Məhkəmə qərarları › İş №2(044)-2556/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2556/2020

26.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2556/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi, birdəfəlik ödənişin və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi, birdəfəlik ödənişin və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o, 2020 aprel ayının əvvəllərində işsizlər üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik ödəməni almaq üçün Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə müraciət etmişdir. 2020-ci ilin aprel ayı üçün 190 manat birdəfəlik ödəməni poçt vasitəsilə almışdır. 2020-ci ilin may ayı üçün nəzərdə tutlmuş 190 manat birdəfəlik ödəməni almaq üçün kart almışdır. Lakin karta pul oturmamışdır. Buna görə də o, 142 qaynar xəttinə zəng vurmuşdur. Ona bildirmişlər ki, onun adına əmək haqqı 250 manat təşkil edən əmək müqaviləsi bağlanılıb və ona may ayı üçün birdəfəlik ödəniş düşmür. O, Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə getmiş, nəyə görə xəbəri olmadan onun adından əmək müqaviləsi bağlanıldığını soruşmuşdur. Əgər müqavilə bağlanıbsa işləmək isdədiyini və əmək haqqı kartının verilməsini tələb etmişdir. Lakin Gəncə şəhəri Nizami rayon X1 Samir Akif oğlu adlı əməkdaşı ona heç bir kart verməmiş və bildirmişdir ki, yalnışlıq baş verib, pul köçürüləcək. İyun ayının 12-də o, may ayı üçün 190 manat birdəfəlik ödənişi almışdır. Pulun Nazirlik tərəfindən köçürülüb-köçürülmədiyi ilə bağlı maraqlandıqda ona məlum olmuşdur ki, pul Gəncə şəhərindən E-manat vasitəsilə köçürülüb. X2 işçiləri pulu öz ciblərindən ödəyiblər. Adına olan əmək müqaviləsi qüvvəsində qaldığı üçün o, 2020-ci ilin iyun ayında yenə də 190 manat birdəfəlik ödəməni ala bilməmişdir. O, Məşğulluq Mərkəzinə müraciət etdikdə bildirmişlər ki, pul köçürüləcək. Pul köçürülmədikdə o, yenidən 142 qaynar xəttinə zəng vurmuşdur. Ona bildirmişlər ki, əmək müqaviləsi olduğuna görə pul köçürülməyəcək. O, Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinin əməkdaşı Cavabdeh iradını bildirdikdə, o, pul məsələsinin ona aidiyyəti olmadığını bildirmişdir. 2020ci ilin iyun ayının 9-da Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzində ona ərizə yazdıraraq əmək müqaviləsinə xitam verilmişdir. Onun adına olan əmək müqaviləsi onun razılığı və xəbəri olmadan bağlanmışdır. Əmək müqaviləsi qüvvədə olduğu müddətdə o, işləməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq Dos-5 ünvanına süpürgəçi kimi işə təyin edilməsinə dair xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi, 2020-ci ilin iyun ayı üçün 190 manat birdəfəlik ödənişin və ona dəymiş ziyana görə 500 manat kompensasiyanın Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzində inzibatçı işləyir. İddiaçı iddia tələbi ilə bağlı bildirir ki, İddiaçı həqiqətən də Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə yazmaq istədiyini bildirmişdir. Məşğulluq Mərkəzinin rəhbərliyi tərəfindən vətəndaş İddiaçı müraciətinə baxılması ona həvalə edilmişdir. Həmin müraciətə baxarkən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə yazmasına və əmək müqaviləsinin ləğv edilməsi üçün ona köməklik edilməsini xahiş etmişdir. O da vətəndaş İddiaçı müraciətinin təmin edilməsi üçün ona ərizə yazmaqda köməklik etmiş, İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə dair ərizə yazmış və onun ərizəsi qeydiyyata alınaraq müvafiq orqana göndərilmişdir. İddiaçı 190 manat birdəfəlik ödənişin E-manat vasitəsilə köçürülməsinə dair, həmçinin Heyran Ağayevlə sonuncunun məlumatı olmadan əmək müqaviləsinin bağlanmasına dair göstərdikləri ilə bağlı onun hər hansı məlumatı yoxdur, o, Heyran Ağayevlə əmək müqaviləsi bağlanılmasında ümumiyyətlə iştirak etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən iddia ərizəsində təmin olunması xahiş olunan əmək müqaviləsinin etibarsız hesab edilməsinə, ona 190 manat birdəfəlik ödənişin ödənilməsinə və ona dəymiş ziyana görə 500 manat kompensasiyanın ödənilməsinə dair iddia tələbinin əsası kimi məhz Cavabdeh təqsirli hərəkətlərini göstərmişdir. Yəni, iddiaçıya Cavabdeh əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından maddi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə digər tərəfdən hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, məhz cavabdeh Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinin əməkdaşı Cavabdeh təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. X3 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X3 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, “əmək müqaviləsinin etibarsız hesab edilməsi, birdəfəlik ödənişin və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbi”nə dair İddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar