Məhkəmə qərarları › İş №2(044)-2670/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2670/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2670/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Cavabdeh onun kürəkəni olmuşdur. O, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxmasını tələb etsə də, cavabdeh müəyyən bəhanələr gətirərək qeydiyyatdan çıxmamışdır. Cavabdeh onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını pozur. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, həqiqətən də İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. O, iddia tələbini qəbul etmir. Çünki, İddiaçı ona pul borcludur və hal-hazırki vaxta qədər onun borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı oğlunun adına mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Əhmədov X1 Asim Yusif oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. - Gəncə şəhər Baş Polis idarəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxması üçün “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Cavabdeh mübahisəli mənzilə olan yaşayış yeri üzrə qeydiyyatı mənzildən istifadə hüququ əldə etməyi kimi qəbul edilə bilməz. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: - ölkədə yaşayan şəxsləri qeydiyyata almaq, - onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq, - insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyində isə yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2009-cu il tarixli qərarında şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Şərh olunan hüquq normaları mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış notarial müqavilə ilə şərtləndirir. Tərəflər arasında fərdi yaşayış evindən istifadə ilə bağlı notarial müqavilə bağlanması və cavabdehin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iş materiallarında heç bir sübut olmadığından və məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdehin həmin evdə qeydiyyatda olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. Buna görə də məhkəmə hesab edir ki, mövcud olmayan hüquq məhkəmə qaydasında itirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat pul vəsaiti onun özünə aid edilməlidir. Məhkəmə baxışında iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməsini cavabdehin qeydiyyatdan çıxarılması ilə əsaslandırmışdır. Bununla bağlı iddiaçıya izah edilir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli, 244 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanlar sırasına aid edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar