Məhkəmə qərarları › İş №2(044)-2557/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2557/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2557/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC hərrac vasitəsi ilə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən 21.07.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də ********** qeydiyyat nömrəli çıxarışla iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. 04.03.2021-ci il tarixdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 319 nömrəli arayışa (Forma №2) əsasən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən aslı edilməkdədir. Qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə keçmiş mülkiyyətçi və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. Nəzərə almaq lazımdır ki, hal-hazırda Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi-yaşayış evinin mülkiyyətçisi "xxxx" Kommersiya Bankı ASC-dir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC məhkəməyə “iddia tələbinin azaldılması”na dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin fikirlərini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin xüsusi mülkiyyətindədir. Kəlbəcər Rayon Məhkəməsinin 20.06.2017-ci il tarixli 2(040)-20/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və X5 birgə qaydada 06 avqust 2014-cü il tarixli 055m/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 07 avqust 2014-cü il tarixli 055m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə 28855.26 (iyirmi səkkiz min səkkiz yüz əlli beş ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları əsas, 3579.80 (üç min beş yüz yetmiş doqquz ABŞ dolları səksən sent) ABŞ dolları cərimə, cəmi 32520.25 (otuz iki min beş yüz iyirmi ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları borc ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun ödənilmək şərti ilə alınaraq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan X2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, X2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 07 avqust 2014-cü il tarixli 055m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə cəmi 32520.25 (otuz iki min beş yüz iyirmi ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları borcu, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, X2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evi satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və X2 çıxarılması qət edilmişdir. 12.04.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC -nə satılmışdır. 12.04.2019-cu il tarixli 29/06 saylı hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evini "xxxx" Kommersiya Bankı ASC əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllədinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla təsdiq olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evinin "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətində olmasına baxmayaraq cavabdehlər həmin ünvanda yaşayırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə edirlər. Cavabdehlərin mübahisəli mənzildə yaşamaları iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Avtozavod yolunun alt hissəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılsın. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar