Məhkəmə qərarları › İş №2(044)-2493/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2493/2021

14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2493/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydinə düzəliş edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d im: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydinə düzəliş edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, ərizəçinin izahatını dinləyərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçi özünün və atası Tağı-zadə İsmayıl Tağı oğlunun adına tərtib olunmuş doğum akt qeydində düzəliş edilərək doğum akt qeydində soyadlarının “Tağı-zadə” kimi qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla bağlı ərizəçinin diqqətinə çatdırılır ki, ərizəçi o halda məhkəməyə müraciət edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ələddin İsmayıl oğlunun soyadı həmin şəhadətnamədə Tağızadə kimi göstərilmişdir. Buna baxmayaraq Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi inzibati orqan olaraq inzibati araşdırma aparmadan X1 filialının arayışını əsas götürərək ərizəçinin hüquqi marağının təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçi isə ərizəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlərin saxlanılmaması və s. əsasla vətəndaşlıq vəziyyəti aktları qeydinə düzəliş edilməsini əsaslandırmamışdır. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması dedikdə o nəzərdə tutulur ki, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydinə düzəliş edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçiyə “vətəndaşlıq vəziyyəti aktları qeydinə düzəliş edilməsi” barədə Maraqlı şəxs hərəkətlərindən İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ərizəçi tərəfindən bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar