Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2480/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh oğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci döngə, 14 ünvanında yerləşən evdən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddianı müdafiə edib, tələbi onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci döngə, 14 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh oğu onun oğludur. Cavabdeh ona məxsus olan evdə yaşamır və həmin evdən istifadə etmir. Lakin onun evində pasport qeydiyyatındadır. Cavabdehin Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində özünə məxsus evi olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Cavabdehin formal olaraq iddiaçının evində qeydiyyatda qalması onun mülkiyyət üzərində hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun atasıdır. O, atasına məxsus olan ünvan 2 döngə, 14 ünvanında yerləşən evdə qeydiyyatda olsa da, orada yaşamır və həmin evdən istifadə etmir. Onun özünün Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində evi var və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Onun özünə məxsus olan evinin olmasına, özünə məxsus olan evdə yaşamasına, atasına məxsus olan evdən istifadə etməməsinə baxmayaraq, iddia tələbini qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Seriya RX, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci döngə, 14 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci döngə, 14 ünvanında qeydiyyatdadır. İş materialarında olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 2950 nömrəli arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci döngə, 14 ünvanında qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. İş materialarında olan 11155 nömrə ilə reyestr kitabında qeydə alınmış Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, mübahisəli yaşayış evinin iddiaçının mülkiyyətində olması, cavabdehin özünə məxsus evi olması və ailəsi ilə birlikdə öz evində yaşaması, mübahisəli evdə qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşamaması məhkəmə araşdırılması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan, cavabdehin uzun bir zaman ərzində mübahisəli evdən çıxıb daimi özünə məxsus evdə yaşamaq üçün getməsi həmin yaşayış sahəsinə olan ehtiyacın artıq aradan qaldırılması deməkdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus olan evdə qeydiyyatda olması formal xarakter daşıdığından iddia əsaslıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətindəki yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci döngə, 14 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət veriməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2480/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2480/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver