə, əmək qabiliyyətini itirməklə İ və İİ qrup əlilliyə gətirib cıxaran butun travmalar və xəstəliklərdən əzab cəkən şəxslərə ovladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verilmir. Məhkəmə tərəfindən övladlığa uşaq götürülməsini istisna edən, yəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş əsaslar, “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məlkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli 1 saylı qərarında qeyd edilən övladlığa götürülməni qadağan edən hallar və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Övladlığa gotürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısının təsdiq edilməsi barədə 15 avqust 2000-ci il tarixli 141 saylı Qərarında göstərilən xəstəliklər aşkar edilməmişdir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının (qəyyumluq və himayə orqanının) iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. Uşağın övladlığa götürülməsi haqqında işlərə məhkəmələr tərəfindən baxılması qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 345-350-ci maddələri ilə tənzimlənir. Beləliklə məhkəmə yuxarıda şərh edilənləri və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, eləcə də övladlığa götürülən uşağın mənafeyini nəzərə alaraq, həmçinin övladlığa götürən şəxsin azyaşlı uşağa qarşı münasibətini, hər bir uşağın valideyn qayğısı ilə əhatə olunmasını, ərizəçinin əsl niyyətini, onların yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, övladlığa götürən şəxsin sağlamlıq vəziyyətini, azyaşlı uşağın qayğısına qalmağın qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasındakı münasibətləri, sonda AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, 22.06.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X1 Mahparə Şəmşir qızı tərəfindən övladlığa götürülmüş hesab edilməli, valideyn kimi uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında Qoşqar, ana qrafasında Ərizəçi qeyd olunmalı, uşağın doğum yeri Gəncə şəhəri, uşağın adı “Yasin”, soyadı “Kamalzadə”, doğum tarixi 20 iyun 2018-ci il kimi qeyd edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117,118, 122,125, 127 və 130-cu maddələrinə, Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 349, 350-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: Ərizəçi xahişi qismən təmin edilsin. 22.06.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X1 Mahparə Şəmşir qızı tərəfindən övladlığa götürülmüş hesab edilsin. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyun 2018-ci il tarixli, AZ-İV 124534 saylı doğum haqqında şəhadətnamə ləğv edilsin. Yeni doğum haqqında şəhadətnamə verilən zaman valideyinlər kimi X3 doğum haqqında şəhadətnamənin ata qrafasında Qoşqar, ana qrafasında Ərizəçi qeyd olunsun. X3 doğum yeri Gəncə şəhəri, adı “Yasin”, ata adı “Qoşqar”, ana adı “Mahparə”, soyadı “Kamalzadə”, doğum tarixi “20 iyun 2018-ci il” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar