Məhkəmə qərarları › İş №2(044)-2869/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2869/2020

11.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2869/2020 11.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, ərizəçi Quluyeva Aygün Məcid qızının iştirakı ilə, Ərizəçi Quluyeva Aygün Məcid qızının maraqlı şəxs Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Quluyeva Aygün Məcid qızı maraqlı şəxs Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək oğlu Quluyev Cavid Davud oğlunun xx xxxxxx 2003-cü ildə Goranboy rayonunun Qazanbulaq kəndində anadan olması barədə doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun xx xxxxxx 2003-cü ildə ev şəraitində Cavid adında oğlu anadan olmuşdur. Kasıbçılıqdan və avamlıqdan həkimə müraciət etməmiş və uşaq ev şəraitində mamaça tərəfindən doğulmuş, hazırda həmin mamaça vəfat etmişdir. O, Davud adlı kişi ilə faktiki qaydada yaşamış, ondan xx xxx 1995ci ildə Bayram adlı uşağı anadan olmuş və Davud zor-bəla ilə bir neçə ildən sonra oğluna atalıq müəyyən etdirmişdir. Sonra Davud onu oğlu Cavidə hamilə vəziyyətində qoyub çıxıb getmiş, o vaxtdan onu heç kim görməmişdir. Odur ki, onu ata kimi qəbul etmirlər. Oğlu Cavid ev şəraitində Məleykə adlı mamaçanın köməkliyi ilə anadan olmuşdur. Oğlu anadan olandan ona heç bir sənəd alınmamış, o, uşaqlıqdan Goranboy rayonu Qazanbulaq kəndində çobanlıqla məşğul olmuş və indi də dağda yaşayır və çobanlıqla məşğul olur. Oğlu orta məktəbə də getməmiş və ancaq çobanlıq edib ailələrini saxlamışdır. Hazırda oğlu yaşıdlarını görüb istəyir ki, onun da sənədi olsun, əsgər gedib vətəninə xidmət etsin. Odur ki, məhkəməyə müraciət edir. Doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat idarəsinə getmiş, lakin rədd cavabı almışdır. Oğluna doğum haqqında şəhadətnamə və onun əsasında şəxsiyyət vəsiqəsi ala bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi Quluyeva Aygün Məcid qızı ərizəsini müdafiə edərək bildirdi ki, hazırda oğlu Cavidə şəxsiyyət vəsiqəsi almaq istəyir və ondan doğum haqqında şəhadətnamə tələb edirlər. O, bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, sonda məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə mütraciət etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində tanınmış və anası Quluyeva Aygün Məcid qızının iştirakı ilə dindirilmiş Quluyev Cavid Davud oğlu məhkəmə iclasında anası Quluyeva Aygün Məcid qızının izahatına uyğun izahat verərək bildirmişdir ki, ona anadan olandan doğum haqqında şəhadətnamə alınmamışdır. O, nə məktəbə getməmiş, nə də oxumamışdır. Həmişə dağda yaşayaraq çobanlıq etmiş və hazırda da çobandır. İndi gənclərin cəbhəyə gedib vətənini müdafiə etməsini görüb, o da həvəslənmiş, vaxtı çatanda hərbi xidmətə getmək istəyir. Odur ki, doğum haqqında şəhadətnamə almaq istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədova Sevda Seyid qızı ifadəsində göstərmişdir ki, Aygün Quluyeva ilə qohumdurlar. Həqiqətən Aygün xx xxxxxx 2003-cü ildə Goranboy rayonunun Qazanbulaq kəndində onun yanında ev şəraitində mamaça Məleykə adlı qadının vasitəsilə Cavid adlı oğlunu doğmuşdur. Bundan əvvəl böyük oğlunu da Aygün ev şəraitində doğmuşdur. İmkansızlıqdan Aygün həkimə müraciət edə bilmədiyindən hər iki uşağını evdə Məleykə adlı mamaçanın köməyi ilə doğmuşdur. Hər iki oğlu oxumamış, çobanlıqla məşğul olurlar. O, dəfələrlə Aygünə Cavidə sənəd almasını tövsiyə etmişdir. Hazırda Cavidin əsgərlik vaxtıdır, hərbidən gəlib sənəd istəyirlər. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəfərova Seyidxanım Seyidağa qızı ifadəsində göstərmişdir ki, Aygün Quluyeva ilə qonşu olmaqla həqiqətən Aygün xx xxxxxx 2003-cü ildə Goranboy rayonunun Qazanbulaq kəndində ev şəraitində Cavid adlı oğlan uşağı doğmuşdur. Uşaq kiçik vaxtlarından dağda çobanlıqla məşğul olur. Hamı bilir ki, Cavidin sənədi yoxdur, o, heç məktəbə də getməmişdir. Dəfələrlə anasına bu barədə demişlər ki, oğluna sənəd alsın, lakin avamlıqdan indiyə kimi Aygün oğluna doğum haqqında şəhadətnamə almamışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/70-544 saylı arayışından görünür ki, Quluyeva Aygün Məcid qızının xx.xx.2003-cü il tarixdə doğulmuş oğlan övladının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və oğlan övladının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin Quluyeva Aygün Məcid qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quluyev Cavid Davud oğlunun doğumu haqqında akt qeydi aşkar edilməmiş və onun doğum qeydiyyatının aparılmasından imtina edilmişdir. İş materiallarında olan Gəncə “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Quluyev Cavid Davud oğlunun barəsində qeydiyyat şöbəsində hər hansı bir akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayonu Evlər üçlüyü tərəfindən verilmiş şəkilli arayışdan görünür ki, ərizəçinin oğlu Quluyev Cavid Davud oğlu hal-hazırda Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsi, bina 11, mənzil 55-də yaşayır və həqiqətən şəkildə olan şəxs özüdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsi, bina 11, mənzil 55-də yaşayan Quluyeva Aygün Məcid qızı həqiqətən xx.xx.2003-cü ildə Goranboy rayonunun Qazanbulaq kəndində ev şəraitində Quluyev Cavid Davud oğlunu doğmuş və bununla bağlı dəlillərini məhkəmə inandırıcı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sənədləri ətraflı, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyən etdi ki, ərizəçi Quluyeva Aygün Məcid qızı hal-hazırda Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsi, bina 11, mənzil 55-də yaşamaqla, xx.xx.2003cü ildə Goranboy rayonunun Qazanbulaq kəndində ev şəraitində Quluyev Cavid Davud oğlunu doğmuş, lakin indiyə kimi ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi qeyd olunan sənədi məhkəmədən kənar qaydada başqa cür əldə edə bilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla, şahid ifadələri ilə təsdiq olunur və bu səbəblərdən də məhkəmə Quluyev Cavid Davud oğlunun xx.xx.2003-cü ildə Goranboy rayonunun Qazanbulaq kəndində doğulması faktının müəyyən edilməsini, yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Quluyev Davud Bayramalı oğlunun, ana qrafasında Quluyeva Aygün Məcid qızının qeyd edilməsini məqsədə müvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Quluyev Cavid Davud oğlunun xx.xx.2003-cü ildə Goranboy rayonunun Qazanbulaq kəndində doğulması faktı müəyyən edilsin. Şəhadətnamə verilərkən adı “Quluyev Cavid Davud oğlu”, doğum tarixi “xx.xx.2003cü il”, doğum yeri “Goranboy rayonunun Qazanbulaq kəndi”, ata qrafasında “Quluyev Davud Bayramalı oğlu”, ana qrafasında “Quluyeva Aygün Məcid qızı” kimi qeyd edilsin. Qətnamənin icrası Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar